"Son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müsahibə almaq istəyən dünyanın nüfuzlu mətbuat orqanlarının sayı artmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, İlham Əliyevin "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibədə bir daha bütün dünya ölkələri uğurlu dövlət quruculuğunu, bir ölkənin öz resurslarına söykənərək öz problemlərini həll etmək metodologiyasını daha da dərindən öyrəndi: "Azərbaycan şərqlə qərbin kəsişməsində yerləşdiyinə görə dövlətimizin bir sıra məsələlərə baxış bucağı xarici mətbuat tərəfindən çox böyük marağa səbəb olur. Eyni zamanda cənab Prezident bir şəxsiyyət kimi mətbuatda böyük maraq doğurur. Cənab Prezident İlham Əliyev son müsahibəsində bir çox məsələlərə toxundu. Bu məsələlərə Ermənistan ilə münasibətlər, ötən il başa çatmış Dağlıq Qarabağ müharibəsi, Azərbaycan İtaliya münasibətləri, dövlətimizin gələcəyə dair planları və s. aiddir. Cənab Prezidentin verdiyi cavablar çox açıq və Avropa oxucusunu qane edəcək bir formada idi. Azərbaycan ərazi bütövlüyünün beynəlxalq hüquqi normalara uyğunluğunu və Ermənistan ilə hərtərəfli münasibət qurmaq istədiyini bir daha bildirdi. Ən əsası isə son dövrlərdə, Ermənistanın müəyyən rəsmi dairələrinin revanşist bəyanatlarla çıxış etməsi heç də xoşa gələn bir hal deyil. Bununla belə Ermənistan tərəfdən addım atılacağı bir təqdirdə sərt cavablar verildiyi bildirilib. Müsahibədə Zəngəzur məsələsi də xüsusilə vurğulandı. Çünki bu təkcə Azərbaycan-Ermənistan üçün deyil, eyni zamanda bütün dünya üçün əhəmiyyətli bir hadisədir”.
Millət vəkili sözlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycandan Ermənistana və Naxçıvana keçmək biznesin inkişafına gətirib çıxaracaq: “Uzun bir aradan sonra Ermənistan həm dəmir yol xəttinin, həm də quru yolunun bərpa edilməsinə razılıq verərək, bu istiqamətdə hərəkət etmək istədiyini bildirdi. Artıq münaqişələr və müharibə geridə qaldı. Azərbaycan Ermənistanla yaxşı münasibət qurmaq istəyir. Burada hər şey Ermənistan tərəfdən asılıdır. Cənab Prezident bu müsahibəsi ilə dünyaya öz regionunda stabilliyin bərpa edilməsi, yaxşı əlaqələrin qurulması üçün həmişə hazır olduğunu bir daha bəyan etdi".
Banuçiçək Hüseynli