"Avropa İttifaqının təşkilatçılığı ilə Azərbaycan və Ermənistan arasında 14 oktyabr tarixində keçirilən Brüssel görüşündə mina xəritələrinin verilməsi, hərbi əsirlərin qaytarılması kimi humanitar məsələlərdə razılıq əldə olundu". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Azərbaycan təbii olaraq humanizm mövqeyindən çıxış edərək 10 hərbi əsiri geri verdi.
Bu barədə Məhəmməd Əsədullazadə fikirlərini belə izah edib: "Brüssel görüşündə dəmiryolu xəttinin çəkilməsi də razılaşdırıldı. Beləliklə Azərbaycan və Ermənistan arasında müəyyən pozitiv ortam formalaşdı. Avropa İttifaqının vasitəçiliyi ilə 10 erməni əsirin qaytarılması Azərbaycan tərəfindən Avropa İttifaqına yandırılan bir yaşıl işıq kimi qiymətləndirilə bilər. Düşünürəm ki, Avropa İttifaqının vasitəçiliyi hər iki ölkənin maraqlarına uyğundur. Avropa İttifaqı bununla regionda həqiqi sülh və təhlükəsizliyin təmin olunmasında həqiqi vasitəçi ola bilər. 10 erməninin qaytarılması iki ölkə arasındakı normallaşma prosesinə töhfə verə bilər. Ancaq ilk növbədə Ermənistan tərəfi düşmənçilik mövqeyini aradan qaldırmalıdır".