Bu, həm də məhz dövlətlə birlikdə güclənmək və güclü olmaq konsepsiyasıdır
Yarandığı gündən mütərəqqi ideyaların carçısı kimi çıxış edən Azərbaycan mətbuatı hər zaman mütərəqqi ideyaların tərənnümçüsü olub. Xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verən mətbuat maariflənmədə, milli düşüncəsinin formalaşmasında, mədəniyyətimizin, mənəvi dəyərlərimizin gələcəyə daşınmasında mühüm rol oynayıb, Azərbaycanı müstəqilliyə aparan yolda fəal iştirak edib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlaması ilə mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi medianın yüksəlişinə xidmət edən amillər oldu.Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
“Media haqqında” Qanun layihəsinin ictimai müzakirəsi ilə bağlı fikirlərə münasibət bildirdi
Medianın İnkişafı Agentliyi (MEDİA) “Media haqqında” Qanun layihəsinin ictimai müzakirəsinin təşkili ilə bağlı bir sıra media nümayəndələri tərəfindən ifadə edilən fikirlərə münasibət bildirib. Məlumatda qeyd olunub ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 9.2-ci maddəsində normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla biləcəyi göstərilir.“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təşkil edildiyi təsbit olunub. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.10-cu maddəsində isə informasiya sahibinin normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan onları açıqlamaq vəzifəsi müəyyən edilib. Qeyd olunan normaların məzmunundan göründüyü kimi qanun layihələrinin, o cümlədən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin ictimai müzakirəsinin təşkil edilməsi normayaratma orqanının, yəni Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətindədir, müvafiq layihələr ya razılaşdırılmaya, ya da təsdiq olunmağa göndərildiyi andan açıqlanmalı olduğundan Milli Məclis bu istiqamətdə müddəaların yerinə yetirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq “Media haqqında” qanun layihəsini açıqlamış, onu media nümayəndələrinin, ekspertlərin, vətəndaş cəmiyyəti institutlarının və bu məsələdə ictimai marağı olan digər şəxslərin müzakirəsinə təqdim edib. Məlumat üçün bildiririk ki, hal-hazırda müvafiq qanun layihəsinin mətni ictimaiyyətin geniş müzakirəsindədir və onun ayrı-ayrı normalarının mahiyyəti, məqsədəuyğunluğu ətrafında çoxsaylı media nümayəndələri və ekspertlərini əhatə edən qarşılıqlı fikir mübadiləsi aparılmaqdadır”, - məlumatda bildirib.
“Media haqqında” qanun layihəsində jurnalist fəaliyyətinin təminatları açıqlandı
Qanun layihəsində jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etməsi yolverilməz olması öz əksini tapıb. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər.
Media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşdi
«Media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşib». Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb. Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər:
- media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
- media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
- maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
- sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanmalıdır.
Jurnalistlərə 3 illik vəsiqə veriləcək
Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək. Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir. Xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir. Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir. Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər Media Reyestrindən çıxarıldığı gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.
Media qurumunun bu hallarda fəaliyyətinə xitam veriləcək
Azərbaycanda çap mediası və onlayn media subyektinin fəaliyyətinə xitam veriləcəyi halları müəyyənləşib. Bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb. Çap mediası və onlayn media subyektinin fəaliyyəti və media məhsullarının yayımlanması məhkəmənin qərarı ilə bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müvəqqəti dayandırılır, bu Qanunun 65.4-cü maddəsində nəzərdə tutulmuş hallarda isə onların fəaliyyətinə xitam verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 (iki) ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır: Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə; Media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə; Çap mediası və onlayn media subyektləri bu Qanunun 13.1-ci, 13.2-ci, çap mediası subyektləri isə həmçinin bu Qanunun 14.1-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə; Çap mediası və onlayn media subyektinin fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə; Bu Qanunun 63.2-ci maddəsində nəzərdə tutulan pozuntular aşkar edildikdə.
Bir sözlə, bünövrəsi 1875-ci ilin 22 iyulunda "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol xalqımızın şərəf salnaməsidir. Və bu gün “Media haqqında” qanun layihəsi media mühitini sağlamlaşdıracaq, Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verməyə imkan verəcək.
RƏFİQƏ KAMALQIZI