44 günlük müharibədə aldığı sarsıdıcı zərbələrdən başı gicəllənən təkcə Ermənistan ordusunu döyüşə aparan baş nazir Paşinyan deyil, bütün zümrə ağlını itirib. İqtidar mənsubları da, onlara müxalif mövqedə duranlar da iddialı danışırlar. Sərhədlər, magistral yollar, dəhliz məsələsində sanki qalib ölkənin təmsilçiləri rolundadırlar. Nə tarix qanırlar, nə kağız, nə qələm, nə xəritə, nə sərhəd. Onlarla yalnız güc dilində danışmağın yeganə yol olduğunu sübuta yetirdi Azərbaycan Ordusu. Bəzən unudurlar apardıqları 30 illik ədalətsiz müharibədə Azərbaycandan aldıqları ağır məğlubiyyəti. Bəli, haqq-ədalət nəhayət öz yerini tutub.

Azərbaycan haqq davasında qələbə qazanmasına, dünya birliyi tərəfindən tanınan ərazilərini geri qaytardığına baxmayaraq hələ də Ermənistanın yalam maşını dünyanı dolaşmaqdadır. Guya Azərbaycan erməni xalqına qarşı təcavüz aktı həyata keçirib, guya hansısa suveren dövlətin ərazisinə müdaxilə edib, etnik təmizləmə aparıb, maddi və mədəni abidələri dağıdıb. Bəli, ermənilər məğlub olsalar da həyasızlıqlarından əl çəkmək fikrində deyillər. Bəzi dünya ölkələrinin isə ədalət tərəzisi yenə də sınıqdır, bizim ölkə nümayəndələri ilə görüşəndə bir hava, ermənilərlə görüşəndə isə başqa hava çalırlar. Heç olmasa bircə dəfə ermənilərə “dur” demək istəmirlər. Ermənistan Azərbaycanın bir il bundan əvvələ qədər torpaqlarını işğal edəndə dünyanın “ədalət carçıları”, özlərini guya müharibə əleyhidarı kimi təqdim edənlər Azərbaycana “oldu-bitdi” mesajı verməklə Qarabağ məsələsinin sona çatdığını, “Ermənistanın haqqı olan əraziləri sahibləndiyini” əsas götürərək rəsmi Bakının arqumentlərinə fikir vermək belə istəmirdilər. Nə Ermənistan silahlı qüvvələrinin Qarabağda törətdikləri vandalizm aktları, soyqırımı, nə bir milyona yaxın azərbaycanlının öz doğma yurdundan didərgin salınması, nə bu ərazilərdə min illərdir yaşayan vətəndaşlarımızın mülkiyyətinə edilən zorakılıqlar, nə onlara məxsus evlərin, qəbirlərin dağıdılması, nə şəhərlərin, kəndlərin talan edilməsi, muzeylərin, mədəni abidələrin, ümumiyyətlə Azərbaycan xalqına məxsus olanların məhv edilməsi kimsənin ruhunu belə incitmədi. Ermənistan, ermənilər və onların havadarları lap əvvəldən haqsız oldular, buna baxmayaraq özlərini haqlı tərəf kimi apardılar. Əlimizdən hər şeyimizi almalarına rəğmən bizdən barışıq gözlədilər, dünyaya guya bizim sülsevər olmadığımızı elan etdilər. Bəzən bizi hətta qınayanlar da tapıldı...
İndi vəziyyət tam tərsinədir, haqlı, haqqımız olan qələbəni əldə etdiyimizə baxmayaraq yenə də Ermənistanı sülhə dəvət edirik. Ermənistanda isə vəziyyət bambaşqadır, at izi, it izinə qarışıb...
