PDF Oxu

Siyasət

  • 3 587

Yeni türk dünyası: Azərbaycanın uğurlu platforması ANALİTİKA+AKTUAL

Yeni türk dünyası: Azərbaycanın uğurlu platforması ANALİTİKA+AKTUAL

Ümumtürk platformasının yaradılması Mərkəzi Asiya Respublikaları ilə iqtisadi əlaqələrin gücləndirilməsi bu layihələrdən gələcək regional əhəmiyyət, dividend baxımından böyük perspektivlərə imza ata bilər

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfəri ölkəmizin iqtisadi imkanlarını da sürətlə artırmaqdadır. Bir sıra perspektivli layihələrin nəzərdə tutulması isə çoxsaylı planların qısa zamanda həyata keçirilməsinə zəmin yaradır. Xüsusilə, türkdilli ölkələrlə əməkdaşlıq platformaları sözügedən mənada özünü daha çox nümayiş etdirir. Bir müddət əvvəl İstanbulda Türk Dövlətləri Təşkilatının toplantısı, ardınca isə Türkmənistanda İƏT-in XV Zirvə Toplantısında Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla həmrəylik nümayiş etdirmələri də deyilənləri kifayət qədər təsdiq edir. O da əbəs deyil ki, Azərbaycan bu uğurlara asan yolla gəlməyib və hazırda əldə edilən uğurlar uzun illərin zəhmətinin bəhrəsidir. Bu baxımdan, regionda siyasi-iqtisadi yeniliklərin baş verməsi prosesində burada yer alan türkdilli ölkələrin Azərbaycana, eləcə də Azərbaycanın da onlar tərəfə inteqrasiyası, necə deyərlər, şərtə çevrilməkdədir.
Türk təşkilatlarında təmsil olunmaq Azərbaycan üçün hər zaman əhəmiyyət kəsb edib
Əslində, Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı maraqlarına üç aspektdən baxmaq olar. Birincisi, simvolik və ideoloji. Azərbaycan öz müstəqilliyini özünün türk kökləri və digər türkdilli ölkələrlə birləşmək, bir araya gəlmək, eyni amalları bölüşmək, milli özünüdərk dalğasında əldə edib. Ona görə də Bakı üçün TÜRKSOY təşkilatında olmaq, daha sonra isə Türk Şurasında təmsil edilmək hər zaman əhəmiyyət kəsb edib - özünə məxsus olan dövlətçlik ideologiyasını və legitimliyini, xarici dünyaya çıxış əldə etməsini və özünü təsdiq etməsi üçün.İkinci aspekt isə siyasi-stratejidir. Azərbaycan həm coğrafi, həm də tarixi-mədəni planda Türkiyə və Mərkəzi Asiya ölkələrinin ortasında yerləşən məkandır və bu baxımdan, onun Türk dünyasında özünəməxsus yeri və rolu mövcuddur. Bu mövqe həm də onu göstərir ki, Azərbaycan müxtəlif nəqliyyat yolları vasitəsi ilə Avropa və Asiyanın kəsişmə nöqtəsindədir.
Azərbaycanın Ermənistanın da üzv olduğu KTMT alyansında təmsil edilən türkdilli ölkələr tərəfindən birmənalı dəstək görməsi isə ayrıca məqamdır
Bu kimi məsələlərdə həm də daha bir məqam əhəmiyyət kəsb edir ki, son dövrlərə qədər Bakının qarşısında dayanan bir nömrəli məsələ Ermənistanla münaqişə vəziyyəti, həmçinin Qarabağ problemi idi. Azərbaycanın xarici siyasətinin tərkib hissələrindən biri də, məhz bu faktorlar olub. 1994-cü ildə əldə olunmuş atəşkəsdən sonra Bakı addım-addım öz statusunu və rolunu istifadə edərək müxtəlif konfiqurasiyalarda və ölkələrin birləşdikləri təşkilatlarda yer almağa başladı. O cümlədən, Bakı hazırda özünü həm müsəlman, həm də çağdaş, avropalı və türk, eyni zamanda, şərq və postsovet ölkəsi kimi təqdim edir. Bu kimi mühüm xüsusiyyətlər Azərbaycanı müxtəlif inteqrasiyalı birliklərdə özünü rahat siyasət aparmasına şərait yaradır. Azərbaycanın Ermənistanın da üzv olduğu KTMT alyansında təmsil edilən türkdilli ölkələr tərəfindən birmənalı dəstək görməsi isə ayrıca məqamdır. Bu məqam Bakı üçün çox əhəmiyyətlidir.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan və artıq Türkmənistan potensial iqtisadi sinregiya yaratmaq gücündədirlər
Üçuncüsü isə türk ölkələri Azərbaycan üçün iqtisadi baxımdan vacib və əhəmiyyətlidirlər. Bir tərəfdən Türkiyə söz yox ki, Azərbaycanın dəyişilməz və əbədi ticari, sərmayəçi partnyorlarındandır. Digər tərəfdən, məhz Mərkəzi Asiyanın türk dövlətləri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və artıq Türkmənistan potensial iqtisadi sinregiya yaratmaq gücündədirlər ki, onlar öz potensialları ilə TRASEKA (TRACECA) və Çinin “Bir kəmər, bir yol” layihələrinin inkişafına, o cümlədən, Bakının milyardlarla dollarlar yatırdığı infrastruktur obyektlərinə - Ələt azad iqtisadi zonası və limanına, Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilərlər.Beləliklə, ümumtürk platformasının, yaxud yeni türk dünyasının yaradılması Mərkəzi Asiya Respublikaları ilə iqtisadi əlaqələrin gücləndirilməsi bu layihələrdən gələcək regional əhəmiyyət, dividend baxımından böyük perspektivlərə imza ata bilər.

Rövşən RƏSULOV

Digər xəbərlər