PDF Oxu

Siyasət

  • 2 137

Yeni hədəflərə hesablanmış fəaliyyət - TƏHLİL

Yeni hədəflərə hesablanmış fəaliyyət - TƏHLİL

Yaranmış reallıqlar dövrün tələbinə uyğun olaraq qarşıya yeni hədəflər qoyub. Azərbaycan artıq dünyaya öz sözünü deyən, qalib dövlət kimi səs salıb. Özünü təsdiq etmiş, gələcək inkişaf imkanlarına malik güclü dövlət olduğunu sübut edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmış Heydər Əliyev Fondu da ölkəmizin inkişafına öz töhfələrini vermişdir.

Fəaliyyətə başladığı zamandan bu günə qədər həyata keçirdiyi layihələrin, tədbirlərin hər biri Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edib. Genişmiqyaslı proqram və layihələri elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji və s. sahələri əhatə edir. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi töhfələrini verən Heydər Əliyev Fondunun demək olar ki, bütün sahələrdə rellaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hər bir layihəsi Azərbaycanın işıqlı sabahına əvəzsiz töhfədir. Yarandığı zamandan bu günə qədər zəngin, genişmiqyaslı layihələri ilə diqqəti cəlb edib. Reallaşdırdığı layihələrin hər birində cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, Azərbaycan xalqının mədəni ənənələri və mədəniyyətininin inkişafı və təbliği, insanların sağlamlığı diqqətdə saxlanılıb.Yola saldığımız 2021-ci ildə də Heydər Əliyev Fondu qarşıya qoyduğu hədəflərə doğru irəliləyərək genişmiqyaslı layihələrin müəllifinə çevrilib. Bu layihələr nəcib və xeyirxah əməllərdən yaranıb. Təkcə bir ilin – 2021-ci ilin qısa xronologiyasına nəzər yetirsək, fikirlərimizi təsdiqləmiş olarıq.
DİNLƏRARASI DİALOQUN İNKİŞAFINA HƏDƏFLƏNMİŞ LAYİHƏLƏR
Xatırladaq ki, Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü il ötən il Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanıldı. Belə ki, yola saldığımız ildə Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalandı. Bu onu göstərmiş oldu ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoymuş oldu. Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. Yeni əməkdaşlıq razılaşması Roma şəhərindəki katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinin əlavə olunması ilə nəticələnəcək.Heydər Əliyev Fondu ölkə daxili dini abidələrin bərpa və təmirinə böyük önəm verir. Ötən il əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biri olan Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksi bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verildi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılmışdı.
BÖYÜK QAYIDIŞA HEYDƏR ƏLİYEV FONDUNUN TÖHFƏLƏRİ
Bildiyimiz kimi, Ermənistanın otuz ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal altında olan ərazilər darmadağın edilib, erməni vandallığına və təcavüzünə məruz qalıb, o məkanlardakı misilsiz mədəni irsimizə çox böyük ziyan dəyib. Yüzlərlə tarixi abidənin – muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması erməni əməllərinə bir daha dünyaya təqdim etdi.Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Mehmandarovların da malikanəsi məhz bu çirkin niyyətlərin qurbanı olub. Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksində bərpa işlərini Heydər Əliyev Fondu aparır. Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən bərpa işləri davam etdirilir. Məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə də bərpa ediləcək.
ZƏFƏRİMİZDƏN YARANAN UNİKAL ƏSƏRLƏR DÜNYAYA MÜHÜM İSMARIC OLDU
Bəli, bu gün dağıdılmış ərazilərin bərpası və yenidən qurulması istiqamətində abadlıq-quruculuq işlər aparılır. Bu Böyük QAYIDIŞA Heydər Əliyev Fondu da töhfələrini verir. Belə ki, Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalı keçirildi. "Xarıbülbül" musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalı təşkil olundu. Festivalda 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində əldə olunan Zəfərimizdən ruhlanaraq unikal əsərlər ərsəyə gətirmişdilər. Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən rəssamlar Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan xarıbülbül maketləri üzərinə köçürüb, dünyaya mühüm ismarıc verən əsərlər təqdim etmiş oldular. Bu layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı geniş beynəlxalq auditoriyaya nümayiş etdirmək idi. Əlbəttə ki, məqsəd reallaşmış oldu.Heydər Əliyev Fondunun Şuşada reallaşdırdığı layihələri sırasında Üzeyir Hacıbəylinin heykəlinin açılışını qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmiş heykəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.
VƏTƏN MÜHARİBƏSİNİN XRONİKASINI TƏQDİM EDƏN WWW.44DAYS.İNFO SAYTI
Vətən müharibəsinin xronikasını təqdim edən www.44days.info saytı Heydər Əliyev Fondunun dəstəyi ilə yaradıldı. 8 başlıqdan ibarət olan bu portal 44 günlük Vətən müharibəsinin salnaməsini Azərbaycan, rus və ingilis dillərində izləyicilərə çatdırır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, dövlət başçısının müxtəlif beynəlxalq media qurumları və xəbər agentliklərinə müsahibələri, tvitləri, videokonfransları, onlayn görüşləri və müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışıqları, yerli və beynəlxalq qurumların, müxtəlif ölkələrin və təşkilatların nümayəndə heyətləri ilə keçirilən qəbullar və s. portalda əksini tapıb.Bütün bunlarla yanaşı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalını da qeyd etməliyik. Portal bu günə kimi şəhərdə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb. Portal 7 bölmədən ibarətdir. "Bizim Şuşa" adlı bölmədə şəhərin yarandığı gündən işğal olunduğu dövrə qədərki tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer alıb."Şuşada erməni vandalizmi" adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan olunması, məhv edilmiş mədəni irs nümunələrinin siyahısı və həmin abidələrin nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlarda diqqəti cəlb edir.
GƏRGİN ƏMƏK VƏ BACARIQ TƏLƏB EDƏN LAYİHƏLƏRİN MÜƏLLİFİ
Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Ölkəmizdə aparılan quruculuq işlərinə də töhfə verməklə məqsədini reallaşdırır. Əlbəttə ki, Fondun bir illik fəaliyyəti dövrünə nəzər salarkən ölkəmizdə təhsil müəssisələrinin tikintisinə ayrılan diqqəti də bildirməliyik. Belə ki, ötən il Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələri Fondun təşəbbüsü ilə reallaşmışdır. Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusu, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində həyata keçirilib. Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbi də qeyd etmək yerinə düşər. İsmayıllı şəhərində 6 saylı tam orta məktəbin yeni binasının istifadəyə verilməsi də Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutdu. Bu sırada Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçası da yer alır. Bütün bu və digər görülən işlər şagirdlərin, yetişən nəslin müasir tipli məktəblərdə təhsil almasına, rahatlıqlarını təmin olunmasına söykənir.Qısa bir zaman məsafəsində böyük işlərə imza atmaq və müəllifinə çevrilmək gərgin əmək və bacarıq tələb edir. Müxtəlif sahələrə eyni diqqəti ayırmaq və verilən vədləri vaxtında və yüksək keyfiyyətlə başa vurmaq çətin və məsuliyyətlidir. Həyatda özünü əməli fəaliyyətlə doğrultmaq, yüksək imic sahibi olmaq, ölkəninin ictimai-siyasi, mədəni həyatında sözünü demək güclü iradə, böyük istedad və yaradıcılıq tələb etdiyi kimi, vətənə olan ülvi sevginin də olması vacib şərtdir. Məhz Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu dəyərlərə söykənir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər