"ABŞ Türkiyə və Azərbaycana həmişə ikili standartdan yanaşıb. Xüsusilə, hegemon olan dövlətlərin inkişafda olan dövlətlər qarşı qısqanc münasibəti dünya siyasətində adi hal alıb. Bu da yürüdülən siyasətin qeyri-səmimiliyindən xəbər verir". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM)-in sədri Ceyhun Musaoğlu deyib.
O, qeyd edib ki, Azərbaycan və Türkiyə isə həmişə səmimi siyasət yürüdüblər. Bu siyasətin nəticəsi olaraq, iqtisadi, mədəni sahədə ciddi inkişafa nail olublar. Təbii ki, dünyada özünü söz sahibi kimi göstərən dövlətlər bu inkişafı qəbul edə bilmirlər. Artıq Türkiyə də, Azərbyacan da dünyada nüfuz sahibidir. Əsas regional, o cümlədən dünyəvi layihələr Azərbaycanın və Türkiyənin iştirakı olmadan gerçəkləşə bilmir. Biz Qarabağ məsələsinə münasibətdə də həmin dövlətlərin necə qeyri-səmimi olduğunu gördük. Torpaqlarımızın 28 il işğalı dövründə, dəfələrlə, müxtəlif səpkidə, müxtəlif prosedurlarda onların diqqətinə çatdırsaqdakı torpaqlar bizimdir və bunu beynəlxalq hüquq sübut edir, Onlar bununla bağlı heç bir addım atmadılar.
Ceyhun Musaoğlu bu barədə fikirlərini belə izah edib: "Nəhayət, ermənilərin təxribatlarının qarşısını almaq məqsədilə əks hücuma başlayaraq Vətən müharibəsinə girişdik və torpaqlarımızı işğaldan azad etdik. Bir daha gücümüzü və regionda lider dövlət olduğumuzu göstərdik. Türkiyə-Azərbaycan birliyinin nəinki regionun, eyni zamanda dünyanın rifahına xidmət edəcəyini sübut etdik. Təbii ki, onlar buna qısqanclıqla yanaşacaqlar. Keçiriləcək demokratiya sammitinə Türkiyə və Azərbaycanın dəvət edilməməsinin səbəbləri bundan ibarətdir. Həmin dövlətlər həmişə birmənalı güc sahibi olmaq istəyir. Amma onlar anlamalıdır ki, artıq dünyada siyasət dəyişir, regional dəyişikliklər baş verir. Bir vaxtlar Ermənistan regionda iri layihələrin həyata keçirilməsinə maneə olurdusa, indi həmi situasiya geridə qalıb. Bunu əslində onlar anlayırlar. Sadəcə, bacardıqları qədər Azərbaycanın inkişafına maneəçilik törətməyə çalışırlar. Amma göründüyü kimi buna gücləri çatmır. Çünki Qafqazda Azərbaycan nə qədər səmimi, nə qədər dürüst, nə qədər haqlı siyasət yürütdüyünü,dəfələrlə, göstərib. Azərbaycanda keçirilən beynəlxalq forumlar, ölkəmizə gələn tanınmış şəxslər, siyasətçilər, ədəbiyyat xadimləri də, dəfələrlə, Azərbaycanın necə sürətlə inkişaf etdiyini, qonaqpərvər olduğunu, heç bir gizli siyasət həyata keçirmədiyini, sülhə, əmin-amanlığa xidmət olunduğunu bəyan ediblər. Azərbaycana dost-qardaş gözü ilə baxıblar. Ancaq hegemon dövlətlər, xüsusilə Amerika bizim inkişafımıza maneəçilik yaratmaq istəyir. Amma, təbii ki, bunu bacara bilmir".