“Ermənistanın 30 illik işğal siyasəti məğlubiyyətlə nəticələndikdən sonra o, nəinki özünü məğlub kimi aparmır, dünya hərb tarixindəki qanunauyğunluqlara əməl etməyi unudur. Daha doğrusu, daima yazılmış və yazılmamış qanunlara əməl etmədiyi kimi, yenə də təxribat, pozuculuq, arxasında heç bir hüquq, real güc olmadan bundan yayınmağa çalışır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Ermənistanın əlbəttə ki, himayəçiləri var və o, öz havadarlarına arxalanır, bununla nəyisə dəyişə biləcəyinə ümid edir: “Çünki 30 il ərzində məhz onların yardımı ilə kiçik bir dövlət hamıya meydan oxuyub və bunu ona bağışlayıblar. Bu, ona görə mümkün olub ki, dünya gücləri əslində hüquqa yox, öz maraqlarına əsaslanıb ona bu şəraiti yaradıblar. Qafqazda kiçik, amma ambisiyalı xalq hamının işinə yaradığı üçün hüququn aliliyini arxa plana atmaq cəsarətini özlərində tapıblar. Ermənistan 30 illik işğal siyasətinin nəticələrindən çıxış edib Azərbaycanı fakt qarşısında qoyduğu halda, Minsk qrupu da ona bu imkanı yaratdığı halda Azərbaycanın 44 günlük savaşdakı qələbəsi görməzdən gəlinərək əvvəlki status kvoya qayıtmaq planları əlbəttə yolverilməzdir. Minsk qrupu adlanan və ABŞ ilə Fransadan olan həmsədrlərin xüsusi canfəşanlığı ilə seçilən bu uğursuz missiya gördüyümüz kimi, ermənipərəst mövqelərindən əl çəkmək istəmir. Lakin təqdirəlayiqdir ki, artıq Minsk qrupu daxilində fikir ayrılığı var və Rusiyanın mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Ötən bir il göstərdi ki, hazırda ən doğru qərar Rusiya sülhməramlılarının bölgədə sülhə və sabitliyə nəzarət etməsidir. Ölkə başçısı bununla tarix qarşısında çox müdrik addım atmışdır. Prezidentin bu qərarı gün keçdikcə öz əhəmiyyətini daha da doğruldur. Əks halda, ABŞ və Fransa 30 illik hüquqa və diplomatik etikaya sığmayan ritorikalarını davam etdirərək, bölgədəki geosiyasi maraqlarını sülh danışıqları altında pərdələməkdə davam etdirməkdə israrlı idilər və yenə də bu mövqedən çıxış edirlər. Bunun əsl adı "Minsk missiyası" adı altında Azərbaycan torpaqlarının mərhələli şəkildə Ermənistana verilməsi demək idi. 44 günlük savaş dövründə öz məkrli ermənipərəst mövqeyini ortaya qoyan ABŞ və Fransa regiona yönəlik eyni taktika və strategiyanı bu gün də davam etdirir. Son illərdə ABŞ və Fransanın Cənubi Qafqazda fəaliyyətinin gücləndiyinin şahidi oluruq. Fransanın dünyada ABŞ və İngiltərəyə qarşı strategiyası - Anqlo-sakson və Frank geostrateji rəqqbəti bizim bölgədə xüsusilə bariz şəkildə təzahür edir. Fransa İranın Ermənistan və Qara dəniz vasitəsilə öz resurslarını Avropaya çıxışını təmin etməkdə israrlıdır. Zəngəzur dəhlizi məsələsində bu qədər ziddiyyətlər buna misaldır”.
Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ermənistan torpaqlarının Qara dənizə qədər genişlənməsi isə Cavaxetiyanın Gürcüstandan qoparılması hesabına baş verə bilər ki, Fransa həm də buna can atır: “Fransa Gürcüstan və Ermənistanla hərbi əməkdaşlığı genişləndirdiyi kimi, Azərbaycana da silah və texnologiyalar satışı barədə təkliflər vermişdi. Con Boltin da regiona səfəri zamanı silah sata biləcəklərini açıq şəkildə qeyd etmişdi. Qafqazın silah bazarı uğrunda rəqabət çox kəskindir. Münaqişənin davam etməsi əlbəttə Fransa və ABŞ-a lazımdır. Çünki regionda təsir imkanlarını saxlayaraq, silah satışı cə s. vasitəsilə milyardlar qazanmaq şansı əldə edirlər. Azərbaycan isə 44 günlük savaşda Rusiya, Türkiyə, İsrail hərbi texnologiyalarından istifadəyə üstünlük verdi. Biz bu gün də bir çox sahələrdə ABŞ, Fransa və Ermənistan arasında əməkdaşlığın geniş şəkildə davam etməsinin şahidiyik. Bölgədə ən böyük ABŞ səfirliyi Ermənistandadır. Ermənistan artıq Qərbin forpostuna çevrilib. Liviyadan, Suriyaya, İrandan Cənubi Qafqaz və Qara dənizədək resurslarla zəngin böyük bir geosiyasi ərazini ələ keçirmək iddiasında olan Fransa ABŞ, İngiltərə, İsrail və Türkiyə ilə rəqabətdə erməni kartından geniş istifadə edir. Ermənistan böyük güclərin bölgədə vassalı olmaq potensialına güvənir və yaranmış şəraitdə öz ərazisini qonşu ölkələrin torpaqları hesabına genişləndirməyə ümid edir. Halbuki, 10 noyabr 2020-ci ildə Miatsum mifi tamamilə puç oldu”.
Arzu Qurbanzadə