“Dekabr ayının 15-də Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçılarının müharibədən sonrakı bir il ərzində ilk dəfə görüşü Azərbaycan və Ermənistan cəmiyyətində nələrinsə dəyişib-dəyişməyəcəyi ilə bağlı müzakirələr doğurur. Birmənalı şəkildə bəllidir ki, Qarabağ münaqişəsi həll olunduğuna və Ermənistan münaqişənin həlli nəticəsində bölgədə yaranmış yeni reallıqları qəbul etmədiyinə görə, belə müzakirələrin nəyisə dəyişicəyi ehtimalı o qədər də böyük deyil. Yəni Ermənistan faktiki olaraq Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımıyıb”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, indiki şəraitdə bu cür görüşlərin nəyisə dəyişəcəyini ümid etmək çətindir: “Bu görüş ən azından müharibədən sonrakı bir il ərzində Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin ilk görüşü kimi diqqətəlayiqdir. Çünki bu görüş özlüyündə bizim çox prinsipial yanaşdığımız məsələlərin həllində bir mərhələ açmasa da, növbəti müzakirələr üçün müəyyən başlanğıc rolu oynaya bilər. Ən azı bu cür təmasların intensivləşdirilməsi Brüsseldəki görüş baza rolunu oynaya bilər. Ancaq baş verən hadisələr göstərir ki, nə Avropa Birliyi, nə Avropa Komissiyası ümumiyyətlə Avropa strukturları Qarabağ münaqişəsinin həllindən sonra hələ də mövcud olan problemlərin aradan qaldırılmasında o qədər də önəmli rol oynamır. Belə bir şəraitdə onların Ermənistana lazımi təzyiqi göstərəcəkləri də inandırıcı deyil”.
Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, baş verən hadisələr ən çox onu deməyə imkan verir ki, Ermənistan və onun baş naziri bölgədə yaranmış vəziyyətə görə, Rusiyanın təzyiqlərindən yaxa qutarmaq üçün Avropada yeni himayə axtarışına başlayıb: “Bir sözlə Brüsseldəki görüşə Ermənistan bir oyun səhnəsi kimi baxır. Hazırki görüşdə Azərbaycan və Ermənistan dövlət başçılarının müzakirə edə biləcək konkret və fundamental mövzu yoxdur. Ortada olan mövzular və problemlərlə bağlı isə tərəflərin mövqeləri ziddir. Sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılması, Qarabağ ərazisindəki silahlı dəstələrin silahsızlaşdırılması, minalanmış ərazilərin minalardan təmizlənməsi, 10 noyabr bəyanatının büsbütün icrası ilə bağlı məsələlərdə Ermənistan Azərbaycana qarşı əks mövqe tutduğuna görə ikitərəfli görüşdə əhəmiyyətli bir nəticə gözlənilməz”.
Arzu Qurbanzadə