PDF Oxu

Siyasət

  • 2 227

“Tamaşa” öncəsi təxribat ARTİSTLİYİ - TƏHLİL

“Tamaşa” öncəsi təxribat ARTİSTLİYİ - TƏHLİL

Hər dəfə görüş oncəsi Ermənistanın bir təxribat törətdiyinə nəinki biz, ümumilikdə dünya ictimaiyyəti artıq öyrəncəlidir və bu hərəkətlərinin arxasında nələrin dayandığı da bəllidir. Bəllidir ki, ermənilər bununla vəziyyətin hələ gərgin olaraq qalması barədə təsəvvür formalaşdırmaq, münaqişənin davam etməsi təəssüratı yaratmaq, bununla da hansısa dövlətləri, xüsusən, Qərb ölkələrini, eləcə də ATƏT-in Minsk Qrupunun timsalında beynəlxalq təşkilatları bölgəyə dəvət etmək, nəticədə də öz həllini gözləyən məsələləri bacardıqca uzatmaq niyyətindədirlər. Ən azından qalib ölkə olan Azərbaycanın istədiyi şəkildə prosesin getməsinə mane olmaq üçün hər cür oyundan çıxan ermənilər bu dəfə də bir növ, təxribatlar törətməklə artistlik edirlər.

Xatırladığımız kimi, Soçi görüşü öncəsi də Ermənistan-Azərbaycan sərhədində gərginlik və hərbi toqquşmalar müşahidə edildi. Daha dəqiq desək, Ermənistan tərəfi növbəti dəfə təxribat törətdi. Təbii ki, düşmən lazımca cavablandırıldı, susduruldu və yerinə oturduldu, amma hər bir halda ermənilər elə zənn etdilər ki, bununla nəyə isə nail olacaqlar. Lakin Soçi görüşündə heç nəyə nail ola bilmədilər, çünki bu cür təxribatlar belə, prosesin Azərbaycanın istədiyi məcrada getməsinə mane ola bilməzdi. Xüsusən, Rusiya ərazisində baş tutan görüşün nəticələrinə, bu nəticələrinin bizim maraqlarımıza uyğun olmasına ermənilər törətdikləri təxribatlarla mane ola bilməzdilər və belə də oldu. Ermənistan tərəfinin Soçi görüşü öncəsi bütün oyunları mənasız oldu və Azərbaycan öz istəklərinə nail oldu, görüşün nəticələri də bizim maraqlarımıza uyğundur.

Bilirik ki, 9 noyabr tarixində Soçidə keçirilməsi nəzərdə tutulan və məhz Rusiya tərəfindən planlaşdırılan görüşdən Ermənistan tərəfi imtina etdi və bunun ardınca da törətdiyi təxribatlara Azərbaycan tərəfindən tutarlı cavab aldı, hansıki bu cavab erməniləri öz ənənələri üzrə Avropaya, Qərbə yalvarmaq məcburiyyətində qoydu. Bəli, Rusiyanın təşkilatçılığı, moderatorluğu ilə Soçidə keçirilməsi nəzərdə tutulan görüşdən imtina edən Ermənistan çarəsiz qalaraq bu dəfə Avropaya yalvarmağı çıxış yolu hesab etdi. Doğrudur, Qərbə belə bir estafeti verməyən Rusiya Brüssel görüşündən öncə öz moderatorluğu ilə 26 noyabr tarixində Soçidə Azərbaycan-Ermənistan görüşünü reallaşdırdı, amma bu tamam başqa müzakirə mövzusudursa da belə hadisələrə heç də təsirsiz ötüşən deyil. Yəni, ermənilər çox yaxşı bilirlər ki, Brüssel görüşünə razılıq vermələri fonunda rusları qıcıqlandırıblar və heç də bu görüş Moskvanın nəzarətindən kənarda qala bilməz.

Doğrudur, bir çox ekspertlər hesab edirlər ki, Brüssel görüşünü Paşinyan “öz meydançası” hesab edir. Bunu da həmin ekspertlər onunla izah edirlər ki, Fransanın timsalında Ermənistan orada güclü dəstəyə malikdir. Ola bilsin ki, rəsmi İrəvan özü də Brüssel görüşünə böyük ümidlər bəsləyə bilər. Paşinyan üçün növbəti dəfə ikiüzlülük etmək adi haldır və Avropanı proseslərdə iştirak etmək üçün dəvət etmək də ermənilərin planında ola bilər. Beləki, Rusiyanın təşkilatçılığı ilə Soçidə keçirilən görüşün ardınca yenə də təxribatlar törədib, ardınca Brüssel görüşünə yollanmağı planlaşdıran ermənilərin nəyə hazırlaşdıqları bəlli məələdir və bu da rusları növbəti dəfə qıcıqlandırmaya bilməz. Çünki, bir zamanlar böyük qardaş adlandırdıqları ruslar özləri də yaxşı bilirlər ki, Soçi görüşünün ardınca Brüsselə hazırlaşan Paşinyanın məqsədi Rusiyanın regiondakı proseslərə təsirini azaltmaq, hətta Qərb ağalarının Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etmək çağırışı belə ola bilər. Yeri gəlmişkən qeyd edək ki, olsa da bu elə çağırış olaraq qala bilər və bu istəklərinin reallaşacağı inandırıcı görünmür, amma ən azından Paşinyan bir də öz simasızlığını ortaya qoyacaq. Avropada keçiriləcək görüş zamanı erməni baş nazirin hansı dona girəcəyini hər halda hamı yaxşıca izləyəcək. Bir sözlə, bütün dünya 15 dekabr tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə Paşinyanın, ümumilikdə ermənilərin “tamaşa” göstərəcəyini gözləyir. Bəllidir ki, indi də ermənilər “tamaşa” öncəsi artistlik edirlər təxribatlar törətməklə.

