Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində ölkədə islahatlar davam etməkdə və uğurla həyata keçirilməkdədir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında 16 oktyabr 2021-ci il tarixli sərəncama əsasən 2022-ci ildə sosial islahatların keçirilməsi artıq reallaşır.
“İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək və dövlət tərəfindən bu məqsədlə 1,5 milyard manat vəsait ayrılacaqdır. 2022-ci ilin yanvarın birindən dövlət ümumtəhsil müəssisələrində, dövlət peşə təhsili müəssisələrində çalışan müəllimlərin əmək haqqının artırılması təhsilimizə, müəllimlərimizin sosial rifah halının yaxşılaşdırılmasına göstərilən qayğı və diqqətin ifadəsidir. Əmək haqqı artımı 165 min təhsil işçisini əhatə edir və bu məqsədlə də dövlət büdcəsindən 273 milyon manat vəsaitin ayrılması nəzərdə tutulubdur.
Cənab Prezident İlham Əliyevin imzaladığı yeni sərəncamda minumim əmək haqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır və dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləği də bu sərəncama uyğunlaşdırılacaq ki, bu da çoxsaylı insanları əhatə edəcəkdir. İmzalanan bu sərəncamlar bütün sahələrdə aparılan səmərəli islahatların davamı kimi qiymətləndirilməlidir. Bu, ilk növbədə ölkənin iqtisadi inkişafından, yeni gəlir mənbələrinin aşkar edilməsindən, iqtisadiyyatın və büdcənin düzgün istiqamətləndirilməsindən xəbər verir.
İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Cənab Prezident bütün varlığı ilə Azərbaycan xalqının xoşbəxt gələcəyinə, dövlətimizin inkişafına və beynəlxalq aləmdə tanınmasına çalışır. İmzalanan sosial sərəncamlar və həyata keçirilən çox mühüm layihələr bunun parlaq nümunəsidir”, deyə Tahir Rzayev bildirib.