PDF Oxu

Siyasət

  • 4 313

Rəngli inqilablarla gələn fəsil – baharmı, qışmı? - ANALİZ

Rəngli inqilablarla gələn fəsil – baharmı, qışmı? - ANALİZ

Yaxın tarixdə region ölkələr də daxil olmaqla dünyada baş verən, ilk baxışda daxili sosial sifarişlə başlanan iğtişaşların, etiraz aksiyalarının səbəbi və nəticəsi ilə tanış olanda bu həngamənin bir məqsədə qulluq etdiyinin fərqinə varırsan. Bəlli olur ki, əsasən transmilli şirkətlərin sifarişi və ssenarisi əsasında həyata keçirilən “demokratik dəyişiklik”lər əslində korporativ maraqlara xidmət edirmiş. Bu oyunlar getdikcə böyüyən və böyüdükcə də güclənən və rəqabət aparılması çətinləşən milli şirkətləri ram etmək, bu da alınmayanda onları məhv etmək üçün iri şirkətlərin hazırladıqları planının bir hissəsi imiş.

Misal da çəkmək olar. Bir anlığa yaxın 15-20 ildə qonşu dövlətlərdə baş verən hadisələrə diqqət edin. İnsanlar küçələrə çıxır, iğtişaşlar başlayır, gözə görünməyən əl hər iki tərəfin radikal addımlar atması üçün “şərait” yaradır və bundan sonra hadisələr məcrasından çıxır. İlk zərbə şəhər təsərrüfatına dəysə də, əsas və öldürücü zərbə milli burjuaziyaya dəyir. İri zavod və fabriklər dayanır, ölkəni ərzaqla təmin etməli olan kənd təsərrüfatı, nəqliyyat, xidmət sahələri iflic vəziyyətinə düşür(ülür). Bir sözlə, ölkə idarəolunmaz hala gəlir. Hakimiyyətin istefasından sonra isə əsl xaos başlayır. Və bu zaman əsl ssenaristlər meydana çıxır, ölkəni xilas etməyin yollarını göstərməyə, daha doğrusu hər şeyi ələ almağa başlayırlar. Nəticədə, xalq o vaxt ayılır ki, onun “həvəslə” iştirak etdiyi etiraz aksiyaları ölkə iqtisadiyyatını transmilli şirkətlərdən asılı vəziyyətə salmaq üçün zərgər dəqiqliyi ilə hazırlanmış plan imiş. Bu da sənə demokratiya...

Maraqlıdır ki, Soros təşkilatının aktiv olduğu transmilli şirkətlərin ssenaristləri insanları bezdirməmək, planın ifşa olunmasını əngəlləmək üçün hər ölkə üçün müxtəlif “rəngli” ssenarilər hazırlayır və onlara ad da qoyurlar. Gəlin “rəngli” inqilabların bir neçəsi ilə tanış olmazdan əvvəl ona Qərb mətbuatının verdiyi adlara baxaq. Rəngli inqilab (ing. Colour revolution) Postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Termin həmçinin Yaxın Şərq daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.

Sovet hökumətinin dağılması, Yuqoslaviyanın parçalanması zamanı bu hadisələrə hansı adın verildiyini yadımıza sala bilməsək də, 2000-2011-ci illər arasında həm “ərəb baharı”, həm də ondan xeyli əvvəl və sonra hazırlanmış və həyata keçirilmiş rəngli inqilabları sadalaya bilərik.

Qərənfil İnqilabı — İnqilab qərənfil rəngi ilə əlaqədardır, çünki qərənfillər geyinilirdi. Portuqaliyada 25 aprel 1974 günü güc tətbiq etmədən həyata keçirilən hərbi çevrilişdir. Portuqaliyanın avtoritar bir diktatorluqdan “demokratiyaya” keçidini təmin edəcək iki illik bir dəyişmə dövrünün başlanğıcı olmuşdur.

Sarı inqilab – Filippində 22 Fevral 1986-cı ildən 25 Fevral 1986-cı ilə qədər,

Kokos inqilabı - Papua-Yeni Qvineyada 1 Dekabr 1988-ci ildən 20 Aprel 1998-ci ilə qədər,

Məxməri inqilab və ya Nəzakətli inqilab Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.

Bulldozer inqilabı Yuqoslaviya 5 Oktyabr 2000-ci ildə,

Qızılgül inqilabı – Gürcüstan 3 Noyabr 2003-cü ildən 23 Noyabr 2003-cü ilə qədər. 2003-cü ilin noyabr ayında uzun sürən küçə etirazlarından sonra Mixail Saakaşvili bir qrup tərəfdarı ilə Gürcüstan parlamentinin binasına daxil olaraq, özünü itirmiş Eduard Şevardnadzeni iclas zalını tərk etməyə məcbur edir. Şevarnadzenin tribunada tələsik qoyub getdiyi çayı tribunaya qalxan Saakaşvili bir göz qırpımına içərək nitq edir. Həmin səhnə Gürcüstanda hakimiyyətin dəyişməsinin və Qızılgül inqilabı qələbəsinin rəmzinə çevrilir.

