Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı sərəncamda qeyd olunduğu kimi, "Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”. Bəli, Şuşa Azərbaycanın qədim və əzəli şəhəridir. Azərbaycanın qədim şəhəri olan Şuşanın təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. 28 illik işğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.İllər öncə Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi.Bu gün isə Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Bugünkü Şuşanın yenidən qurulması isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.Burada keçiriləcək tədbirlər, forumlar, konfranslar, festivallar, konsertlər, müsabiqələr, sərgilər dünya ictimaiyyətinə bir daha çatdıracaq ki, Şuşa Azərbaycan xalqı tərəfindən əsası qoyulan məskəndir. Şuşa Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Bu gün biz tarixin “Şuşa ilində” yaşayırıq. Xoşbəxtik ki, Şuşanın 270 illiyini özümüz qeyd edirik. Təkcə müqəddəs şəhərimizi deyil, onun tarixini də yadelli işğalçıların əlindən qurtarmışıq. Şuşamız və Qarabağımız əsl sahibindədir və bu, hər zaman belə olacaq!
Zahid Cəfərov,
Bakı Dövlət Universitetinin professoru, Hüquq üzrə elmlər doktoru, YAP Yasamal rayon təşkilatının “Z.Xəlilov 23 (BDU)” ərazi partiya təşkilatının sədri