Natiq Cəfərli Əli Kərimlinin adını çəkməsə də, fəaliyyətini sərt şəkildə hədəfə aldı
Zaman-zaman AXCP sədri Əli Kərimlinin uğursuz fəaliyyəti düşərgənin müxtəlif cinahlarında yer alan digər müxalifət partiyaları və funksionerləri tərəfindən hədəfə alınır, cəbhəçi sədrin özündən başqa hər kəsi “satqın”, “xəyanətkar” adlandırmasına qarşı alternativ fikirlərini ortaya qoyurlar. Lakin etiraf edək ki, Əli Kərimli AXCP-nin sədarət kürsüsünü işğal etməsi faktından üzü bu yana onun tilovuna, tələsinə düşən bir çox insanlar sonradan nə qədər böyük səhvə yol verdiklərini anlayır, həyatlarının bir qisminin hədər getdiyini gec də olsa başa düşürlər. Ancaq maraqlıdır ki, uğursuz, ucuz və şou xarakterli fəaliyyətini bu gün də davam etdirən Əli Kərimli ikiəlli şəkildə partiyanın sədr kürsüsündən yapışıb və “demokratiya uğrunda mübarizə aparması” tipli süni görüntülərini sosial şəbəkələr vasitəsi ilə yaymaqdadır.
“Əks-arqument deyən kimi cırnayır, söyüşə, təhqirə keçir, anlamır ki, demokratiyanın qızıl qanunlarından biri fikir müxtəlifliyidir”
AXCP sədri bu dəfə REAL partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərlinin sərt hədəfinə tuş gəlib. Daha dəqiq desək, Natiq Cəfərli Əli Kərimlinin adını çəkməsə də, söhbətin ondan getdiyini anlamaq heç də çətinlik yaratmır. SİA xəbər verir ki, cəbhəçi sədrin “portreti” üzərində gediş edən REAL-çı funksioner bildirib ki, ölkədə demokratiya haqqında danışanların əksəriyyəti bu qavramı ya bilmir, ya anlamır, ya da savadları çatmır və insan özündən başqa hamının haqsız olduğunu düşünən andan demokrat ola bilməz, bu, mümkün deyil.
“Eyni şeyi hüququn üstünlüyü haqqında da demək olar-baxırsan ki, adam demokratiya, hüquq haqqında pafosla danışır, amma əks-arqument deyən kimi cırnayır, söyüşə, təhqirə keçir, anlamır ki, demokratiyanın qızıl qanunlarından biri fikir müxtəlifliyidir. Ya da, hüquqdan, ədalətdən danışır, amma həyasızcasına çıxıb ictimai şəkildə yazır ki, “flankəslər satqındı, flankəs satılıb” – hüququn üstünlüyünə inanan adam heç vaxt belə ittihamlarla çıxış etməz...”, deyə Cəfərli Kərimliyə eyham vurub.
“Bunlar psixoloji travmadan irəli gəlir, ona görə də belə bir axmaq komplekslə yaşamağa məhkumdular”
Onun sözlərinə görə, əgər kimlərsə digərlərini “satqın” adlandırırsa, həmin adamları məhkəməyə vermək olar və belələri psixoloji travmalarla həm də axmaq komplekslə yaşayırlar: “...Verərsən məhkəməyə, diz çökdürərsən, üzr istədib təzminat alarsan, o da qələt edər bir də kiməsə sənədsiz-sübutsuz “satqın” deyər. Mən anlayıram ki, “satqın” möhürü ilə gəzənlərin bir çoxunun əlində başqa heç nə yoxdur, başa düşürəm ki, bunlar psixoloji travmadan irəli gəlir, çünki bütün həyatları boyu yan-yörələri, ən inandığı adamlar, ən çox güvəndikləri “satqın” çıxıb, düşərgə dəyişdiriblər, ona görə də belə bir axmaq komplekslə yaşamağa məhkumdular”.
“İctimai-siyasi sektora çayxanalardan gələnlərin demokratiya, hüquq, ədalət, arqument kimi qavramlarla işləri yoxdur, pafos qusmaqla məşğuldular”
REAL partiyasının funksioneri çayxanalardan, küçələrdən gələrək müxalifətçilik edənlərin ölkənin siyasi gündəminə heç bir səmərələrinin olmadığını qeyd edib və bu kimilərinin indi “demokratiya”, “hüquq”, “ədalət” kimi fikirlər irəli sürmələri ciddi qəbul oluna bilməz, hətta onlar cəmiyyətə pafos qusurlar. “İctimai-siyasi sektora çayxanalardan gələnlərin demokratiya, hüquq, ədalət, arqument kimi qavramlarla işləri yoxdur, pafos qusmaqla məşğuldular”, deyən Natiq Cəfərli belələrinin ictimai-siyasi səhnədə karyeralarının məhv olacağını, gözdən-könüldən iraq düşərək tarixin arxivinə gömüləcəklərini bildirib.
“Hələ biri var, haqqında “mübariz insandır”, deyirlər, amma onu deyənlər belə qeyd edirlər ki, adamın siyasətin “S” hərfindən xəbəri yoxdur”
O, bir daha Əli Kərimlini nəzərində tutaraq necə deyərlər, AXCP sədrini “vəsf” edib: “Hələ biri var, haqqında, “mübariz insandır”, deyirlər, amma onu deyənlər belə qeyd edirlər ki, adamın siyasətin “S” hərfindən xəbəri yoxdur. Sadəcə, bunu üzünə demirlər, efirlər verirlər, o da elə bilir böyük adamdı, mütəfəkkirdir, fikir insanıdır, özündən bədgüman olur, özü haqqında səhv nəticələr çıxarır, sonra da demokratiya və hüquq anlayışından bixəbərcəsinə başqalarına çamur atır. Yaxşı, adamı niyə bədbəxt edirsiniz ki?! Görmürsünüz heç bir sənəti, təhsili, dünya görüşü yoxdur?!.. Niyə bədbəxt edirsiniz ki, insanı?! Bəlkə elə üzünə deyək ki, ay adam, siyasət elmdir, arqumentdir, sənlik deyil, bu işə qazanc mənbəyi kimi baxma, çünki demokratik ölkə quranda bu işdən sənə “çörək” çıxmayacaq?!”.REAL-çı funksionerin bi eyhamları hələ ki, cavabsız qalıb və çox yəqin ki, artıq AXCP sədri sosial şəbəkələrdəki bəlli trol qruplarını onun üzünə qısqırtmaq üçün hazırlıqlara başlayıb. Görünür, bu həftə müxalifət düşərgəsi üçün çox qaynar keçəcək...
Rövşən RƏSULOV