“”Şərq tərəfdaşlığı” sammiti çərçivəsində dekabr ayının 15-də Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü planlaşdırılır. Əlbəttə ki, birinci onu qeyd etmək lazımdır ki, Avropa İttifaqının prezidenti tərəfindən bu təşəbbüs irəli sürülüb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.Onun sözlərinə görə, Azərbaycan həm güclü və qalib tərəf kimi, eyni zamanda haqqın və ədalətin tərəfdarı kimi bütövlükdə siyasi dialoqa hazır olduğunu nümayiş etdirdi: “Bu da Azərbaycanın bir daha bölgədə sülhün və əmin-amanlığın bərqərar olması üçün bu cür təşəbbüslərə hər zaman müsbət cavab verdiyini göstərmiş oldu. Ermənistanın isə 16 noyabr 2021-ci il tarixli növbəti genişmiqyaslı təxribatları fiyaskoya uğradı. Bu təxribatların nəticəsi olaraq Ermənistan tərəfinin 20-dən çox ölü, 100-ə yaxın yaralı və bir sıra hərbi texnika məhv olundu. Bu baxımdan da Ermənistan həmin görüşə panika içərisində razılıq vermiş oldu. Əlbəttə bu görüş əslində bölgəyə sülhün və əmin amanlığın gəlməsi istiqamətində mühüm addım ola bilər. Bu görüş ilk növbədə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya işləri, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması və eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində növbəti bir addım ola bilər”.
Arzu Qurbanzadə