Qazaxıstanda bahalaşmaya etiraz olaraq əhalinin küçələrə çıxması, daha dəqiq desək, sosial tələblərlə başlayan aksiya, nümayişçilərin tələbləri yerinə yetirildiyi halda iğtişaşlara keçid alıbsa, deməli, bu hadisələr artıq siyasi mahiyyət daşıyır və planlaşdırılmış ssenari üzrə cərəyan edir. Təbii ki, Qazaxıstanda baş verən hadisələr arzuolunan deyil, çünki türk qardaşlarımızın müstəqil dövlətində belə hadisə baş verməsi sevindirici hal sayıla bilməz və Azərbaycan vətəndaşı dost, qardaş ölkə olan Qazaxıstanda əmin-amanlığın, təhlküəsizliyin pozulmasını istəmir və heç zaman istəməz də. Digər tərəfdən də Azərbaycanın mövqeyini, xüsusən 30 ilə yaxın işğal altında saxlanılan torpaqların geri qaytarılması, işğaldan azad edilməsi ilə bağlı mövqeyini hər zaman dəstəkləyən Qazaxıstanda xaos, qarışıqlıq olması, şərin hökm sürməsi arzuolunmaz haldır.
Qazaxıstanda cərəyan edən hadisələrin fonunda dövlət qurumlarının binaları dağıdılması, dövlət əmlakına ciddi ziyan vurulması heç də etiraz aksiyası kimi görünmür, bu bir dağıdıcı missiyadan xəbər verir. Sosial tələblərlə başlayan aksiyanın ardınca kütlənin belə bir addımı onu deməyə əsas verir ki, iqtisadi məsələlərlə bağlı xalqın etirazı artıq digər istiqamətə yönəldilib və sözsüz ki, bu da məqsədyönlü şəkildə edilib, kimlərinsə maraqlarına xidmət edir. Dövlət əmlakına ziyan vurulması ölkə iqtisadiyyatına və ölkədə sabitliyə ciddi təsir edən məsələlərdir ki, bunlar bu ölkənin vətəndaşlarının maraqlarına xidmət edə bilməz. Hadisələrin bu şəkildə cərəyan etməsində yalnız kənar qüvvələr maraqlı ola bilər və deməli, pərdə arxasında kənar qüvvələr var.
Etirazı dinc formada meydanlarda da səsləndirmək olardı, amma bütün dünya bunu müşahidə etmədi. Xoşagəlməz halla müşahidə edilməyə başladı. Yanğın, basqın, silah ələ keçirmə kimi halların hamısı arzuolunmaz haldır. Son illər müstəqilliyin və dövlətçiliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atan, keçmiş MDB ölkələri arasında bir sıra sahələrdə mühüm uğurlara nail olan Qazaxıstanın indi müstəqilliyi təhlükə altındadır ki, bunu ölkə vətəndaşının istəməsi heç cür inandırıcı səslənmir. İnandırıcı olan odur ki, bu ölkənin, Qazaxıstanın atdığı uğurlu addımlar, əldə etdiyi uğurlar kimlərin isə, hansısa güclərin işinə yaramadı və bu iğtişaşlara da rəvac verildi. Təbii ki, baş verən hadisələrdə kənar amillərin rolu danılmazdır və bir sıra ölkələrin ayrı-ayrı dövlətlərdə marağının olması məlum məsələdir, heç də sirr deyil. Məlum olan odur ki, bir sıra hallarda bu maraqların həyata keçirilməsi üçün müəyyən təzyiq vasitələrindən istifadə edilir.
