PDF Oxu

Siyasət

  • 6 527

Prezident İlham Əliyev: "Şuşanın bərpasını sürətləndirmək məqsədilə Mən yeni ili "Şuşa İli" elan edirəm" TƏHLİL

image

"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər yaddaşlardan heç zaman silinməyəcək ifadələrdir. Xalq bu müraciəti, bu anları səbirsizliklə gözləyirdi. Bu müjdənin verilməsi Azərbaycanın tarixinə açılan yeni səhifələrdən oldu. "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox", – deyə Cənab Prezident bildirib. Artıq biz Şuşaya qayıtmışıq. Şuşa həsrəti arxada qalıb. Torpağının hər qarışı bizim üçün əziz olan Şuşa yeni bir dövrünə qədəm qoyub. Müstəqil Azərbaycanın ŞUŞASI. Alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tarixi yaddaşı əsrlərin sorağıdır. Daşlaşmış yaddaşda tariximiz var, keçmişimiz, mədəniyyətimiz var. Tarixi-mədəni əhəmiyyət kəsb edən Şuşanın bu gün əvvəlki görkəminin özünə qaytarılması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər həyata keçirilir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, işğaldan azad olunan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradılır.

ŞUŞA DÜNYANIN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK
Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir.Qısa bir zamanda Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Eyni zamanda, dövlət başçımızın göstərişi ilə Şuşada vaxtilə keçirilən "Xarıbülbül" festivalı bərpa olundu. Bu festival şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Bildiyimiz kimi, tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarıbülbülü seyrə çıxıb. Qarabağda bu gülün şəninə konsertlər verilib, festivalar təşkil edilib. Ötən əsrin 80-ci illərinin sonundan keçirilməyə başlanan beynəlxalq musiqi festivalı məhz Xarıbülbülün adı ilə ifadə olunub və məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək", - dövlət başçısı çıxışlarının birində bildirib.
"AZAD EDİLMİŞ TORPAQLAR ARASINDA TƏBİİ OLARAQ ƏN GENİŞMİQYASLI BƏRPA İŞLƏRİ ŞUŞA ŞƏHƏRİNDƏ APARILIR"
2022-ci il dövlət başçısı tərəfindən "Şuşa ili" elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirdiyi kimi, "Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə Mən yeni ili "Şuşa İli" elan edirəm". Yola saldığımız ötən ildə Azərbaycan Prezidenti Azərbaycanın bölgələrinə 47 dəfə səfər etmişdir. Bu səfərlərin hər biri əlamətdar hadisələrlə yadda qalmışdır. "Bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq".Şuşa yeni bir qaynar dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları artıq Şuşada yeni bir həyatın başlanmasından xəbər verir. Dövlət başçısının ötən il Zəfər Günü ərəfəsində Şuşada Daşaltı məscidinin təməlini qoyması dünyaya növbəti mesaj oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoymaları daha bir layihənin reallaşacağını özündə ehtiva etmiş oldu. Dövlət başçısının imzladığı "Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən, 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200,0 (iki yüz) min manat ayrıldı. Bu artıq o deməkdir ki, Şuşa yenidən qurulur və dirçəlir. Xatırladaq ki, Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı. İnşa olunacaq yeni qüllə dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcək. Bütün bunlarla yanaşı, işğaldan azad edilən ərazilərdə, o cümlədən Şuşada da tibb və səhiyyə xidmətlərinin təşkili və həyata keçirilməsi üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir.
"BİZ 2022-Cİ İLDƏ ŞUŞA ŞƏHƏRİNİN 270 İLLİYİNİ QEYD EDƏCƏYİK"
XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Xalq əfsanəsinə görə, isə bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar. Şuşada "Bazarbaşı" deyilən yerdən "Şeytanbazara" qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılırdı. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi. Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur.Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edildi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı.Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Tarixi əsrlərə söykənən Şuşa yeni inkişaf yolundadır. "Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik" – deyə Cənab Prezident bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər