Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, müasir dövlətçiliyimizin qurucusu olan ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.
Anım günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş tədbirdə iştirakçılar öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olublar.
Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam edən tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, adını tarixə əbədi həkk etmiş nadir şəxsiyyətin Azərbaycanın hər bir vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıb.
Həyat amalı Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin inkişafına xidmət olduğu Dahi Liderin mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışdığı, dövlətçilik, azərbaycançılıq, vətənpərvər cəmiyyətin formalaşdırılması kimi tarixi missiyasını uğurla yerinə yetirdiyi, Ulu Öndərin təməlini qoyduğu ölkəmizin sosial-iqtisadi, siyasi, hərbi yüksəliş strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, xalqımızın tarixi hədəflərinə qovuşması, Vətən müharibəsində Böyük Zəfərin əldə olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi xüsusi vurğulanıb.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilib.