PDF Oxu

Siyasət

  • 4 278

Azərbaycanın hüquqi müstəvidə qələbəsi - TƏHLİL

Azərbaycanın hüquqi müstəvidə qələbəsi - TƏHLİL

Azərbaycanın iddiası əsasında BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinin çıxardığı qərarda haqlı olaraq, Ermənistan azərbaycanlılara qarşı milli və etnik mənşəyinə görə ayrı-seçkilik törətməkdə ittiham olunur. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulması ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı iddiası üzrə sözügedən beynəlxalq məhkəmənin qərarını açıqlanması, Ermənistandan azərbaycanlılara qarşı irqi ədavətin qızışdırılmasının qarşısını almaq üçün tədbirlər görməyi tələb etməsi ölkəmizin növbəti uğuru, qələbəsi olaraq xarakterizə edilir.

Təbii ki, BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinin Ermənistan barədə məlum qərarı sıradan bir qərar deyil və xüsusi əhəmiyyət kəsb edir. Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiyanı pozması ittihamı ilə rəsmi Bakının İrəvana qarşı iddiası üzrə qərarı elan edən hakimin, “Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, öz ərazisindəki təşkilatlar və şəxslər də daxil olmaqla, azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təhrikinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir”, ifadəsi sözün əsl mənasında haqqın, ədalətin bərpası, bizim haqlı olduğumizin etirafıdır.

Ermənistanın Azərbaycana qarşı “hərbi əsirlərin dərhal qaytarılması ilə bağlı” əsas iddiasını BMT-nin Beynəlxalq Məhkəməsinin təmin etməməsi də öz növbəsində diqqət çəkən məqamdır. Ələlxüsus, Ermənistan tərəfinin “Hərbi Qənimətlər Parkının bağlanması” və “Azərbaycan tərəfindən hərbi cinayətlərin araşdırılması” tələbinin də təmin edilməməsi ədalətin təntənəsidir. Bəli, sözügedən məhkəmənin, “Ermənistan bu məsələlərlə bağlı əsaslandırılmış sübutlar təqdim edə bilməyib” fikirləri tam yerinə düşür, çünki həqiqətən də ermənilərdə bununla bağlı arqumentlər yoxdur və ola da bilməz. Əksinə, bizim əlimizdə yetərincə arqumentlər, faktlar var ki, bunu artıq bütün dünya çox yaxşı bilir. Yaxşı bilir ki, Xocalı faciəsi də, işğal zamanı törətdikləri digər qırğınlar da, azərbaycanlıları öz ata-baba yurdlarından qovmaları da məhz Ermənistanın azərbaycanlılara qarşı milli və etnik mənşəyinə görə ayrı-seçkilik törətməsi faktlarıdır, hansıki bunu təkzib etmək mümkünsüzdür.

Qeyd edək ki, 1945-ci ildə yaradılan, 9 il müddətinə seçilən 15 hakimdən ibarət Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin məhkəmə qərarları məcburidir və bu barədə şikayət verilmir. Bu isə ondan xəbər verir ki, Ermənistan tərəfi bu qərarların icrasını yerinə yetirmək məcburiyyətindədir və heç bir başqa çıxış yolu yoxdur. Nə şikayət edə bilər, nə də ki, hətta narazılığının belə artıq faydası yoxdur. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, BMT Beynəlxalq Məhkəməsi bu qərarları Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiası üzrə oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verib və bu qərarlar həm siyasi, həm də hüquqi baxımdan bizim üçün olduqca faydalıdır.

