Yaxud, erməni baş naziri yenə yuxular görməyə başlayıb
Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də onlayn mətbuat-konfransında irəli sürdüyü fikirləri və demək olar ki, hər fikrində Azərbaycana qarşı növbəti sərsəm ittihamlarını səsləndirməsi bir sıra nəticələrə gəlməyə kifayət qədər zəmin yaradır. Hətta belə desək, onun hər bir səsrəm fikrinə birbaşa və arqumentli cavablar mövcuddur. Elə isə gəlin Nikolun fikirlərinə diqqət yetirək və onlara cavabları verək.
İrəvan Azərbaycanın ayrılmaz, suveren tərkib hissəsi olan Qarabağla bağlı absurd, sərsəm iddialar irəli sürəcəksə, yalnız özünə siyasi məzar qazmalı olacaq
Beləliklə, ermənilərin “varçapeti” iddia edib ki, Azərbaycanın Ermənistana qarşı davranışları davamlı aqressiya üzərində qurulub və Bakının özünü belə aparması İrəvanın diplomatik araşdırmalarının əsas predmetlərindən biri olmalıdır. Lakin (!)Lakin Azərbaycanı aqressiyada və dövlət sərhədlərini pozmaqda ittiham etmək üçün ilk növbədə bilmək və sual etmək lazımdır ki, axı bu sərhədlər haradan başlayır? Yəni sərhədlərdə delimitasiya işləri aparılmayıbsa, demək, burada “sizin əraziniz, bizim ərazimiz” məsələsindən danışmağa dəyməz. Və yalnız sərhədlərin delimitasiyası və demarkasiyasından sonra aşkar etmək olar ki, kim-kimin torpaqlarını işğala məruz qoyur!Rəsmi Bakıya gələndə isə, Azərbaycan hər kəsdən əvvəl sərhədlərin delimitasiya olunmasını istəyir və nə qədər ki, İrəvan Azərbaycanın ayrılmaz, suveren tərkib hissəsi olan Qarabağla bağlı absurd, sərsəm iddialar irəli sürəcəksə, yalnız özünə siyasi məzar qazmalı olacaq. Çünki Ermənistanın hələ də “status” məsələsində iki ayağını bir başmağa dirəməsi, ərazi iddiaları ilə çıxış etməsi istənilən delimitasiyanı mənasız edir.Keçək digər iddiaya. Nikol Paşinyan deyir: “İndi soruşurlar ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya sənədi nədən bəhs edir? Sənəd ondan bəhs edir ki, biz bu prosesi başlamışıq. Bu məsələlər müzakirə olunur”.Nikolun sözlərindən belə çıxış ki, “prosesin başlanması” o deməkdir ki, həmin “proses” daha 30 il davam edəcək? Bu baxımdan, özünün “ağıllı” sərsəmləmələrini ortaya atıb baş qarışdırmağa cəhd edən erməni baş naziri bilməlidir ki, “prosesin başlanılmaması” ilə bağlı deyil, delimitasiyanın çərçivə prinsiplərini həyata keçirmək, bu prosesin özünü sürətləndirmək lazımdır. Əks halda, Bakının bundan sonraya heç bir səbri qalmayıb və qala da bilməz!
İrəvan başa düşməlidir ki, Ermənistan SSR-nin şərqdəki “millimetrinə qədər dəqiq” sərhədi Azərbaycan SSR-nin qərbindəki millimetrinə qədər dəqiq olan sərhədidir
Nikol Paşinyan deyir ki, çoxsaylı xəritələri var. Ancaq anlamaq lazımdır ki, xəritələr sadəcə şəkillərdir, bunun üçün isə hüquqi əsaslar lazımdır. Onun sözlərinə görə, kimsə hər dəfə deyəndə ki, xəritə əsasında göstərilən mövcud ərazi Ermənistanın hüdudlarında yerləşir, onu hörmətlə görüşə dəvət edir, əgər varsa, hüquqi əsasların təqdim olunması istənilir. “Bugünkü gündə biz Ermənistan SSR-nin sərhədlərinin haradan keçdiyini millimetrinə qədər bilirik. Eləcə də bu əsaslarla biz bəyan edirik ki, Azərbaycan təcavüzkardır və Ermənistanın suveren ərazisində yerləşib. Ermənistandan danışarkən biz hər hansı amorf düşüncələrə son qoymalıyıq. Biz anlamalıyıq ki, Ermənistan millimetrlərinə qədər dəqiq sərhədləri olan ölkədir”, ermənilərin baş naziri deyib.Yaxşı, əgər belədirsə, bu halda İrəvan başa düşməlidir ki, Ermənistan SSR-nin şərqdəki “millimetrinə qədər dəqiq” sərhədi Azərbaycan SSR-nin qərbindəki millimetrinə qədər dəqiq olan sərhədidir və o cümlədən, sərhədin Laçının girişindəki 5 kilometrlik Azərbaycan hissəsidir. İrəvan isə bu hissəni “erməni dəhlizi”, ya da “erməni-artsax” keçidi kimi deyil, Ermənistan-Azərbaycan sərhədləri kimi tanımalıdır.Eyni zamanda, Azərbaycanı publik şəkildə “Ermənistanın suveren ərazilərinə daxil olmuş aqressor” adlandıran siyasətçi, məhz publik şəkildə də izah etməlidir ki, Ermənistan Azərbaycanın suveren ərazisi hesab edilən anklavlarda nə gəzir? Axı bu ərazilərin millimetrlərinə qədər Azərbaycana məxsusluğu gün kimi hər kəsə aydındır!
