"2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirərək Azərbaycanın sosial dövlət kimi formalaşmasına nail olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev bildirib.
.jpg)
Onun sözlərinə görə, birinci növbədə sosial sahəni əhatə edən yeni qanunvericilik aktları qəbul edilmiş və təkmillləşdirilmişdir: “”Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və sair qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı qəbul edilmiş və həyata keçirilmişdir. Cənab Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri regionların inkişafına xüsusi diqqət yetirməsidir. Keçən dövr ərzində cənab Prezident tərəfindən müxtəlif dövrlər üzrə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlar” təsdiq edilmiş və bu Proqramlar uğurla həyata keçirilmişdir. Eyni zamanda “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” həyata keçirilmişdir. Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində yaradılan “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”- DOST Agentliyinin məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
Prezident İlham Əliyev Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edərək deyib: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi dayanıb. 2003-cü ildən ötən dövr ərzində ölkəmizdə minimum əmək haqqı 10 dəfə, orta aylıq əmək haqı 7 dəfə, əhalinin nominal gəlirləri 6.9 dəfə, real gəlirləri 7,6 dəfə, pensiyalar 9 dəfə artmışdır. 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin ümumi xərclərdə xüsusi çəkisinin 46,5% olması bir daha göstərir ki, xalqın sosial rifahının yaxşılaşdırılması Azərbaycan dövləti qarşısında duran ən başlıca vəzifələrdən biridir".
Banuçiçək Hüseynli