Birinci növbədə onu bilmək və yadda saxlamaq lazımdır ki, məhz ermənilər tərəfindən irəli sürülən ittihamların uyğunsuzluğunun BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi tərəfindən faktiki və hüquqi şəkildə sübuta yetirilməsi hesabına Ermənitsanın Azərbaycana qarşı vəsatətləri rədd edildi. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın artıq bundan sonra milli və etnik mənşəyinə görə ayrı-seçkilik törətməsi ittihamı ilə Azərbaycan əleyhinə səsləndirə biləcəkləri istənilən ittiham sözdən başqa bir mahiyyət kəsb edə bilməz. Yəni, bütün dünya şahidi oldu ki, Ermənistan tərəfi əsassız iddialarla çıxış edir, ittihamlarının da uyğunsuzluğu məhz bu boyda beynəlxalq məhkəmə tərəfindən təsdiq edildi. Belə olan halda, ermənilərin iddiaları ittiham deyil, şər-böhtan kimi qiymətləndirilə bilər. Bir növ, BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi real vəziyyəti qanuni şəkildə ortaya qoydu ki, bunu artqı bütün dünya ictimaiyyəti müşahidə edir və ermənilərin bundan sonra dedikləri üzaq başı böhtan olaraq nəzərə alınar.

Ən çox diqqəti çəkən məqamlardan biri də, Azərbaycana qarşı hər fürsət olduğu halda “saxlanılan erməni əsilli şəxslərin dərhal azad edilməsi” tələbi barədə Ermənistanın qaldırdığı vəsatətin Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində rədd edilməsi, Azərbaycana qarşı istifadə olunan bu iddianı da sıradan çıxaran qanuni, legitim cavabdır. Bilirik ki, Ermənistan tərəfi özünün hərbi əsir adlandırdığı, əslində isə, bizim haqlı olaraq terrorçu və separatçı kimi qiymətləndirdiyimiz erməni əsillilər barədə hər dəfə imkan düşdüyü təqdirdə bəyan edirdilər və bundan istifadə etməyə cəhd edirdilər. Vurğulamaq yerinə düşərdi ki, artıq ermənilərin bu cəhdinin də mənası yoxdur və bundan sonra belə bir tələb, hətta iddia belə yalnız gülünc səslənə bilər. Artıq Lüksenburq kimi hansısa bir dövlətin bu iddianı əsas sayaraq, ölkəmizə qarşı kampaniyalar aparması da gülünc bir təəssürat bağışlaya bilər və bunun mənasız olduğu hüquqi baxımdan təsdiqləndi, deməkdə haqlıyıq. Yeri gəlmişkən qeyd edək ki, xüsusilə bunun hüquqi aspektlərlə yanaşı həm də siyasi aspektləri, faydası danılmazdır.

Azərbaycan öz haqlı tələblərini hüquqi müstəvidə, diplomatik qaydada irəli sürür və bu, təkcə Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın qaydalarının pozulması ilə bağlı deyil. Ərazilərimizdə Terrorçuluğun Maliyyələşdirilməsi və digər məsələlərlə əlaqədar beynəlxalq konvesniyaların pozulması faktı ilə bağlı da Azərbaycan hüquqi təqib proseslərini davam etdirir. Etdiyi qanunsuz əməllərin heç birinə görə Ermənistan tərəfi cəzasız qalmayacaq. Nəzərə alsaq ki, son illərdə qlobal səviyyədə beynəlxalq siyasi və hüquqi instansiyaların nüfuzdan düşməsi və etibarlılığının şübhə altına alınması prosesinin fonunda ən azından BMT-nin öz reputasiyasını qoruması xatirinə də olsa Azərbaycan və Ermənistanın müraciətlərinə vicdanlı, qərəzsiz və diqqətlə yanaşması, nizamnamə ilə ona həvalə edilmiş missiyanı maksimum vicdanla, operativ və səmərəli yerinə yetirməsi müşahidə olunur, deməli, bundan sonra da hədəflərimizə çatacağıq. Hətta, belə davam edəcəyi təqdirdə sözügedən məhkəmədəki işlərinin sırasına daxil olan beynəlxalq məsuliyyət və zərərə görə kompensasiya məsələsi də öz ədalətli həllini tapacağı şübhə doğurmur. Xüsusilə qeyd edək ki, BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinin qərarı haqqında informasiyanın geniş şəkildə, özü də sürətlə yayılması ondan xəbər verir ki, növbəti məsələlər barədə də ədalətli şəkildə qərarlar veriləcəyi gözləniləndir və bu da öz növbəsində qələbələrimizin, uğurlarımızın davamlı olacağı deməkdir.

Digər xəbərlər