"Dəyərli dostlar!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibəsini qürurla bir daha oxudum. Müsahibədə cənab Prezident vurğulayır: "Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var.” Həmin müsahibədə dövlət başçısının ölkəmizin hərbi sənayesinin günü-gündən inkişafını önə çəkməsi, ətraf mühit və ekologiyaya təsir baxımından mənim diqqətimi bu sahəyə ayırmağa sövq etdi". Bunu SİA-ya Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Deputatın sözlərinə görə, düşünmək olardı ki, hərbi sənaye ağır sənaye sahələrindən biri hesab olunduğundan, zavodlarda aparılan istehsalat fəaliyyəti ölkəmizin ekoloji mühitinə ciddi ziyan vurur: "Bu haqda məlumat almaq üçün müvafiq qaydada alınmış icazə əsasında Müdafiə Sənayesi Nazirliyinin ən iri müəssisələrindən biri hesab olunan “Şərq” İstehsalat Birliyinə oldum və deyə bilərəm ki, şübhələrimin tam əksini müşahidə etdim. Belə ki, müəssisədə istehsal prosesində əmələ gələn bərk tullantıların təhvil verilməsi atmosferə atılan tullantıların buraxıla bilən hədd daxilində atılması normalar çərçivəsində həyata keçirilir. Bölmələrdə atmosfer havasına atılan zərərli maddələrin miqdarını azaltmaq üçün 14-ədəd toz-tutucu qurğu quraşdırılmışdır. Həmin qurğular il ərzində 3,989 ton zərərli maddə tutulmuşdur ki, bunlardan 0,086 ton qeyri-üzvi toz, 0,401 ton abraziv metal tozu, 0,688 ton ağac tozu, 1,701 rəng aerozolları, 1,113 ton isə həlledicilərdir. İstehsal sahələrinin yay mövsümündə soyudulması üçün 14-ədəd "Ruftop" tipli kondensioner, qış mövsümündə qızdırılması üçün isə 5-ədəd müasir tipli qazan mövcuddur. Bundan əlavə qalvanika sahələrində hava sovurucu ventilyatorların giriş və çıxışında filtrlə, metal əritmə və taxta emalı bölmələrində siklonlar quraşdırılmışdır.
Müəssisə tərəfindən ətraf mühitə atılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyətcə miqdarı, o cümlədən ekoloji faktorları nəzərə alaraq tullantıların normativ miqdarı müəyyənləşdirilir. Bu zaman çirkləndirici maddələrin yayılma istiqaməti ətraf mühitin metroloji və iqlim şəraitinə uyğun həyata keçirilir. Müəssisədə əmələ gələn istehsalat və məişət tullantıları ərazidən kənarlaşdırılır, yaz-yay mövsümündə quru və yanar otalaqlar təmizlənir. Müəssisədə su ehtiyatının yığılması üçün hər birinin həcmi 2000m3 olmaqla 6 tutum vardır. İstehsalat tulantı sularının təmizlənməsi üçün müəssisədə neytirallaşdırıcı stansiya fəaliyyət göstərir. Kimyəvi neytirallaşdırma üsulundan istifadə edilir. İstehsalat tullantı suları ayrı-ayrı istehsalat sahələrindən müstəqil kanalizasiya xətti ilə neytiralizasiya qurğusuna verilir. Təsərrüfat-məişət suları yeməkxana və sanitariya xətlərindən müəssisənin ərazisində yığılaraq mexaniki təmizləyici qurğuya nəql edilir. Mexaniki təmizləmədə xlorlama üsulundan istifadə olunur. Beləliklə tullantı suları təkrar təmizlənərək suvarmaya, eyni zamanda istehsalatda avadanlıqların soyudulması prosesində istifadə olunur. Ümumiyyətlə müəssisədə əmələ gələn tullantıların azalması istiqamətində total işlər aparılır, texnoloji əməliyyatlarda mümkün olan tədbirlər görülür. Əlavə olaraq qeyd etməliyəm ki, müəssisə ərazisində il ərzində yaşıllaşdırma məqsədilə 1000-dən çox müxtəlif növ ağac əkilir. Əməkçilərin fasilə zamanı istirahəti üçün guşələr yaradılmışdır. Burada yaradılan şərait və təkrar istehsala maraq Istehsalat Birliyinin rəhbəri İlqar Nəzərovun və onun zəhmətkeş kollektivinin gərgin əməyinin nəticəsidir.
Danılmaz faktdır ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması respublikamızda güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Azərbaycanda müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlaması respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətlərdən biridir. Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə hərbi təyinatlı zavodların Azərbaycanda yaradılmasına xüsusi diqqət və qayğı göstərib. Məhz həmin dövrdə onun şəxsi təşəbbüsü və səyi nəticəsində Bakı şəhərində və digər bölgələrdə çoxlu sayda müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılıb. Bunun nəticəsidir ki, bu günə qədər Silahlı Qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər mühüm işlər görülmüşdür. Bu gün də Müzəffər Ordumuz yeni texniki imkanlar əldə etməklə müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyərək dünya hərb tarixinə öz qürurlu imzasını atmışdır.
Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur.
Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.
Diqqətçəkən başqa bir cəhət də odur ki, Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü Silahlı Qüvvələrimizi silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməyə imkan verir. Bunu qeyd etmək xoşdur ki, xarici bazarlarda Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara böyük maraq müşahidə olunur. İndiyə qədər keçirilən beynəlxalq sərgilərdə ölkəmizin istehsalı olan müdafiə məhsullarının da nümayişi dediklərimi təsdiq edir. Beynəlxalq miqyasda Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məmulatlara böyük maraq göstərilməsinin səbəbi onların keyfiyyətli olması, müasir tələblərə cavab verməsidir. Bir çox dövlətlər ölkəmizdə müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullara maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışırlar. Xüsusi ilə qeyd etmək istərdim ki, bu sahədə son dövrlər müşahidə olunan inkişafda və qazanılan nailiyyətlərdə Müdafiə Sənayesi Naziri Mədət Quliyevin xidməti böyükdür. Əminəm ki, cənab Ali Baş Komandan İlham Əliyevin bu sahəyə xüsusi diqqəti ölkəmizin hərb sənayesini daha da inkişaf etdirəcək və dünyada sülhün geniş məkan almasına xidmət edəcəkdir".