PDF Oxu

Siyasət

  • 3 528

Dini abidələrin təmir və bərpası dövlət siyasətinin əsas istiqamətlərindəndir ŞƏRH

Dini abidələrin təmir və bərpası dövlət siyasətinin əsas istiqamətlərindəndir ŞƏRH

Dünya xalqları arasında özünəməxsus yeri olan Azərbaycan bəşəri ideyaları, adət-ənənələri, maddi və mənəvi xəzinəsi ilə zəngin irsə sahibdir. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi dünyaya töhfəsini verir. Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Beləliklə, davamlı olaraq bu istiqamətdə tədbirlər reallaşdı. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirildi. Əlbəttə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə verdiyi töhfələr də əhəmiyyət kəsb edir. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Gəncə İmamzadə kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Xüsusi olaraq vurğulayaq ki, paytaxtımızda Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Heydər Əliyev Fondu tərəfindən "Tolerantlığın ünvanı - Azərbaycan layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib.

"XANIM FATİMEYİ ZƏHRA" MƏSCİDİNİN MÜASİR KOMPLEKSİNİN İSTİFADƏYƏ VERİLMƏSİNDƏN DÜNYA MƏTBUATI YAZIR

Dözümlülük, tolerantlıq məkanı olan Azərbaycanda bu istiqamətdə reallaşan layihələr dünya dövlətlərinin diqqətindən kənarda qalmır. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin yeni binasında yaradılan şəraitlə tanış olması Əlcəzairin "Əl Hərir" portalında yer alıb. Portalda bununla bağlı olaraq xəbər verilib və fotoşəkillər yayımlanıb. Əlbəttə ki, "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinə, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin bariz nümunəsidir. Xəbərdə məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şəraitin olmadığı diqqətə çəkilir. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. Bu gün Yeni Günəşlidə daha müasir və geniş məscid kompleksinin olması məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsinə imkan verəcək. Portal ərəbdilli oxucuların diqqətinə onu da çatdırıb ki, yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub.Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər