Erməni cəmiyyətində son günlər daha böyük narazılıqlar, fikir ayrılıqları, qarşıdurmalara belə sövq edəcək etirazlar müşahidə olunur və bu heç də səbəbsiz deyil. Əslində, proseslər tam olaraq Azərbaycanın xeyrinə cərəyan edir, ikinci Qarabağ müharibəsinin zəfərindən sonra diplomatik müstəvidə də bir-birinin ardınca ölkəmizin əldə etdiyi qələbələr göz önündədir və bu qələbələrin fonunda etirafdan, vəziyyətlə barışmaqdan başqa çıxış yolu görməyən erməni baş nazirin mövqeyi erməni cəmiyyətində birmənalı qarşılanmır, hətta ciddi şəkildə narazılıqla qarşılanır.
Araik Arutyunyanın son günlərdə Paşinyanın sülh sazişi barədə dediklərinə, eləcə də etiraflarına qarşı fikir bildirməsi də bir sıra məqamlara aydınlıq gətirir. Bu zamana qədər erməni baş nazirə sığınan, arxalanan bu Araik birdən-birə nəyə görə öz dayağına “təpik atmaq” qərarına gəldi axı? Əlbəttə, bu heç də təsadüfi deyil və demək olmaz ki, separatçıların başçısı Arutyunyan başını itirərək öz oturduğu budağı kəsir. Əksinə, indi o oturduğu budağın məhz Paşinyan tərəfindən kəsildiyini görür deyə erməni baş nazirə “təpik atmaq” qərarına gəlib. Araik dərk edir ki, Paşinyanın etirafları, sülh sazişi barədə dedikləri separatçıların şah damarının kəsilməsi, nəticə etibarı ilə də sonu deməkdir. Kimdir Araik və Ermənistanın, Nikolun dəstəyi olmadan mahiyyəti nədən ibarət ola bilər? Əslində, Araik Arutyunyan Ermənistanın Qarabağa atdığı bir fiqurdur və bu ölkənin, onun hakimiyyətinin dəstəyi olmadan fiqur belə olmaq şansını itirir. Sözsüz ki, onsuz da o özü də bu və ya başqa mənada şansını durmadan itirdiyinin fərqindədir və təpəsindən çıxan tüstü də elə buna görədir.
Təsəvvür edəndə ki, Ermənistandan gələn dəstək, yardım kəsilir, ilk növbədə göz önünə çarəsiz, əlacsız Araik və onun ətrafına yığdığı çarəsiz separatçılar gəlir. Nə ilə dolanacaqlar, necə yaşayacaqlar, nə şəkildə mövcud olacaqlar sualı nəinki Arutynyanı, elə bütövlükdə erməni cəmiyyətini də düşündürür. Məhz elə bu cür düşünənlər də Paşinyanı hədəfə alıblar və nəinki narazılıqları, sualları da kifayət qədər çoxdur. İndi Ermənistanın siyasi səhnəsində elə bir kor duman əmələ gəlib ki, bu yolsuzluq şəraitində nəinki Araik, heç Paşinyan özü də yol tapa bilmir. Hərçənd, bunların ikisi də birinci növbədə öz başlarını qorumağı, kürkü suya verməməyi düşünür. Məsələn, Paşinyanın reallıqları görməsi, bunun fonunda da etiraflar etməsi ilə əlaqədar özünə qarşı yaranan etirazlardan ehtiyatlandığı və kürsüsünü itirməkdən də bərk qorxduğu kimi, Araik də öz varlığını tamamilə itirəcəyi qorxusu ilə yuxusunu qaçırıb.
“Qarabağa heç vaxt təkcə erməni ərazi vahidi kimi baxılmayıb, həmişə erməni-azərbaycanlı birgə ərazi vahidi kimi baxılıb", deyən Paşinyan bununla açıq etiraf edib və bu öz növbəsində, onun hansısa qondarma tələblərdən vaz keçdiyini göstərir. Əbəs yerə deyil ki, erməni baş nazirinin sözləri artıq neçə gündür ki, Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Erməni cəmiyyətində bəzilərinin bununla bağlı narahatçılığı da anlaşılandır, çünki Ermənistanın baş nazirinin belə bir fikir ifadə etməsi onun məramını, məqsədini üzə çıxarır, ortaya qoyur. Əvvəla, ermənilər dərhal dərk ediblər ki, baş nazirin bu etirafı əslində, onun Azərbaycanla sülh razılaşması ilə bağlı danışıqlara başlayacağı anonsu kimi qəbul edilə bilər. Digər tərəfdən də bu həm də ondan xəbər verir ki, Paşinyan artıq hansısa “status” tələb etmək iqtidarında, imkanında, heç niyyətində belə deyil və bu da ermənilərin Qarabağla bağlı arzularının birmənalı şəkildə puça çıxması, bu torpaqlardan əllərini birdəfəlik üzməsi anlamına gəlir. Məhz bu baxımdan Araik Arutyunyanın timsalında çığır-bağır salanların, Paşinyana “təpik” atanların narahatlığının, narazılığının nəyə görə olduğu başa düşülür.
“Əlbəttə, biz danışıqların başlanması və sülh müqaviləsinin imzalanmasında maraqlıyıq”, deyən erməni baş nazir Azərbaycanla sülh razılaşmasının əldə olunmasını istədiyini onsuz da açıq şəkildə etiraf edib. Bir növ, Paşinyan artıq reallıqlarla barışıb, müqavimət göstərməyin mənasız olduğunu, bunun ermənilər üçün acı nəticələrini qəbul edib. Nikol Paşinyanın timsalında bütün ermənilər başa düşürlər ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına, qondarma “status” məsələsinin müzakirə obyekti olmayacağı təqdirdə razılıq verir və bu da o deməkdir ki, sülh danışıqları elə “status” məsələsini də birdəfəlik tarixin zibilliyinə atacaq.
Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinə məcbur qaldığını və artıq hazır olduğunu Nikol yavaş-yavaş öz xalqının beyninə yeritməyə can atır. O, Qarabağın heç bir halda Azərbaycandan qoparılmasının mümkün olmayacağını həm etiraf, həm də elan edir. Xatırladaq ki, bu zamana qədər Ermənistanla sülhün əldə edilməsinə məhz “status” məsələsi maneə olub və nə zamansa özlərində güc toplayıb bir də Qarabağ məsələsini gündəmə daşımaq istəyənlərin bu son ümidi idi və bu ümidlərin də əldən alınması Paşinyana “təpik” atanların sayını artırıb.
Diqqətə çatdıraq ki, müharibədən sonra, ərazilər işğaldan azad edildikdən və Azərbaycanın nəzarətinə keçdikdən sonra qeyri-leqal qazanc mənbəyindən məhrum olanlar maliyyə baxımından çıxılmaz vəziyyətdə qalıblar. Narkotik dövriyyəsi və qazancı ilə bağlı əlləri bağlanan separatçılar çox məhrumiyyətlərlə qarşılaşıblar. Onlara dəstək olan Ermənistan özü də indi böyük, çox böyük dəstəyə ehtiyac duyur və işğalçı ölkənin Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində ayırılacağına ümid etdiyi vəsaitlər alınsa belə bu vəsaitlərin separatçılara maliyyə yardımı göstərmək üçün ayrılacağı artıq heç kimin ağlından keçmir, nəinki Paşinyanın. Çünki, Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı çərçivəsində ayrılması gözlənilən vəsaitlər büdcə xərclərinə nəzarət imkanı deməkdir və bu vəsaitlərin separatçılara yardım üçün ayrılması yolverilməzdir və mümkünsüzdür. Bunu dərk edən Araikin də indi atılıb-düşməsi, Paşinyana “təpik” atması əvvəlcədən də gözlənilən idi. Sadəcə, müxtəlif çirkin oyunlara burnunu soxan Arutyunyan nə zamansa oyunun qurbanına çevriləcəyini bilməli idi.
Ermənistan separatçılarla bağlı yükünü çiyinlərindən atır, çünki, praktik olaraq bunu daşımağa gücü qalmadığını görür və bu separatçıların “dövlət” qurmaq xülyalarının mənasız olduğunu, nəticəsiz qaldığını anlayır ki, bunun üçün də birmənalı şəkildə onlardan imtina edir. Araik isə ortada qaldığının, hətta onun özündən belə imtina edildiyinin fərqindədir. Fərqindədir ki, Paşinyan separatçılarla körpüləri yandırır və onun erməni baş nazirə qarşı son mövqeyi də buna görə belə aqressivdir. Araik Arutyunyanın məhz Nikol Paşinyanın kadrı olmasının fonunda onun indi aldığı “zərbə”dən aqressivləşməsi son çırpıntılar kimi görünür. Çünki, Paşinyan-Araik toqquşması, onların bir-birinə “təpik” atması əslində, mövcud reallıqlara qarşı son immunitet hadisəsi, son müqavimət, son çırpıntıdır.