"Azərbaycan 2022-ci ildə əsas diqqəti Ermənistanla sülh müqaviləsinin imzalanmasına, bu konteksdə həm kommunikasiyaların açılmasına, həm də sərhədlərin delimitasiya məsələlərinə ayıracaqdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, eyni zamanda qarşıdan duran məsələlərdən biri də, işğaldan azad olunmuş bölgələrin minadan təmizlənməsi və böyük qayıdış münasibətilə həmin bölgələrə insanların köçürülməsidir: "Əsasən köçürülmə prosesi Ağdam, Füzuli, Cəbrayıl və Zəngilandan başlayacaq. Bu bölgələrdə reabilitasiya aparılması məqsədilə dövlət büdcəsindən 2 milyard pul vəsaiti ayrılmışdır. Biz bu istiqamətdə donor təşkilatlarla xüsusilədə Avropa İttifaqı ilə danışıqlar aparırıq. Bununla yanaşı Azərbaycan iqtisadiyyatı da sürətlə inkişaf etməkdədir. Şimal-Cənub dəmir yol dəhlizinin 2022-ci ildə açılacağı nəzərdə tutulur. Bununla yanaşı Azərbaycan Avropaya nəql etdiyi qazın həcmini artıra bilər. Artıq ilin əvvəlindən dəm qazının ilk partiyası Naxçıvan bölgəsinə verilməyə başlayıb. Eyni zamanda yeni ildən Astara üzərindən Azərbaycana nəql edilən qazın həcminin artırılması və bu prosesin “Talant” lahiyəsinə salınması nəzərdə tutulur.
Ölkədə qeyri-neft sektorunun xüsusilə də kənd təsərrüfatının inkişafı üçün maksimum imkanlar yaradılacaq. Azərbaycan iqtisadiyyatının canlandırılması ilə yanaşı hərbi quruculuq işləri üçün də geniş vəsaitlər ayıracaqdır. Azərbaycan ordusunun NATO standartları üzərində qurulması prosesi isə başa çatmaqdadır".