Nəzərə alsaq ki, Moskva tərəfindən hər şey lap əvvəldən Bakı və İrəvanla sıx əməkdaşlıq şəraitində hazırlanıb və onlar tərəfindən qəbul edilib, deməli, Brüssel heç vaxt prinsipial yenilik ortaya qoya bilməz. Ümumiyyətlə, hər iki tərəfi eyni vaxtda qane edən yeniliklər haqqında danışmağa belə dəyməz və ermənilər bu dəfə də qalib Azərbaycanın ədalətli, dəyişməz sərt mövqeyi ilə qarşılaşmalı olacaqlar. Təbii ki, belə olan təqdirdə, İrəvan Brüssel görüşündən sonra da razılaşmalara “təpik atacaq” və Paşinyana müxalif qüvvələr bu dəfə də onu “divara dirəyəcək”. Küçə nümayişlərindən hakimiyyətə daşınan erməni baş nazir divara dirənən zaman hansısa oyunlara gedəcəyi də istisna edilmir, amma bu o demək deyil ki, Paşinyan əldə edilmiş razılaşmaları hansısa yolla, oyunlar oynamaqla dəyişmə imkanı qazana bilər. Bu mümkün deyil və ermənilər nə etsələr də razılaşmanın şərtləri dəyişəndirilə bilməz.

Doğrudur, Ermənistan bir-birinin ardınca müxtəlif görüşlərə, platformalara can atır. Fransanın timsalında ermənilər Avropa İttifaqının dəstəyinə ümid bəsləyir, amma bu çox uzun sürə bilməz. Ən azından Rusiya rəsmi İrəvanın hərəkətlərini yaxşıca izləyir və Qərb yönümlü olmaları fonunda ermənilərə öz istədikləri hansısa addımı atmağa imkan verməz. Moskvanın, “Bunlar nə vaxtadək davam edəcək”, sualını verənə qədər ermənilərin bu ümidləri sadəcə ümid olaraq qala bilər və oyunlar da bu sual ünvanlanan zaman bitməlidir. Çünki, əvvəla Rusiya özünün Dağlıq Qarabağ münaqişəsi üzrə səylərini, həmçinin bütövlükdə regionda sülh və razılığın əldə edilməsi çabalarını Ermənistan tərəfinin zərbə altında qoyulmasına imkan verməz. Bu, Rusiyanın nüfuzunun ayaqlar altına alınması deməkdir ki, buna Moskvanın yol verəcəyi ağılabatan deyil. Özü də ermənilər artıq nəzərə almalıdırlar ki, Rusiyanın səbri tükənir və prezident Putin də sözün əsl mənasında onların ərköyünlüklərindən bezib. Bunun isə Ermənistan üçün nə demək olduğunu elə ermənilər özləri hamıdan yaxşı bilirlər. Bu baxımdan işğalçı ölkənin ərköyünlüklərinin belə sonu çatıb və bu erməni cəmiyyəti üçün də sirr deyil. Sadəcə, bədnam qonşularımız son artistliklərini edirlər ki, bəlkə nə isə qopara bildilər, amma bunun mümkünsüz olduğu qənaətinə gəlməyin də vaxtıdır.

Brüssel görüşü öncəsi Ermənistanın sərhəd təxribatları Paşinyanın iradəsi çərçivəsində həyata keçirilir və demək olmaz ki, bundan onun xəbəri yoxdur, yaxud məlumatsız, ya da narazıdır. Əksinə, erməni baş naziri özü də oyunun iştirakçısıdır və elə hesab edir ki, bundan başqa onun çıxış yolu yoxdur, çünki özünə müxalif qüvvələrdən bərk qorxur. Həmin qüvvələr isə bacardıqca aranı qarışdırmağa çalışırlar və yalnız buna ümid edirlər, çünki başqa ümid yeri də qalmayıb. Ötən il 44 günlük müharibə sonda Ermənistan tərəfinin kapitulyasiya sənədini imzalaması ilə başa çatıb və indi ermənilərin nə sənədə ümudləri qalmayıb, nə ikiüzlülüklərinin dəfələrlə şahidi olan “böyük rus qardaşlarına” güman yeri belə qalmayıb. Sözsüz ki, Qərb ağalarının da prosesdən kənarda qalması ermənilər üçün arzuolunan deyil. İndi “tamaşa” öncəsi təxribat artistliyi başda elə erməni baş naziri olmaqla, ermənilərin Qərb ağalarını prosesə cəlb etmək istiqamətində bəlkə də sonuncu variantıdır, çünki nə qədər şirnikləndirici olsa belə, Qərb yaxşı başa düşür ki, Rusiyanın, rus sülhməramlılarının olduğu bölgədə özünə yer edə bilməyəcək. Ermənistan isə bunu, bu həqiqəti, bölgədəki reallıqları, Azərbaycanın yaratdğı reallıqları qəbul edəcəyi zaman bu işğalçı ölkə üçün çox gec ola bilər və indi uzatmağa cəhd etdiyi delimitasiya, demarkasiya, sərhədlərin tanınması məsələsini, sülh sazişini də daha ağır şərtlərlə imzalamalı olar. Ən azından 44 gün davam edən müharibənin məntiqi nəticəsi olaraq daha ağır şərtlərlə razılaşmaq ermənilərin yaddaşında təcrübə olaraq həkk olunub və bunu nəzərdən qaçırmasınlar, yadda möhkəm saxlasınlar ki, dəmir yumruq öz yerində olduğu təqdirdə belə bir hal bir daha onlar üçün təkrarlana bilər.

Digər xəbərlər