Şuşa barədə danışmaq, fikir bildirmək əlbəttə ki, şərəflidir və elə bilirəm hər bir Azərbaycan vətəndaşı Şuşa haqqında ətraflı məlumata malik olmalıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, Şuşa Azərbaycanın tarixi yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də Şuşa bizim qürur mənbəyimizdir, bizim vüqar amalımızdır."Şuşa uzun müddət başı bəlalar görmüş bir yaşayış məskəni olub və bəlalar görməsinə baxmayaraq həmişə öz qürurunu, öz vüqarını qoruyub saxlamış bir qalamızdır, alınmaz qalamızdır. Digər tərəfdən Şuşa bizim mədəniyyət mərkəzimizdir və nəinki Azərbaycanın mədəniyyət mərkəzidir, elə bilirəm unikallığına görə, özünün yerləşdiyi mövqeyə görə, təbiətinə görə dünyanın ən möcüzəli şəhərlərindən biridir. Şuşa Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə, Azərbaycan elminə, Azərbaycan təhsilinə çox böyük şəxsiyyətlər bəxş etmiş bir şəhərdir, bir yaşayış məskənidir. Həm də Şuşa bu gün bizim qürur mənbəyimiz sayılır.Azərbaycanın dövlət rəhbərinin, Ali Baş Komandanın böyük cəsarəti, şücaəti, qəhrəmanlığı, ordumuzun böyük fədakarlığı, bizim oğul və qızlarımızın yüksək məharəti, igidliyi sayəsində Şuşa düşməndən azad olundu. Azad olunandan sonra Şuşanın dünyaya təbliğ olunması, Şuşanın bir daha tanıdılması, Şuşanın hansı müqəddəs bir yaşayış məskəni olması barədə dünyaya informasiya verilməsi çox vacib idi və cənab Prezident bunu bir dövlət rəhbəri kimi özünün ən başlıca, müqəddəs amalı hesab elədi və Şuşada bir çox beynəlxalq tədbirlərin həyata keçirilməsinə sərəncamlar verdi. Əlbəttə ki, Şuşada Beynəlxalq Musiqi Festivalının keçrilməsi, orada Rəsm Qalereyasının açılması, Şuşa Bəyannaməsinin imzalanması, bir çox ölkə rəhbvərlərinin, ictimai xadimlərin, ən başlıcası da bizim qardaşımız, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etməsi, bu Şuşanın müqəddəsliyini bir daha artırdı və Şuşanın tanınması üçün çox böyük imkanlar yaratdı.Şuşanın bu gün inşa olunması, Şuşanın bərpasə demək olar ki, birinci dərəcəli vəzifə hesab olunur. Bu baxımdan 2022-ci ilin “Şuşa İli” elan olunması əlbəttə ki, Şuşanın dünyaya təqdim olunması üçün həm vacibdir, həm də bir vəzifədir. Elə bilirəm ki, 2022-ci ildə Şuşada daha möhtəşəm tədbirlər həyata keçiriləcək. Çünki, Şuşa öz unikallığı, öz möhtəşəmliyi ilə dünyaya örnək olan bir şəhərdir. Torpaqlarımız ardıcıl olaraq işğaldan azad olunanda cənab Prezident dönə-dönə təkrar edirdi ki, biz Şuşanı da azad edəcəyik. Təsadüfi deyil ki, Şuşa azad olunanda o Ulu Öndərin məzarını, Fəxri Xiyabanı ziyarət elədi və gözləri yaşardığı halda Ulu Öndərə bir raport verdi və “Ata, sənin vəsiyyətlərini yerinə yetirdim”, dedi. Bilirsinizmi, bu bir dövlət rəhbəri üçün, bir Ali Baş Komandan üçün ən duyğulu, ən vüqarlı, ən mənalı anlar idi. Çünki, sağlığında Ulu Öndər dəfələrlə xatırlatmışdı ki, biz Şuşamıza qayıdacağıq, biz Zəngilanımıza, Qubadlımıza, Ağdamımıza qayıdacağıq, o yerləri biz düşməndən azad edəcəyik. Ancaq Şuşanın adını dəfələrlə çəkmişdi. Şuşanın azadlığı bizim üçün ən böyük şərəfdir. Çünki, Şuşa bizim ləyaqətimizin, bizim amalımızın simvoludur və Şuşanın bu gün azadlığı hər bir Azərbaycan vətəndaşında qürur doğurur. Elə bilirəm ki, 2022-ci ilin “Şuşa İli” adlandırılması Şuşanın bütün dünyada tanıdılmasında mühüm əhəmiyyət kəsb edəcək”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev