PDF Oxu

Siyasət

  • 2 360

Regionun gələcəyinə açılan yeni qapı – 3+3 FORMATI - TƏHLİL

Regionun gələcəyinə açılan yeni qapı – 3+3 FORMATI - TƏHLİL

Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında əməkdaşlıq platformasının Moskvada keçirilən ilk iclası sözün əsl mənasında diqqət mərkəzindədir və ələlxüsus region dövlətləri üçün böyük marağa səbəb olub. Nəzərə almaq lazımdır ki, “3+3” formatında əməkdaşlıq platformasının ilk iclası postmünaqişə dövründə regionun gələcəyi üçün inşa edilən yeni platformanın başlanğıcı hesab olunur və bu baxımdan daha çox diqqəti cəlb edir.

Əlbəttə ki, bu platformadan gözləntilər var və əhəmiyyətini nəzərə alsaq, region dövlətləri üçün maraq dairəsində olduğu da təkzib edilə bilməz. Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüskarı olduğu formata Rusiya prezidentinin də açıq şəkildə dəstək verməsi heç də təsadüfi deyil. Məsələ burasındadır ki, bir dövlət olaraq Rusiyanın özünün də bu formata maraqlı olduğu heç kim üçün sirr deyil. Əbəs yerə deyildi ki, “3+3” formatında əməkdaşlıq platformasının ilk iclası məhz Moskvada keçirildi və bu fakt özü də deyilənlərin təsdiqidir. Əslində, ekspertlər Moskvada keçirilən ilk iclası regionun gələcəyinə açılan yeni qapı hesab edirlər və etiraf edək ki, haqlıdırlar.

Bildiyimiz kimi, İran əvvəlcə bu formatdan müəyyən mənada uzaq durmağa çalışsa da, bir müddət sonra dəstəkləməli oldu. Bunun da səbəbləri aydındır və nəzərə alsaq ki, belə bir formatın region ölkələri üçün əhəmiyyəti danılmazdır, deməli bu baxımdan İranın da sonradan dəstəkləməsi anlaşılan, başadüşüləndir. Heç şübhəsiz ki, region ölkələri bundan sonra sözügedən formata daha çox maraq göstərəcəklər, çünki sülhün və sabitliyin təmin edilməsi müzakirə mövzusu olduğu təqdirdə bu formatdan imtina edilməməlidir, əksinə dəstəklənməlidir. Görünür elə bu baxımdan İran da öz dəstəyini verməli oldu. Daha doğrusu, başa düşüldü ki, bu formata qoşulmaq İran üçün yalnız faydalıdır.

ATƏT-in Minsk Qrupunun 27 il müddətində Qarabağ münaqişəsinə necə münasibət bəslədiyini təkcə biz yox, bütün region ölkələri gördülər. Gördülər ki, Qarabağ münaqişəsi sözügedən qrupun gündəliyində bəlkə də sonuncu yerdə olub və bu mənada münaqişənin həllinə dırnaqarası “töhvələri” də bəllidir. Məsələyə müşahidəçi mövqe, yanaşma sərgiləyən bu qrup heç nəyə nail ola bilməzdi. Məhz ATƏT-in Minsk Qrupunun belə yanaşması sayəsində münaqişə 30 ilə yaxın müddətdə davam etdi ki, bunu da artıq hamı bilir. Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə BMT-nin məlum dörd qətnaməsi olduğu halda ATƏT-in Minsk Qrupu heç bir nəticə əldə edə bilmədi. Nəticə əldə edilə də bilməzdi, çünki o zamankı Qarabağ münqaşəsi Fransa və ABŞ-ın timsalında regiona daxil olmayaq ölkələrin maraq dairəsində deyildi. Məhz buna görə də, hüquqi baza belə olmasına baxmayaraq, 30 ilə yaxın müddətdə münaqişənin həlli istiqamətində bir addım da irəliləyiş olmadı, əksinə məsələnin həlli daha da uzandı, yaxud uzadıldı. Heç şübhəsiz ki, bu fakt region ölkələri üçün bir təcrübədir və bundan sonra regionda yarana biləcək digər problemli məsələlərin həllinə də regiona aid olmayan ölkələrin maraq göstərməyəcəyinə indi zərrə qədər şübhə yoxdur. Təbii ki, maraq göstərəcək ölkələr yalnız region ölkələri ola bilər, çünki bu ölkələrin özlərində olan məsələlər müzakirə mövzusu hesab olunur. Xüsusən də, sülhün və sabitliyin təmin edilməsi müzakirə mövzusudursa, bu daha həssas mövzu sayılır və daha böyük diqqət tələb edir. Bu baxımdan cəsarətlə deyə bilərik ki, 3+3 formatı, yəni regionun bütün problemlərinin məhz region ölkələri tərəfindən həll edilməsi bütün bölgə üçün ən unikal platforma, ən doğru seçim, ən düzgün addımdır.

İran bir zamanlar uzaq durduğu kimi, indi Gürcüstan da bu formata qoşulmur, yaxud, ola bilsin ki, hələ qoşulmaqda tərəddüd edir. Bizim Gürcüstanın işinə qarışmaq niyyətimiz yoxdur, bir dövlət olaraq qərarı özləri verə bilərlər, amma hər halda qonşu dövlətlərin təcrübəsindən yararlanmaq pis olmazdı. Əslində, 30 ilə yaxın müddətdə məhz regiona daxil olmayaq ölkələrin o zaman mövcud olan Qarabağ münaqişəsinin həlli istiqamətində bir addım belə atmaması, Azərbaycanın bu məsələni öz gücü ilə həll etməsi, qardaş Türkiyənin timsalında bir region dövlətinin siyasi dəstək göstərməsi və bunun müsbət təsiri Gürcüstan üçün bir örnək olmalıdır. Yəqin ki, bu örnək Gürcüstan üçün də yararlı olar və Tbilisi ilə Moskva arasındakı anlaşılmazlığa aydınlıq gətirilməsi üçün ən doğru yol kimi diqqətdən yayınmaz. Gürcüstan üçün 3+3 formatı məsələn, Abxaziya və Sxinvali regionunun reinteqrasiyası məsələlərinin müzakirəsində, hətta həllində çox effektiv, çox əhəmiyyətli ola bilər. Eyni zamanda Gürcüstan nəzərə almalıdır ki, 3+3 formatına qoşulmamaqla həm də regionun gələcəyinə açılan qapıdan kənarda qala və problemlərinin həllində region ölkələrinin təsir imkanlarından məhrum ola bilər. Hər halda Gürcüstan bütün bu məqamları götür-qoy etməlidir və çox güman ki, bu da öz növbəsində təsirsiz ötüşməyəcək.

Ümumiyyətlə, “3+3” platformasının ümdə məqsədi Cənubi Qafqazı ziddiyyətlər regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına çevirməkdir. Bu isə ondan xəbər verir ki, Cənubi Qafqaz sözün əsl mənasında Avrasiyada nəqliyyat mərkəzinə çevrilir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin, “Şimal-Cənub” layihəsinin reallaşdırılması Cənubi Qafqaz regionunun qlobal nəqliyyat və logistika sahəsində beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək, deməli, region ölkələrinə dividentləri də təkzib edilə bilməz. Onu da diqqətə çatdıraq ki, Rusiyanın, Türkiyənin və İranın əhalisinin sayı üç yüz milyondan da çoxdur və bunun Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarı olduğunu da nəzərə alsaq görürük ki, “3+3” formatı bu ölkələrlə ticarət əlaqələrinin möhkəmlənməsinə müsbət təsir edəcək. Sözsüz ki, ticarət əlaqələri müxtəlif sahələrin inkişafına, regionda yaşayan insanların məşğulluq səviyyəsinə, rifah halının daha da yaxşılaşdırılmasına öz töhfələrini verəcək.

Qeyd olunduğu kimi, “3+3” formatı region ölkələrinin ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək və bu da o deməkdir ki, bu ölkələrin özləri münaqişərlərdən uzaq olmağa maraqlı olacaqlar. Bu formatın region ölkələrinə töhfələri artdıqca qarşıdurmalar, toqquşmalar haqqında düşünmək belə maraq dairəsində olmayacaq. Yalnız iqtisadi, ticari maraqlar ön plana keçəcək ki, bu da nəticə etibarı ilə regionun bütün ölkələrini sülh şəraitində yaşamağa sövq edəcək, bir sözlə, bu formatın sülhün daimi təminatçısı kimi də qiymətləndirilməlidir.

Göründüyü kimi, 3+3 formatı yeni baxış, yeni mərhələ deməkdir və gələcək üçün böyük perspektivlər vəd edir. Bu perspektivlər isə öz növbəsində daha geniş imkanlara zəmin yaradır. Həmin imkanlar da regionun bundan sonra daha sürətli inkişafı üçün çox vacib şərtlərdəndir. Bir sözlə, 3+3 formatı regionun gələcəyinə açılan yeni qapı, yeni imkanlar, yeni-yeni perspektivlər deməkdir.

Digər xəbərlər