"Qazaxıstanda əyalət səviyyəsində başlanan etirazların bütün ölkəni əhatə etməsi burada kənar qüvvələrin maraqlı olmasından xəbər verir. Çünki etirazçıların istəklərinin yerinə yetirilməsinə baxmayaraq etirazlar davam etmiş və ölkə rəhbərliyinin istefası tələb olunub. Buna bənzər etirazlar artıq bir neçə post-sovet ölkələrində baş vermişdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.Siyasi şərhçi qeyd edib ki, ötən illər Rusiya və Belarusiyada biz buna bənzər hadisələrin şahidi olduq. Məsələ burasındadır ki, ABŞ Avrasiya və Mərkəzi Asiyada Rusiyanın təsirinin neytrallaşdırılması üçün səylərini artırıb və bunu gizlətmir. Tramp administrasiyası Rusiyaya qarşı daha loyal yanaşırdı. Bayden isə hesab edir ki, Rusiya post-sovet məkanında öz nüfuzunu bərpa etmək istəyir. O baxımdan bu ölkələrin daxilində xalq hərəkatına dəstək verilir.Vüqar Əhmədov bu barədə fikirlərini belə izah edib: "Qazaxıstan bu baxımdan önəmli ölkədir, həm KTMT, həm Avrasiya İttifaqının aparıcı dövlətidir, Rusiya və Çinlə geniş sərhədə malikdir. ABŞ Əfqanıstandan çıxandan sonra bu bölgədə mövqeləri zəiflədi. Bundan istifadə edən Rusiya həm Çinlə yaxınlaşmaq, həm də post-sovet ölkələrinin, xüsusən buraya Mərkəzi Asiya ölkələri daxildir, yeni siyasi-iqtisadi ittifaqını formalaşdırmağa çalışır. Əgər bunlar baş tutarsa ABŞ-ın bölgədə mövqeləri ciddi şəkildə zəifləyəcək. Bu isə Çinlə ciddi iqtisadi rəqabətdə olan ABŞ üçün böyük itki deməkdir, ona görə indi ABŞ Mərkəzi Asiyada qüvvələr balansını dəyişməyə çalışır. Bu isə Qazaxıstanda ciddi strateji maraqları olan Rusiya üçün yolverilməzdir, məhz bu məqsədlə vəziyyəti stabilləşdirmək üçün Qazaxıstana KTMT sülhməramlılarını göndərdi. Rusiya bu gün öz ətrafında yaranan qeyri-sabit vəziyyətdən narahatdır, çünki bu Rusiya Federasiyasının öz sabitliyinə və təhlükəsizliyinə ciddi təhdiddir. Əgər Rusiya Qazaxıstanda vəziyyəti nəzarət altına ala bilərsə, böyük ehtimal artıq Avrasiya məkanının daha dayanıqlı təhlükəsizlik sistemi ilə bağlı yeni təşəbbbüslərlə çıxış edə bilər".
sia.az