PDF Oxu

Siyasət

  • 2 745

Azərbaycan dilindən, dinindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir - TƏHLİL

Azərbaycan dilindən, dinindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir - TƏHLİL

"Bu gün ölkəmiz haqlı olaraq dünyada konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, ümumi evimiz Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər". Bu fikirləri Prezident İlham Əliyev İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrikində bildirib.Məlumdur ki, Azərbaycanın pravoslav xristian icması Milad bayramını hər il təntənə ilə qeyd edir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Ölkədə bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir.Bu gün qətiyətlə deyə bilərik ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Belə ki, Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir və təsadüfü deyil ki, Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir. Bütün dünya ölkələri bu mühitə maraq göstərməsi də məhz mövcud mühitdən qaynaqlanır. Xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb.

QƏBUL EDİLƏN BİR ÇOX QANUNLARDA AZƏRBAYCANDA YAŞAYAN BÜTÜN MİLLİ AZLIQLARIN MƏDƏNİ KİMLİYİNƏ TƏMİNAT VERİLİB
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı, qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas amilləridir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayır. Burada etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olub.Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini - iyeşivalarını, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, klublarını, qəzetlərini yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur. Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Hazırda Azərbaycanda 7 sinaqoq fəaliyyət göstərir. Bildiyimiz kimi, hər il Qubadakı Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş-xa-Şana bayramını əmin-aman şəraitdə qeyd edirlər. Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə qəsəbə sakinləri sinaqoqa gedərək dualar oxuyur, ehtiyacı olanlara əl tutur, bayram süfrəsi arxasında toplaşaraq Tanrıdan günahlarının bağışlanmasını diləyirlər. Roş-xa-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər təntənəli şəkildə keçirir.Həqiqətən də. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
TOLERANTLIQ MÜHİTİ DÖVLƏT-DİN KONSEPSİYASINA UYĞUN DAHA DA MÖHKƏMLƏNİB
Dövlət başçısının təbrikində min illərdir Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının qarşılıqlı hörmət və etimad mühitində, sülh və əmin-amanlıq şəraitində yaşadıqları bildirilir. Çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirilən dövlət siyasətinin başlıca məqsədlərindən biri kimi diqqətə çəkilir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır".
Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, ən çətin anlarda belə bunu əməli fəaliyyətdə sübut ediblər. Bu gün ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şərəaitində yaşaması fikirlərimizi əsaslandırır.Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının siyasətidir.
Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər