PDF Oxu

Siyasət

  • 2 005

Avropa Azərbaycan həqiqətlərini dərk etməkdədir - TƏHLİL

Avropa Azərbaycan həqiqətlərini dərk etməkdədir - TƏHLİL

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş diqqət mərkəzindən kənarda qala bilməz və artıq çox böyük marağa səbəb olub. Çünki, bütün dünya şahidi oldu ki, Brüssel görüşü zamanı aydın şəkildə nümayiş etdirildi ki, Qərb bölgədə rolunu aktivləşdirmək istəyindədir və çıxış yolunu Azərbaycanın mövqeyini dəstəkləməkdə, haqlı olduğunu etiraf etməkdə görür. Hər bir halda bu görüş də ölkəmizin növbəti diplomatik qələbəsi hesab olunur.

Soçi görüşünün ardınca Brüssel görüşü də rəsmi Bakının mövqeyinin müdafiə olunması ilə yadda qaldı. Avropa İttifaqının İrəvanın deyil, məhz rəsmi Bakının təkliflərini dəstəkləməsi göz qabağında idi və bunu erməni cəmiyyəti də müşahidə etdi. Bu dəfə də ermənilər müşahidə etdilər ki, Azərbaycan tərəfinin təklifləri, mövqeyi artıq bütün dünyada qəbul olunub və bundan sonra onların üz tutacaqları başqa bir platforma, başqa bir məkan qalmayıb. Üz tutsalar belə bunun əhəmiyyətsiz olacaqlarına əminlikləri artdı. Yəni, ermənilərin gözü önündə sığındıqları Aİ Prezidenti Azərbaycana dəstək verdi ki, bu heç də səradan bir uğur hesab olunmamalıdır.

Regionda davamlı sülhün təmin edilməsində, münaqişənin aradan qaldırılmasında, regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqda Avropa İttifaqının maraqlı olduğuna hamını əmin etməyə çalışan Şarl Mişel heç də Ermənistanın ümidlərini, gözləntilərini doğrultmadı və məsələni uzatmaq üçün dəstək alacaqları barədə arzularını belə puç etdi. Onsuz da Azərbaycan istər Soçi görüşünə, istərsə də Brüssel görüşünə davamlı sülhün təmin edilməsi, münaqişənin aradan qaldırılması, regionda sabitlik yaratmaq niyyətini bəyan etmək məqsədi ilə qatılmışdı. Deməli, əminliklə deyə bilərik ki, nəticə etibarı ilə Şarl Mişelin ifadə etdikləri rəsmi Bakının mövqeləri ilə tam üst-üstə düşür. Yəni, bu dəfə də Azərbaycan istədiyinə nail oldu.

Onu diqqətə çatdıraq ki, Şarl Mişel bəyanatında Ermənistan və Azərbaycan arasında münaqişənin aradan qaldırılmasına çağırış etdi və bu çağırışın belə arxasında Ermənistana ünvanlanan mesajlar durur. Əvvəla bununla Aİ Prezidenti Ermənistana başa salmaq istəyir ki, Qarabağ münaqişəsi artıq keçmişdə qalıb və bununla barışmaqdan savayı ermənilərin başqa çarəsi yoxdur. Digər tərəfdən ermənilərə xatırladılır ki, Azərbaycan qalib ölkədir və bütün dünya belə bölgənin taleyi ilə bağlı qərarlar qəbul edərkən bundan sonra 44 günlük savaşın nəticələrini, Azərbaycanın qələbəsini nəzərə almaq məcburiyyətindədir. Dolayısı ilə Ermənistana xatırladılır ki, Azərbaycan yeni reallıqlar yaradıb, hansıki bununla Avropa İttifaqı da razılaşmaya bilmir və ermənilərin də bununla razılaşması yeganə çıxış yoludur.

Bu yaxınlarda on erməni məhbusun Azərbaycan tərəfindən azad edilməsini Ş.Mişelin alqışlaması da diqqət çəkən məqamdır. Aİ Prezidenti məhbusların azad edilməsini alqışlamaqla, əslində, humanitar məsələlərin həllinin vacib əhəmiyyət daşıdığına diqqəti cəlb edir və bununla yanaşı nəzərə çatdırır ki, rəsmi Bakının humanist mövqeyi təqdirəlayiq hesab olunur. Eyni zamanda bu ondan xəbər verir ki, Aİ Prezidenti bununla da rəsmi Bakının mövqeyini dəstəkləyir. Şarl Mişelin məhbus və əsirlərin azad edilməsinə, qaytarılmasına xüsusi önəm verdiyini, alqışladığını bəyan etməsi daha fərqli, diqqət çəkən məqamdır. Nəzərə alsaq ki, Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən 4000 nəfərə qədər itgin düşən azərbaycanlı var, deməli, Aİ Prezidentinin məhbus və əsirlərlə bağlı fikirlərindən belə məlum olur ki, o, həmin insanların da taleyi, azad olunması, qaytarılması ilə bağlı Ermənistan tərəfinə ciddi mesajlar verib, hansıki bu da bizim Brüssel görüşündən əldə etdiyimiz uğurlar sırasındadır.

Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilməsi də Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə Aİ tərəfindən dəstəkdir. Bir sözlə, Şarl Mişel açıq şəkildə bəyan edir ki, Avropa İttifaqı Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Yəni, Ermənistan üz tutduğu Brüsseldən də dəstək ala bilmir, əksinə, erməni baş nazirinə başa salınır ki, onun boyun qaçırması, əngəllər axtarması deyil, Azərbaycanın sülh müqaviləsi təklifi dəstəklənir. Deməli, sülh müqaviləsinin imzalanması barədə Aİ-nin mövqeyi bəlli oldu və bu mövqe birbaşa rəsmi İrəvana bəyan edildi. Bəyan edildi ki, Azərbaycan öz təklifində haqlıdır və bundan ermənilər üçün qaçış yoxdur. Dolayısı ilə Aİ Prezidenti ona sığınmaq istəyən Paşinyana başa saldı ki, o və onun rəhbərlik etdiyi qurum Ermənistanın deyil, Azərbaycanın tərəfindədir.

Artıq Ermənistan yaxşıca əmin oldu ki, nə Rusiya, nə də Avropa İttifaqı dəstək olmaq iqtidarında deyil. Paşinyan da öz növbəsində əmin oldu ki, nə Soçi, nə də Brüssel görüşü ona tələblərdən boyun qaçırmaq şansı vermədi. Əmin oldu ki, Rusiya kimi Qərb də Azərbaycanı dəstəkləyir və ölkəmizin mövqelərini müdafiə edir. Daha dəqiq desək, dəstəkləmək, müdafiə etmək məcburiyyətindədir. Bunu da, bu məcburiyyət qarşısında olduqlarını da bir-birinin ardınca keçirilən görüşlər təsdiqlədi. Bütün bunlar da təbii ki, səbəbsiz deyildi, əbəs yerə ola bilməzdi və müəyyən məqamlardan asılı idi ki, bu da Azərbaycanın qələbələri, hərb meydanının ardınca diplomatik müstəvidə uğurları, zəfərləri sırasından hesab olunur.

Bilirik ki, xristian həmrəyliyi deyilən bir təəssübkeşlik dünyada mövcuddur və hər dəfə bu təəssübkeşliyin, nəticədə də ikili, ədalətsiz yanaşmanın şahidi olmuşuq. Hər dəfə konkret faktlar, arqumentlər ortaya qoyulsa da ermənilərin uydurmaları nəzərə alınırdı və böhtan xarakterli iddiaları, yalanları belə az qalırdı ayaq tutub yerisin. Bunun da səbəbi bəlli idi. Bəlli idi ki, heç bir xristian ölkəsi xristian dövləti olan Ermənistanı yox, müsəlman ölkəsi olan Azərbaycanı dəstəkləməkdə maraqlı deyil. Bunu az qala açıq-aşkar bəyan edirdilər. Maraqlıdır, niyə indi biz bunu müşahidə etmədik? Niyə artıq dəfələrlə biz bunun əksini müşahidə etdik? Məsələn, sonuncu görüşdə, Brüssel görüşündə niyə buna şahid olmadıq? Həqiqətən də çox düşündürücü bir məqamdır və bunun bir səbəbi olduğu da istisna edilə bilməz.

Bəli, məsələ burasındadır ki, xristian həmrəyliyi fonunda belə artıq həmin o xristian dövlətləri Ermənistana kömək edə bilmirlər. Artıq ikili standartlar, ikili yanaşmalar sərgiləyə bilmir, ədalətsiz yanaşma ortaya qoya bilmirlər. Çünki, bu xristian həmrəyliyini üstün tutub ədalətsizliyə rəvac verən ölkələr belə Azərbaycan həqiqətlərini təkzib edə, ölkəmizin, ölkə başçımızın haqlı olduğunu inkar edə bilmirlər. Səbəb də bəllidir. Əvvəla, Azərbaycan 44 günlük müharibənin məntiqi nəticəsi ilə, qələbəsi ilə sübut etdi ki, heç də Ermənistanla müqaisə olunan deyil və dəfələrlə güclü bir dövlətdir, öz haqq və hüquqlarını da müdafiə etmək, sərhədlərini, ərazi bütövlüyünü qorumaq, ələlxüsus öz problemini özü həll etmək iqtidarında, əzmindədir. Yəni, istənilən ölkənin, istənilən beynəlxalq təşkilatın mövqeyindən asılı olmayaraq bundan sonra da öz haqqını müdafiə edə bilər və edəcək. Ermənistandan fərqli olaraq, bu məsələdə də Azərbaycanın kimə isə ehtiyacı olmadığını tam şəkildə hər kəs anladı. Bir sözlə, Avropa İttifaqının timsalında beynəlxalq təşkilatlar və hərhansı xristian dövlətləri anladılar ki, onların mövqeləri Azərbaycanın iradəsinə təsir edən deyil, biz öz hüquqlarımızı müdafiə etmək əzmindəyik. Belə olan halda müqavimət belə göstərməyin mənasız olduğunu onlar dərk etmək məcburiyyətində qaldılar.

Digər tərəfdən Avropa İttifaqının timsalında bütün beynəlxalq təşkilatlar da, Ermənistanı bir xristian təəssübkeşliyi fonunda müdafiə etməyə çalışan xristian dövlətləri də gördülər ki, Azərbaycan tam hüquqi şəkildə davranır, beynəlxalq hüququ, ədaləti, humanizmi rəhbər tutur və tələblərində də haqlı olduğunu kimsənin təkzib etmək yolu qalmır. Bir sözlə, ölkəmizin mövqelərini dəstəkləməkdən başqa çarə qalmır. Ən azından həmin ölkələr öz imici, nüfuzu naminə də olsa buna məcburdurlar. Məcburdurlar ki, dəstəkləsinlər və bu şəraiti də Azərbaycan öz zəfəri, öz qələbəsi, uğurlu inkişafı, qüdrəti, müzəffər Ali Baş Komandanının qətiyyəti, siyasi iradəsi, Azərbaycan Ordusunun şücaəti, xalqımızın milli həmrəyliyi, qüruru hesabına qazanıb. Deməli, ölkəmizin 44 günlük zəfər savaşının ardınca Azərbaycanın diplomatik uğurlarını, qələbələrini hər kəs etiraf etmək məcburiyyətində qalır. Bəli, Brüssel görüşü Azərbaycanın mövqelərinin müdafiə edilməsi, uğurlarımızın, istər hərb meydanında, istərsə də diplomatik meydanda qələbələrimizin etirafının təntənəsi oldu. Avropa bu uğurlarımızı etiraf etmək, qəbul etmək, hətta mövqelərimizi dəstəkləyərək müdafiə etmək məcburiyyətində qaldı ki, bu da bizim ən böyük uğurlarımızdan hesab olunur.

Azərbaycanın Brüsseldə qazandığı diplomatik qələbəsi, növbəti uğuru barədə Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev münasibət bildirib və Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı müzakirə edilən məsələlərin Azərbaycan üçün məqbul olduğunu və bunun ölkəmizin başçısının qətiyyətli mövqeyinin nəticəsi kimi qiymətləndirildiyini dilə gətirib.

Komitə sədri qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi, Ermənistan-Azərbaycan dövlət sərhəddinin delimitasiyası, komunikasiya və nəqliyyat xətlərinin açılması məsələlərinin görüşdə geniş müzakirə edilməsi və razılığın əldə olunması göstərir ki, artıq Ermənistan reallıqları dərk etməkdə, Azərbaycanın gücünü, beynəlxalq aləmdə qazandığı mövqeyini başa düşməkdədir.

“Bu görüş həm də Avropa İttifaqının Azərbaycanla yaxınlaşmasına göstərdiyi cəhdin və dövlətimizin haqq işinə verdiyi dəstəyin ifadəsidir. Artıq Avropa ölkələri Azərbaycan Prezidentinin demokratiya, sülh və azadlıq, qarşılıqlı əməkdaşlıq çağırışlarına önəm verməkdə, bunun əməli işdə həyata keçirildiyini görməkdə və hadisələrin gedişinin fərqindədirlər.

Azərbaycan torpaqları uzun müddət erməni təcavüzkarlarının işğalına məruz qalıb, şəhər və kəndlərimizin viran edilməsinə, müharibədə möhtəşəm qələbə qazanılmasına, erməni silahlı qüvvələri üzərində tam qələbə qazanılmasına baxmayaraq, yenə də Prezidentimiz sülhə, mehriban qonşuluğa çağırışlar etməkdədir. Əlbəttə bu, dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir və ədalət bərpa olunmalıdır. Brüsseldə keçirilən üçtərəfli görüş, elə bilirəm buna nümunədir və Azərbaycan üçün çox faydalıdır”, deyə Tahir Rzayev bildirib.

Göründüyü kimi, həqiqətən də reallıqlar göz önündədir və bunu inkar etmək mümkün deyil. Ermənistan cəmiyyətinin, erməni baş nazirinin sığındığı Qərb belə bunu edə bilmir və artıq müəyyən etiraflar edir. Artıq Avropada, Brüsseldə ölkəmizin həqiqətləri həm dərk edilir, həm də qəbul edilir. Yəqin ki, Qoca Qitədə bunun əksini düşünməyin faydasın, eləcə də mənasız olduğunu anlayıblar. Əks halda təmtəraqlı şəkildə Brüsselə yollanan Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdən əli ətəyindən uzun ayrılmazdı və sifət ifadələri belə onun narazı qaldığını göstərir, hansı ki, bu özü də məğlubiyyətin qəbul edilməsi etirafıdır. Məntiqi olaraq belə bir nəticə ortaya çıxır ki, artıq Avropa həqiqəti dərk etməkdədir və Azərbaycanın mövqeyinin ədalətli mövqe olduğu qənaətinə gəldiyini belə etiraf edir.

Digər xəbərlər