PDF Oxu

Siyasət

  • 2 295

Heydər Əliyevin əziz xatirəsi Tərtərdə də ehtiramla yad edilib - FOTOLAR

Heydər Əliyevin əziz xatirəsi Tərtərdə də ehtiramla yad edilib - FOTOLAR

Dekabrın 12-də Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb. SİA xəbər verir ki, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ağsaqqallar, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, müharibə veteranları, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gələrək, Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar. Burada keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, xilaskarlıq rolundan, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin hər yerində olduğu kimi Tərtər rayonun iqtisadiyyatında da böyük dönüş yaranıb. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salınıb, rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, rayonda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.

M.Məmmədov çıxışında hazırda Ulu Öndərin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf etdiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd edib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti və yenilməz Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edilməsindən danışaraq, qazanılan tarixi Zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, Bərdə Regional Mədəniyyət Mərkəzinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək ömrünü Azərbaycanın inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin Vətənimiz qarşısında tükənməz xidmətlərindən bəhs ediblər.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Digər xəbərlər