Bakının Qərbi Zəngəzurun, Dərələyəzin və Şərqi Göyçənin Azərbaycandan qopardılaraq Ermənistan SSR-yə birləşdirilməsi ilə bağlı iddia edilən “hüquqi əsaslara” nəhəng şübhələri var!
Özünü “ağıllı diplomat” hesab edən Paşinyan anklavlar məsələsində deyir: “Beləliklə, Azərbaycan danışıqlara anklavlar məsələsini daşımaq istəyir, mən bu barədə demişəm. Ancaq bizim özümüz anlamalıyıq ki, xəritədə göstərilən bu anklavlar hüquqi əsaslara söykənir, yoxsa hansısa kolxozun sədri hər hansı bayram şərəfinə ərazini Azərbaycandakı qardaş kolxoza hədiyyə edib? Xəritələri açmaqla qabağa qaçaraq bu barədə danışmaq istəmirəm, amma xəritələrdə göstərilən bu anklavların hüquqi əsaslarının olmasına çox böyük şübhələrə malikik”.
Yenə də ermənilərin “ağıllı varçapetinə” veriləcək suallar yaranır: Yaxşı, bəs onda Ermənistan SSR-nin “millimetrlərinə” qədər dəqiq olan sərhədləri haradadır? Niyə söhbət anklav məsələsinə gələndə birdən-birə hüquqi əsaslara “böyük şübhələr” yaranmağa başlandı?Və belə yerdə Bakının Qərbi Zəngəzurun, Dərələyəzin və Şərqi Göyçənin Azərbaycandan qopardılaraq sovetləşdirilməyə yenicə başlayan Ermənistan SSR-yə birləşdirilməsi ilə bağlı iddia edilən “hüquqi əsaslara” nəhəng şübhələri var! Torpaqların verilməsində hansı “hüquqi baza” mövcuddur? Misal üçün, bizə məlumdur ki, 1929-cu ildə Azərbaycan KP (b) MK-nın rəhbəri Levon Mirzoyan olarkən, yəni bir erməni (!!!) Azərbaycan torpaqlarını Ermənistan SSR-yə peş-kəş edib. Hanı buradakı “hüquqi əsaslar”? Yoxdur əlbəttə ki!
Azərbaycan 30 il süni şəkildə uzadılan danışıqlar prosesini yaxşı xatırlayır və 44 günlük müharibə prosesin ölü nöqtədən tərpənməsinə şərait yaratmış oldu
Nikol Paşinyan deyir ki, qlobal mənada yollarla bağlı həll oluna bilinməyən probemlərlə qarşılaşmırlar. Lakin onun “Biz özümüz həll edəcəyimiz yol problemlərinə malikik. Biz sadəcə istəyirik ki, bizi beynəlxalq ictimaiyyət, həm də azərbaycanlı ictimaiyyəti eşitsin: biz həll yollarını tapmaq istəyirik, biz bunlara getməyə hazırıq, amma kimsə məcbur etmək cəhdləri göstərərsə, heç bir həll yolu qəbul edilməyəcək. Biz qarşılıqlı hörmət əsasında həll yollarına hazırıq” deməsi, bir daha növbəti əsaslı cavabları ortaya çıxarmış olur.Məsələ ondadır ki, İrəvanın hansısa “məcburiyyətə” uğramaması üçün sözügedən prosesdə irəliləyişlər, tərəqqilər olmalıdır və əgər İrəvan sadəcə boşboğazlıqları ilə və mənasızlıqla həmin prosesin dondurulmasına çalışacaqsa – Azərbaycan 30 il süni şəkildə uzadılan danışıqlar prosesini yaxşı xatırlayır və 44 günlük müharibə prosesin ölü nöqtədən tərpənməsinə şərait yaratmış oldu. O cümlədən, Bakının kimləri isə nəyəsə məcbur etməyə marağı da yoxdur, amma bu, o demək deyil ki, İrəvan yenidən istədiyi kimi prosesi uzadacaq, əsla belə olmayacaq! İrəvan çox qısa müddətdə Bakının, eləcə də üçtərəfli bəyanatdakı şərtlərin icra olunmasına başlayacaq və buna da məcburdur!
Xuliqanlıq edən Nikol Paşinyanın özüdür və belə davranışlarına görə cəzasını alıb, davam edərsə, yenə də alacaq
Ermənistanın baş naziri onu da iddia edir ki, irimiqyaslı toqquşmaların səbəbi Azərbaycan SQ-nin lokal şəkildə toplaşması ilə bağlı deyil, sən demə, Azərbaycanın “aqressiv siyasəti” ilə əlaqəliymiş (?!) Və sən demə İrəvanın siyasəti ondan ibarətimiş ki, beynəlxalq ictimaiyyət Azərbaycanın sözügedən siyasətini dayandırsın. Yəni Paşinyan iddia edir ki, 44 günlük müharibədən sonra Azərbaycan daha sərt siyasət aparır və İrəvan bu siyasəti Bakıya qarşı istifadə etməliymiş. “Hər gün dəhliz barədə bəyanatların verilməsi, Ermənistanın ərazilərinə olan iddiaları beynəlxalq xuliqanlığa bənzəməyə başlayır. Və biz bu xuliqanlığı beynəlxalq ictimaiyyətə göstərməliyik və bu barədə iştirak edəcəyim Demokratiya sammitində danışacağam”, deyə ermənilərin sərsəm “varçapeti”, sözün əsl mənasında, axmaqlayıb.Əslinə qalanda isə, beynəlxalq ictimaiyyətin proseslərə cəlb edillməsinə ehtiyac olmayacaq əgər: İrəvan xoşməramlı qaydada üçtərəfli bəyanatda əks olunan bəndlərə riayət edərsə. Çünki sülh sazişindən və mehriban qonşuluq münasibətlərindən yaxşı təhlükəsizlik zəmanəti yoxdur.Fəqət, Nikolun “xuliqan-işğalçı” iddialarını irəli sürməsi isə məhz beynəlxalq ictimaiyyət tərəfindən gülüş, istehza hədəfinə çevrilə bilər. 44 günlük müharibədə kimin xuliqan, kiminsə haqq mübarizə aparmasını beynəlxalq ictimaiyyət yaxşı bildi və dərk etdi. Bu baxımdan, xuliqanlıq edən Nikol Paşinyanın özüdür və belə davranışlarına görə cəzasını alıb, davam edərsə yenə də alacaq. Bax, buna şübhə etməsin –nə özü, nə də beynəlxalq ictimaiyyət.
Öz ölkəsində bir dənə də olsun azərbaycanlı, türk olmayan bir dövlətin başçısı başqa ölkələrin onun ölkəsinə qarşı “soyqırımı törətmək planlarının” olması iddiasını hansı üzlə, hansı mənəviyyatla iddia edə bilər?
Nikol Paşinyan mətbuat-konfransı zamanı Azərbaycan və Türkiyə ilə bağlı da sərsəmləməyi unutmayıb. O deyib ki, Ermənistan Türkiyə ilə münasibətləri yoluna qoymaq istəyindədir. Ancaq sonradan sual edib ki, hər iki dövlət Ermənistanı məhv etmək istəyirmi? Bu kimi gülünc, erməni şakərinə uyğun “məzlumluğuna” isə əlbəttə ki, gülmək qalır. Çünki o, “genosiddən” danışa-danışa, həm də öz təbirincə “barmaq silkələyir” və deyir ki, əgər Azərbaycanla Türkiyə Ermənistanı məhv etmək istəyirlərsə, Ermənistanın buna qarşılıq verməkdən başqa çarəsi qalmır (?!).Ancaq bu sərsəm “varçapet” bilməlidir ki, həm Azərbaycan, həm də Türkiyə Ermənistana yalnız sülh təklif edə bilər və bunu edirlər də. Bunun üçün isə sülh sazişini imzalamaq, sərhədlərin delimitasiyasını aparmaq, kommunikasiyaları gərəkdir! Və Paşinyan bu yandan “genosid” iddiasını irəli sürürsə, burada kimin sülh, kimin isə qeyri-sülh tərəfdarı olduğu açıq-aydın görünür. Bu adamın ölkələrimizə qarşı belə bir ittihamlar irəli sürməsi, guya Ermənistana “yeni soyqırımı yaşatmaq planlarının” olmasını iddia etməsi axmaqlıq və absurdluqdur! Sual olunur: “baron” Paşinyan, Ermənistanda neçə azərbaycanlı və türk davamlı olaraq yaşayır və bu ölkənin vətəndaşlıq pasportuna malikdir? Halbuki, Türkiyədə bir milyona yaxın erməni yaşayır, təhsil alır, işləyir, hətta ən yüksək vəzifələrdə təmsil olunurlar. Azərbaycanda da nə qədər erməninin yaşaması barədə danılmaz statistik məlumatlar mövcuddur. Eləcə də Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşları hesab edir və yalnız bir şərtlə çıxş edir ki, onlar Azərbaycan Respublikasının Konstitusiyasını tanımalı, buna sədaqət andı içməlidirlər. Yəni öz ölkəsində bir dənə də olsun azərbaycanlı, türk olmayan bir dövlətin başçısı başqa ölkələrin onun ölkəsinə qarşı “soyqırımı törətmək planlarının” olması iddiasını hansı üzlə, hansı mənəviyyatla iddia edə bilər?Yaxşı olardı ki, özünü “ağıllı” göstərməyə cəhd edən, yuxular görən Nikol Paşinyan bu suallara cavablar axtarsın və prosesi uzatmasın. Çünki Bakının səbri, həqiqətən də, tükənib!
Rövşən RƏSULOV