YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Quba rayonunun Alpan kəndindən olan qəhrəman vətən oğlu Balayev Orxan Vidadi oğlunun ildönümü ilə əlaqədar Alpan kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.Xatırladaq ki, şəhidimiz cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə tank komandiri kimi iştirak edib, xüsusi qəhrəmanlıq göstərib. 8 oktyabrda Ağdərə istiqamətində gedən ağır, qeyri-bərabər döyüşlər zamanı tank komandiri kimi heyət üzvləri ilə birlikdə düşmənin 3 döyüş maşınını və 2 tankını sıradan çıxardıb. Həmin döyüşdə düşmən tərəfindən Orxanın idarə etdiyi tank vurulur. Bir müddət ondan heç bir xəbər çıxmır və düz 55 gün itkin düşmüş hesab olunur. 30 noyabr 2020-ci il tarixində "Xırman" məhəllə qəbiristanlığında dəfn olunur.Şəhid Orxan Balayev Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və Qafqaz Media İctimai Birliyinin təsis etdiyi "Nur Üzlü Şəhidim" medalları ilə təltif olunub.YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimiz kimi, onların ailələrinin də, bizim üçün qiymətli və dəyərli olduğunu vurğulayıb. Sonra Y. Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və ailəsinə səbr diləyib.Allah bütün şəhidlərimizə rəhmət eləsin.
NƏZAKƏT ƏLƏDDİNQIZI