Ermənistanda məğlubiyyətlərini Putinin üstünə atanlar az deyil. Erməni politoloqlar belə şərh edirlər ki, Yeltsindən fərqli olaraq Putin demokrat deyil və Ermənistanı və erməniləri heç sevmir: “Ermənistanın iyirmi ildən artıqdır ki, üzləşdiyi problemlərin mahiyyətini anlamaq üçün məsələnin kökünə nəzər salmaq lazımdır. Bununla biz tez başa düşəcəyik ki, bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret adı və soyadı, vəzifəsi var. Bu, demokrat Boris Yeltsini əvəz edən Rusiya prezidenti Vladimir Putindir. Putin hakimiyyətə gələnə qədər baş verənləri xatırlayaq. Biz torpaqları azad etdik, Qarabağ qürurumuzun, şərəfimizin, igidliyimizin simvolu oldu. Azərbaycan ümumiyyətlə, çox acınacaqlı vəziyyətdə idi. Yeltsin Ermənistana qarşı əsl rus vətənpərvərinin ən isti hisslərini yaşayırdı. Bu, hər şeydə, o cümlədən Ermənistanın və Qarabağın nailiyyətlərinə, onların müstəqilliyinə, demokratik seçiminə və inkişafına dəstəkdə özünü göstərirdi. Putin tamamilə “fərqli xəmirdən” hazırlanıb. Əslində Putin ölkəmizin suverenliyini və müstəqilliyini məhdudlaşdırmaq üçün hər şeyi etdi. İqtisadiyyatın bütün daxili sahələrini ələ keçirmək üçün Robert Köçəryanın vasitəsilə həyata keçirilən proqram Putinin planının bir hissəsi idi. Onun üçün zəif və asılı strateji tərəfdaşın olması vacib idi. Hər şeydə zəif. O cümlədən seçim azadlığı baxımından. Məhz buna görə də Putin Serj Sarkisyanın demokratik Avropaya yaxınlaşmaq cəhdlərinin qarşısını aldı”.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsində “Demokratiya Sammiti”ndə Paşinyan çıxışını şərh edərək yazıb: “Paşinyan çıxışı zamanı 110 ölkədən Türkiyə və Azərbaycana təzyiq tələb etməli idi, amma etmədi. Ən əsası odur ki, o, bu tədbirdə iştirak edərkən bir kəlmə də olsun, Azərbaycan və Türkiyə tərəfindən hücuma məruz qaldığımız, “sivil” dünyanın bu həqiqətə göz yumması, Qarabağ ermənilərinin fundamental hüquqlarının pozulduğu barədə bir kəlmə də danışmadı. Deyəndə ki, bu, bizi dünyaya satan xədimdir, bəziləri əsəbləşir. Xüsusən də bunun “brendli” sahibləri...”.
Digər erməni politoloq Eduard Şarmazanov isə özünün Facebook səhifəsində çox maraqlı məsələlərə toxunub: “Bir tərəfdən Ermənistanın Rusiyanın müttəfiqi olduğunu bəyan edirsiniz, digər tərəfdən isə Baydenin anti-Rusiya və Çin əleyhinə layihəsində iştirak edirsiniz. 100 il əvvəl olduğu kimi, indi də geosiyasi dəyişikliklərin mahiyyətini tam dərk etmirik. Böyük dövlətlərin gözlənilən qarşıdurmasını idarə etməyi bacarmaq lazımdır. Bu vəziyyətin təhlükəsini anlamamaq üçün insan nə qədər siyasi “ayaqyalın” olmalıdır. Ermənistanın həm hakimiyyət dairələri, həm də elitası özü qərar verməlidir ki, əslində Ermənistanın yeri və rolu haradadır. Siz təhlükəsizliyinizi bir qütbə etibar edə bilməzsiniz, eyni zamanda öz müttəfiqinizə qarşı Qərblə flört edə bilərsiniz. Gündüz ruslarla, axşam çinlilərlə müttəfiq olmaq, gecələr isə amerikalılarla “yataq paylaşmaq” mümkün deyil”.
Bu arada Ermənistanda maraqlı hadisələr baş verdiyi haqda xəbərlər dolaşır. Bildirilir ki, Ermənistanda işgüzar səfərdə olan Fələstin Kilsələri üzrə Ali Prezident Komitəsinin rəhbəri Muin Elias Yousef Khourinin başçılıq etdiyi nümayəndə heyəti dünən dekabrın 12-də “Erməni soyqırımı” memorialını ziyarət edib, həlak olanların xatirəsini ehtiramla yad ediblər. Fələstindən gələn qonaqlar “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, sonra muzeyə ekskursiya ediblər. Nümayəndə heyətinin rəhbəri Muin Elias Youssef Hurin və nümayəndə heyətinin üzvləri “Hörmətli qonaqlar kitabı”na qeydlər ediblər.
Görəsən, Mahmud Abbasın bundan xəbəri varmı?...
V.VƏLİYEV