Narıncı inqilab - Ukrayna 22 Noyabr 2004-cü ildən 23 Yanvar 2005-ci ilə qədər. 2004-cü il noyabrın 22-də Kiyevin mərkəzi meydanında prezident seçkilərinin nəticələrinə etiraz olaraq kütləvi nümayişlər başladı. Sonda Ali məhkəmə təkrar seçki təyin etdi və nəticədə prezident Viktor Yuşşenko qalib gəldi.

Bənövşəyi inqilab İraqda (2004-2008-ci illər), Zanbaq inqilabı Qırğızıstanda (27 Fevral 2005-ci ildən 11 Aprel 2005-ci ilə qədər), Sidr inqilabı Livanda (14 Fevral 2005-ci ildən 27 Aprel 2005-ci ilə qədər), Mavi inqilab (2005-ci ilin mart ayında) Küveytdə, Cins inqilabı Belarusda (19 Mart 2006-cı ildən 25 Mart 2006-cı ilə qədər), Zəfəran inqilabı Myanmarda (15 Avqust 2007-ci ildən 26 Sentyabr 2007-ci ilə qədər), Üzüm inqilabı (6 Aprel 2009-cu ildən 12 Aprel 2009-cu ilə qədər) Moldova, Yaşıl inqilab İranda (13 İyun 2009 - 11 Fevral 2010), Yasəmən inqilabı Tunisdə (18 Dekabr 2010 - 14 Yanvar 2011) baş verib.

Etiraz dalğası 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləri kimi təqdim edilir. İlk qiyam 18 dekabrda Tunisdə başlayıb və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi ilə nəticələnib. Tunis “inqilabı”nın qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olub.

Xarici dəstək heç də hər zaman demokratiyaya xidmət etmir

"Ərəb baharı"nın yaşandığı ölkələrdə diktator rejimlərin mövcudluğu, insan haqları ilə bağlı problemlər, sosial-iqtisadi çətinliklər inqilabın baş verməsi üçün ilkin şərait yaratmışdı. Lakin ərəb inqilablarını yalnız daxili amillərin məhsulu kimi də qəbul etmək doğru olmazdı. "Ərəb baharı"nın Böyük Yaxın Şərq Layihəsinin (yaxud Böyük Orta Şərq Layihəsi) tərkib hissəsi olması ideyası da geniş yayılıb. Layihənin rəsmi olaraq elan edilən ana məqsədi azad olmayan ölkələrə demokratiya gətirmək olaraq açıqlanmışdır. ABŞ prezidenti Corc Buş (oğul) belə bir layihə ilə Orta Şərqə istiqamətlənmələrinin ən önəmli səbəblərini bir çox Orta Şərq ölkələrində var olan yoxsulluqla, qadın haqlarının pozulması ilə izah edib. Layihənin memarlarından olan ABŞ prezidentinin köməkçisi Dik Çeyninin sözlərinə görə, Böyük Orta Şərq Layihəsinin ana fikrinin bütün bölgəyə demokratiyanı yayaraq, regionu inkişaf etdirmək və sülhü qarantlaşdırmaqdan ibarətdir. ABŞ-ın keçmiş dövlət katibi Kondoleza Rays isə layihəni "Mərakeşdən Çin sərhəddinə qədər 22 ölkənin siyasi və iqtisadi coğrafiyasının dəyişdirilməsi" kimi səciyyələndirmişdi.

Lotus inqilabı (Misir inqilabı) — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsi. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilib. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olub. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb ediblər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi. Nəticədə demokratik yolla seçilmiş, Misir xalqının iradəsini ifadə edən seçkinin qalibi “Müsəlman Qardaşları” blokunun lideri Məhəmməd Mürsi olsa da 2013-cü ildə o ölkənin müdafiə naziri Əs-Sisi tərəfindən devrildi. Daha dəqiq desək transmilli şirkətləri idarə edən zümrə Mürsini Sisi ilə əvəz etməklə səhvini düzəltdi, plan bərqərar oldu.

Bəhreyndə baş verən “Mirvari inqilabı” müxalifətin çağırışı ilə "Qəzəb günü" aksiyası planlaşdırıldı və aksiyadan öncə polislə nümayişçilər arasında toqquşma oldu. Təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Karzakan şəhərindəki bir şiə kəndində baş verən toqquşmada gözyaşardıcı qaz və plastik güllədən istifadə etdi. Olayda yaralananların oldu. Bəhreyn Kralı Həmad bin İsa Əl Xəlifə gərginliyi azaltmaq üçün hər ailəyə 2650 dollar verəcəyini açıqladı, hökumət isə təhlükəsizlik əməliyyatlarında həbs edilən, yaşı 18-dən az olan uşaqların azadlığa buraxılacağını vəd etdi.

Qəhvə inqilabı Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çox ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə kütləvi aksiyalarla başladı. Nümayişlərdə minlərlə adam iştirak etdi. Mitinqlər Sana Universiteti də daxil olmaqla şəhərin 4 nöqtəsində başladı. Yəmənin cənubundakı şəhərlərin birində Fuad Sultan adlı sakin özünə od vurdu. Ağır dərəcəli yanıqlar alan taksi sürücüsünün intihara əl atmasına səbəb ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çəkməsi olub. Diqqət edin, Tunisdə icazəsiz ticarətlə məşğul olan gənc satdığı meyvə-tərəvəz polis tərəfindən müsadirə edildikdən sonra özünü yandırıb, Misirdə işsizlik, korrupsiya və qiymətlərin yüksək olmasına etiraz edən bir neçə nəfər özünü yandırıb. Və bundan sonar bu ölkələrdə hakimiyyətə qarşı kütləvi aksiyalar başlayıb.

Nəhayət, daha yaxın tariximizə diqqət edək:

Yasəmən inqilabı Çində (20 Fevral 2011-20 Mart 2011), Qvatemala etirazları (16 Aprel 2015-3 Sentyabr 2015), Rəngli inqilab Şimali Makedoniyada (12 Aprel 2016-20 İyul 2016), Məxməri inqilab 12 aprel 2018-ci ildə Ermənistanda baş tutub. Xalq arasında "Serj rədd ol" və ya Paşinyan tərəfindən Məxməri inqilab Ermənistanın müxtəlif şəhərlərində başlayan və millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğasıdır.

23 aprel 2018-ci il tarixində “Qarabağ klanı”nın lideri Serj Sarkisyan Sorosun "kuklası" Nikol Paşinyana uduzdu, həm kreslosunu, həm də mövcudluğunu itirdi. İki il sonra baş verəcək 44 günlük müharibədə uduzmasına baxmayaraq Paşinyan Sarkisyan-Koçaryan cütlüyünə böyük fərqlə qalib gələcəkdi. Paradokslarla dolu Ermənistanda hər nə desən gözləmək, eşitmək olardı bircə bundan savayı. Amma “əlahəzrət” Soros hər ssenarini həyata keçirməyə qadir imiş. Həm Ermənistanda inqilab etdi, həm Rusiyanın iki yetirməsinin kürəyini yerə vurdu, müharibədə uduzmasına baxmayaraq yenidən seçkilərə gedərək Paşinyanın qələbəni təmin etməklə ikinci və üçüncü prezidentləri birdəfəlik məhv etmək, əlbəttə Nikolun iradəsi ilə həll oluna bilməzdi. Ermənistandakı indiki durum heç də “rəngli” inqilab yolu keçmiş ölkələrdən yaxşı deyil, əksinə daha da pisləşməyə doğru gedir.

Son hadisələrdən, qardaş Qazaxıstanda baş verən hadisələrdən danışmasaq olmaz. Bəs Orta Asiyanın müsəlman-türk ölkəsində nə baş verir? Məlum olub ki, dünyada baş verən tendensiyalara uyğun olaraq Qazaxısran hökuməti sıxılmış qazın qiymətini nə az, nə çox düz 100 faiz artırıb. 60 təngəyə olan qaz 120 təngədən ticarət olunmağa başlayıb. İnsanlar sanki bir himə bənd imişlər kimi küçələrə çıxıblar. Dinc etiraz etmək istəyən əhalini çox keçmədən qaragüruh əvəz edir. Hökumətə, qazın qiymətinə etiraz etmək əvəzinə, şəhərdə dağıntılar başlayır, hökumət binaları, vətəndaşlara məxsus mağazalar, mülklər, avtomobillər yandırılır, dağıdılır, banklar ağır texnikalarla hücum edilir… Guya bu aksiyalar ölkənin kasıb təbəqəsinin maraqlarını təmin etmək üçün keçirilir. Amma, hadisələrin gedişi də göstərir ki, xalqın, millətin, ölkənin, dövlətin nəinki maraqları qorunub, hətta ayaqlar altına atılıb. Sanki soyğunçuların, başıpozuqların, oğruların, qulduqların cibi dolandan, bankları ağır texnikalarla yarıb oradan külli miqdarda pul oğurlayandan sonra etirazlar da səngiyəcəkmiş. Budurmu, ədalətin bərpası?

Dağıtmaq, yandırmaq, küçələrdə qanunsuz aksiya keçirmək təcrübəsi artıq hər kəsə tanışdır. Ədalətsiz davranışla ədaləti bərpa etmək kimi bir olay hələ heç bir ölkədə baş verməyib. Etiraz sosial sifarişli olmalıdır. Kənardan ixrac olunan istənilən təklif, ssenari, plan zərərli olur. Çünki burada kənar maraqlar var. Çalışın yad maraqların əlində oyuncaq olmayın…

V.VƏLİYEV

Digər xəbərlər