“44 günlük Vətən müharibəsindəki uğurları ilə bütün dünyanı necə heyran etdisə, hal-hazırda post-müharibə dövründə də cənab Prezident İlham Əliyev diplomatik müstəvidə uğurlar qazanmaqdadır. Biz qalib bir ölkənin vətəndaşları kimi bunların hər birini qürurla izləyirik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, Brüssel görüşündə cənab Prezidentin siyasi gedişləri, düzgün düşünülmüş strategiyası, qətiyyəti, ağlı ümumilikdə hər biri öz sözünü dedi: “Nəticə etibarilə bu görüşdə də Azərbaycan uğurla ayrıldı. Brüssel səfəri cənab Prezident İlham Əliyevin möhtəşəm ifadələri ilə yadda qaldı. Biz burada bir neçə məsələyə toxuna bilərik. Bunlardan biri həm Avropa İttifaqının, həm də NATO-nun Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi məsələsidir. Bu bizim üçün çox vacib bir məqam idi. Ali Baş Komandanın da söylədiyi kimi artıq Qarabağ məsələsi bitib. Yəni bu məsələ artıq öz həllini tapıb. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olunub. Həmin suveren hüquqlarımızı beynəlxalq aləm, NATO tanıyır. İkinci məsələ isə ermənilərin ATƏT-in Minsk qrupunu sonrakı proseslərə qatmaq cəhdidir. Burada da biz gördük ki, sözün əsl mənasında Nikol Paşinyan heç bir siyasi gediş edə bilmədi.
Dəhliz məsələsinə gəldikdə isə cənab Prezidentin Zəngəzur dəhlizində hansı qaydalar tətbiq olunacaqsa, Laçım dəhlizində də eyni qaydalar tətbiq olmalıdır ifadəsini işlətməsi demək olar ki, siyasi aləmdə şok effekti yaratdı. Bu cənab Prezidentin çox qətiyyətli və düzgün düşünülmüş siyasətinin bariz nümunəsi kimi göstərilə bilər. Ümumilikdə isə biz növbəti beynəlxalq qələbəmizi qazandıq. Cənab Prezidentin Brüssel səfəri çox uğurlu tarix kimi yadda qalacaq. Düşünürəm ki, Brüssel səfəri Azərbaycan diplomatiyasının yeni böyük uğuru kimi sayılmalıdır”.
Arzu Qurbanzadə