Hadisələrin gedişi təsdiq edir ki, son illər bir sıra müsəlman ölkələrində baş verən iğtişaş və qarşıdurmalar bu ölkələrdə yalnız sabitliyin pozulması və iqtisadi tənəzzüllə müşahidə olunub. Qəddafi kimi bir lider, öz hakimiyyəti illərində ölkəsinin inkişafını təmin edən bir dövlət başçısına qarşı ölkə vətəndaşlarının qiyama qaldırılması bu ölkəyə səfalətdən başqa heç nə vermədi. Qəddafiyə qarşı qaldırılan qiyamla az qala yarım əsrə qədər müddət ərzində doldurulan ölkə xəzinəsi daşınıb aparıldı və nəticədə bu ölkə hansı hala düşdü, nə günə qaldı, hər kəs yaxşı bilir. Suriyada baş verənlər də uzaq keçmişdə deyil, bir örnəkdir və indi müsəlman ölkələrinin vətəndaşlarının, müsəlmanların hansı vəziyyətə salındığı da məsələnin mahiyyətini açıb ortaya qoyur. Kənar qüvvələrin oyunlarına alət olanlar bunu anladıqları zaman artıq çox gec olur və yaradılan gərginliyin fonunda əziyyəti də məhz ölkə vətəndaşları özləri çəkməli olurlar.
Qafqazda da kənar qüvvələrin qurduqları oyunların nəticələri bəllidir. İstər Gürcüstan olsun, istərsə də Ermənistan olsun, biz gördük ki, hər iki ölkədə qarışıqlıq yaradıldı və nəticədə ziyana məruz qalan ölkə vətəndaşları, ölkənin özü, dövlət və xalq oldu. Gürcüstan hadisələrinin ardınca Ermənistana da demokratiya adı altında qızıl dağlar vəd edənlər bu ölkəni də hansı hala saldığını bütün dünya ictimaiyyəti görür. Onlar görür və dərk edir ki, bölgədə marağı olan ayrı-ayrı dövlətlər zaman-zaman digər dövlətlərdə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışırlar. Bu məqsədlə demokratiya sözündən istifadə edənlər hətta müxtəlif metodlardan da istifadə edirlər və nəticədə özlərinə lazım olana nail olmağa çalışırlar, kütlənin maraqlarına xidmət etmirlər. Ona görə də belə vəziyyətin heç bir ölkədə baş verməsi arzuolunan deyil. Xüsusilə, Qazaxıstandakı hadisələrdən bir çox region dövlətləri də nəticələr çıxarmalıdırlar.
Qazaxıstanda vəziyyətin gərginləşməsində, destabilizasiyasında Qərbin də, Rusiyanın da maraqlarının olduğu görünür. İlk baxışdan nə qədər inanılmaz və hətta paradoksal təsir bağışlasa da, Qərbin "rəngli inqilab" ssenariləri hazırlayaraq reallaşdırmağa çalışan strukturlarının maraqları ilə Rusiyadakı şovinizm ideologiyasını fəaliyyət prinsipi hesab edən qüvvələrin maraqları tam üst-üstə düşüb Qazaxıstanda. Təbii ki, onların hər birinin öz fərqli maraqları da ola bilər, amma hər bir halda Qazaxıstan kimlərinsə maraqlarının qurbanına çevrilir və bu da həmin ölkə, xalq üçün fəlakətlidir.
Rusiyalı, "Vesti" nəşrinin jurnalisti Andrey Medvedyev, aşkar ermənipərəst "Sinyaya Boroda" Telegram kanalı, erməni diasporunun maliyyəsi, "himayə"si ilə, yəni qoltuğu altında fəaliyyət göstərən rusiyalı "hərbi jurnalist" və millətçinin idarə etdiyi "Starşe Eddi" Telegram kanalı, erməni diasporunun daha bir aləti, rusiyalı hərbi müxbir Aleksandr Kots, Rusiyada yaşayan erməni bloqer Mina Xaçatryan və başqaları indi fasiləsiz olaraq Qazaxıstandakı olayları "işıqlandırırlar". Hətta sosial şəbəkələrdə erməni istifadəçilərin, Qazaxıstanda “Turan” adını daşıyan universitetin, içməli su markasının, prospektin olmasından qıcıqlandıqlarını da açıq-aşkar görmək olur. Çünki, ermənilər bunu özləri üçün təhlükə olaraq gördüklərini də açıq şəkildə etiraf da edirlər. Bütün bunlar çox incə məqamları üzə çıxarmış olur. Belə məlum olur ki, əvvəla Qazaxıstanda xalqın arasına erməni adında provokativ qüvvələr salınıb və prossləri də onlar istiqamətləndirirlər. Yəni, ermənilər köhnə “ənənələrinə sadiq”, eyni zamanda “təcrübəli” toplum kimi yenə də ortaya atılıb, alət edilib və onlar şeytanın özünün də işini üzərlərinə götürüblər. Qısa şəkildə desək, görünən odur ki, bu şərin də mərkəzində, icraedicisi rolunda elə hər daşın altından çıxan erməni dayanır. Digər tərəfdən də aydın olur ki, deməli, Qazaxıstanda da baş verənlərin müəllifi, yaxud müəllifləri elə Ermənistandakı rəngli inqlabın törədiciləri, müəllifləridir. Yəni, şəri törədənlər, şərin başında duranlar, bir sözlə, şeytanın böyüyü olan “iblis”. Bu “iblis” açıqlamalarının birində açıq şəkildə etiraf da etmişdi ki, hansı ölkədə maraqları varsa, orada proseslərə də müdaxilə edir. Bu, həmin o Sorosdur ki, onu kimsənin tanımayacağı inandırıcı səslənmir. Bir sutka ərzində Britaniya banklarını “çökdürən” bu hiyləgərə dünyada əməllərinə görə ləqəb də qoyulub və bu ləqəb də diqqəti cəlb edir.
Bir sual yaranır ki, görəsən indi meydanda oyunlara alət olanlar görmədilərmi ki, bu rəngli inqlabdan sonra Ermənistanın əli bala batmadı? Görmədilərmi ki, ermənilərin, onların ağalarının şəri sayəsində Ermənistan səfalət içərisində inildəməsi ilə yanaşı, indi də məğlubiyyət açısını yaşayır? Ermənistanın hərbi gücü, Vətən müharibəsində bizə, bizim gücümüzə tab gətirməməsi müzakirə mövzusu deyil, amma görünmürmü ki, bu inqlablara, Qərb oyunlarına alət olan ölkənin iqtisadi durumu, vəziyyəti o hala salınmışdı ki, 44 gün belə maliyyə baxımından da bu ölkə tab gətirə bilmədi? Yəni, səfalətdən, məğlubiyyətdən, rüsvayçılıqdan, xaosdan başqa Qərb nə verdi Ermənistana? Kütləni, özü də idarəolunmaz kütləni, hakimiyyət, idarətmə haqqında təsəvvürü olmayan kütləni qızışdırıb meydanlara tökənlər həmin kütlənin səfalətə düçar olduğu, məğlubiyyətə uğradığı zaman arxasında durdumu? Durmadı və heç meydanda da olmadı. Sual oluna bilər ki, bəs o zaman harda idi Qərb? Xalqı, kütləni düşünürdülərsə, sonra niyə görünmədilər? Deməli, Qərbi heç zaman xalq, yaxud kütlə maraqlandırmayıb, demokratiya sözü belə bir bəhanə, işlədilən bir variantdır. O zaman bəs maraqları nə olub? Niyə Qərb belə oyunlar oynayır? Niyə Qərb öz oyunlarında kütləni alətə çevirir? Təbii ki, bu suallar hər kəsi düşündürməlidir və nəticə çıxarmaq üçün düşünmək, təhlil etmək, müqaisələr aparmaq lazım gəlir.
Aydın olur ki, Corc soros kimi, dünyada “Şər İblisi” ləqəbli birinin maliyyələşdirdiyi fiqurlar Ermənistanda olduğu kimi, Qazaxıstanda da təsir rıçaqlarına yiyələnməyə can atırlar. Niyə indi də məhz Qazaxıstanda? Ona görə ki, Qazaxıstandakı proseslər türkdilli dövlətlərin birgə fəaliyyətinə, əməkdaşlığının inkişafına və miqyasının genişlənməsinə qarşı hesablanıb. Bunu planlaşdıran “iblis” Qazaxıstanın hazırda Türk Dövlətləri Təşkilatında və ümumiyyətlə, türkdilli dövlətlərin inteqrasiya prosesində aktiv rol oynadığını da yaxşıca “götür-qoy” edib. Hədəfin təkcə Qazaxıstan olmaması bu prosslərin haradan qaynaqlandığını, hansı məqsədlərə xidmət etdiyini aşkara çıxarır. Aşkara çıxır ki, “iblis” yenə də ortaya atılıb, məqsədi də “şər” törətməkdir və bu da fəlakətdən başqa heç nə vəd etmir.
Şimal küləyini də nəzərdən qaçırmaq olmaz və indi Orta Asiyanın, Qazaxıstanın təbii zənginlikləri Rusiyanın diqqətini cəlb etməyə başlayıb, hansıki, bu sərvətlərin Rusiyanın üzərindən dünya bazarlarına daşınması hər mənada böyük divident deməkdir. Bu mənada Qazaxıstanda cərəyan edən hadisələrdə Rusiyanın “barmağı” da təkzibdilməzdir. Çünki, uzun zaman fasiləsində SSRİ-nin tərkibində qalan bu ölkə təbii ki, Rusiyanın maraq dairəsindədir. Ən azından rusların prosesləri yalnız Qərbin öhdəsinə buraxmaq kimi bir güzəştə gedəcəkləri inandırıcı görünmür. Ələlxüsus, Qərblə Rusiya arasında mövcud siyasi gərginlik fonunda rusların buna imkan verməməsində təəccüblü heç nə yoxdur. Çünki, hərhansı meydanı, özü də bu zamana qədər nəzarətində olan meydanı Qərbin ayaqları altına atmaq Rusiya üçün qəbuledilən sayılmır və bunu ruslar həzm edə bilməzlər. Məhz bu baxımdan rusların da prosslərdən kənarda qalmaması bir reallıqdır.
Son günlər rus millət vəkillərinin bir çoxunun rəsmi televiziya kanallarında Qazaxıstanın tarix boyu mövcud olmadığı, hazırkı qazax torpaqlarının vaxtilə Kreml tərəfindən onlara verildiyi barədə dedikləri təsadüfi deyil. Rusiyanın millət vəkillərinin eyni mövzuda bənzər fikirləri, “Qazaxıstan deyə bir ölkə heç bir zaman olmayıb”, deyən Rusiya Prezidenti Vladimir Putinin sözlərinin təkrar səsləndirilməsidir və bu, Kremlin məqsədini də ortaya qoyur. Yaxşı, bəs Kremlin məqsədi nə ola bilər? Təbii ki, Qazaxıstanın son illərdə Kremlin istəyi xaricində siyasət yeritməyə başlaması Kremli qane edə bilməzdi. Qazaxıstanın latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlar ilə əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması Rusiya üçün qəbuledilən deyildi. Nursultan Nazarbayevin ölkədəki Rusiya təsirini azaltmağa çalışması Kremli narahat edirdi və etirazlar əvvəlcə bir mesaj idi, amma ardınca daha fəlakətli vəziyyətə çevrildi.
Digər tərəfdən də Çinin "bir kəmər, bir yol" layihəsində Qazaxıstanın kilit ölkə roluna malik olmasını Rusiya həzm etmir və bunu görmək çətin deyil. Çindən gələn ticarət yolunun Qazaxıstan üzərindən Azərbaycana, Zəngəzur dəhlizindən Ermənistana, Türkiyə üzərindən isə Avropaya qədər uzanması da Rusiyanın maraqlarına cavab vermir. Elə buna görə də rəsmi Moskva Qazaxıstan torpaqlarından keçəcək xəttin öz torpaqlarından, daha dəqiq desək, Orlenburq, Çelyabinsk, Omsk kimi şəhərlərdən keçməsini istəyir. Sözsüz ki, Kreml bu istəyinə nail olması üçün hal-hazırda bütün mövcüd təsir rıçaqlarından istifadə edir və hadisələrin bu məcraya yönəlməsi də bu baxımdan təsadüfi deyil.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi yardım adı altında Qazaxıstana qoşun yeritməsi yanlış qərardır. Kreml bununla KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini pozur və Qazaxıstanda ikinci Əfqanıstan ssenarisinin yaranmasına imkan, şərait yaradır. Sual oluna bilər ki, Qazaxıstana hansı kənar qüvvə hücum edib ki, Kreml KTMT-nin bu ölkəyə gəlməsinə razılıq verib? Axı, KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə qeyd edilir ki ittiffaq üzvlərindən birinə kənar müdaxilə olarsa, digər üzvlər də ona hərbi yardım göstərə bilər. Heç bir halda baş verən etiraz aksiyaları KTMT-yə, yaxud da Tokayevə Nizamnamənin 4-cü maddəsinin 5-ci bəndindən istifadə hüququ vermir axı.
Nəzərə alsaq ki, dini radikalizmə meyilli olan qazax cəmiyyətinin ruslara qarşı nifrətini radikalizm və ekstimizm formasında göstərmə ehtimalı var, deməli, Qazaxıstanın ikinci Əfqanıstan ssenarisi ilə üz-üzə qalması gözləniləndir. Sanki, Kreml hazırki vəziyyətin gələcəkdə həm özü üçün, həm də Qazaxıstan üçün arzuolunmaz olacağının fərqində deyil, ya da bunu düşünmür, nəzərə almır. Amma nəzərə almaq lazımdır ki, KTMT-nin Qazaxıstana müdaxiləsi və bu ölkədə uzun müddət qalması tədricən daxildəki antirus qüvvələrin güclənməsi deməkdir. Bu isə öz növbəsində Əfqanıstan ssenarisinin təkrarlanması, yeni bir “Taliban” hərəkatı üçün zəmin yaradır. Görünür, Rusiya bunu ya nəzərə almayıb, ya da hesaba almır. Məsələ burasındadır ki, Taliban, İŞİD kimi qruplaşmaların, FETÖ terror təşkilatı kimi ideoloji qanadların radikal islamçı qazaxlara silahlı dəstək verəcəyi təkzib edilə bilməz və bu artıq artıq Rusiya üçün də, KTMT üçün də, ən başlıcası Qazaxıstanın özü üçün də çox böyük bir problem deməkdir.
Etiraf edilməlidir ki, dövlət və dövlətçiliyin sual altında qalması hər bir halda arzuolunan deyil. Müstəqilliyini itirməklə, asılı vəziyyətdə mövcud olmaqla suvernlik bir araya sığan deyil və bu həmin ölkənin özü üçün də, vətəndaşları üçün də maraqlı ola bilməz. Əksinə, bu hal ən fəlakətli haldır. Dövlətin daxilində baş verən hadisələrə kənar qüvvələrin qarışması nə qədər fəlakətli olduğu dəfələrlə öz təsdiqini tapıb və bu gün Qazaxıstanda da bunun nümunəsini görürük. Əslində, bu bütün ölkələr üçün bir nümunədir və hər bir ölkənin vətəndaşları da nəzərə almalıdırlar ki, ölkələri daxilində iğtişaşlar yalnız kənar qüvvələr üçün maraqlıdır, amma onların özləri üçün isə fəlakətli olur. Dövlətin təhlükəsizliyinin, stabilliyinin qorunmaması, kənar qüvvələrin təsirinə düşmək nəticə etibarı ilə böyük xaosa, qarmaqarışıqlıqlara, yekunda da ölkənin suverenliyinin itirilməsinə gətirib çıxara bilər ki, bunun da nələr vəd etdiyi bəllidir.