Fəqət haraya qədər, bunu bir Allah bilir, çünki “proqnozların” heç biri özünü doğrultmayıb, nəticələr isə “0”a bərabərdir!
Müxtəlif vasitə və yollarla siyasi arenaya atılan, məhz həmin gündən başlayaraq şəxsi maraqlarını milli və dövlətçilik maraqlarından üstün tutan, “fəaliyyətini” isə yalnız qaragüruhçuluq ideyaları əsasında quran, son illər ərzində xüsusilə sosial şəbəkələrdəki trollarından maksimum dərəcədə fayda götürmək məqsəsi ilə virtual “liderlik” obrazında yaşamağı özünə şakər edən AXCP sədri Əli Kərimlinin daha bir ənənəsi də mövcuddur: harada aş, orada baş...Məsələyə daha dərindən yansıyaq – hər hansı ölkədə, hətta uzaq Afrikada ya da Cənubi Amerikada qarmaqarışıqlıq hadisələri baş verər-verməz AXCP sədri dərhal həmin hadisələrə münasibət bildirməli, yaxud bu hadisələrin “tezliklə Azərbaycana da transfer olunacağını” deməlidir.
Əli Kərimli özünün “ağıllı”, yaxud “99,9%”-lik “proqnozlarını” verib, elə indi də həmin qeyri-ciddi “poroqnozlarını” verə-verə gedir
Məsələn, Tunisdəki göyərtisatanın özünü yandırması olayından başlayan “ərəb baharı”ndan uzaq Tanzaniyadakı “Mqananumba” qəbiləsinin digər qəbiləyə qarşı qiyamına, Ukraynada bir-birini devirərək əvəzləmiş hakimiyyətlərdən başlayaraq ucqar Venesuelakı qarşıdurmalara, Gürcüstandan yaxın Qazaxıstana və hətta Myanmaya qədər - bütün qiyam və inqilabların hamısında Əli Kərimli özünün “ağıllı”, yaxud “99,9%”-lik “proqnozlarını” verib, elə indi də həmin qeyri-ciddi “poroqnozlarını” verə-verə gedir. Fəqət haraya qədər, bunu bir Allah bilir, çünki “proqnozların” heç biri özünü doğrultmayıb, nəticələr isə “0”a bərabərdir!Halbuki bu adam indiyə qədər izah etmir və ya edə bilmir ki, nəyə görə “liderim” dediyi və şəklini başı üzərindən asdığı mərhum Əbülfəz Elçibəyi niyə, nə üçün hədəfə aldı, təhqir etdirdi, sonunda isə sədrlik kürsüsünü sözün əsl mənasında işğala məruz qoydu – iki onillikdən çoxdur ki, həmin kürsüdən ikiəlli yapışaraq kefi istədiyini edir. İstəyir onun səhvlərini üzünə deyən partiyadaşlarını trolları vasitəsi ilə qaralayır, söydürür, istəyir partbiletləri “siyasi mühacir” kimi Qərb ölkələrinə getmək istəyən şəxslərə satır. AXCP Əli Kərimlinin şəxsi biznes təşkilatıdır və bu da artıq danılmaz aksiomaya çevrilib.
Əli Kərimli birbaşa düşmən maraqlarına nökərçilik edir bu isə isbatdır!
Beləliklə, bir vaxtlar liderinə xəyanət edən şəxs qeyd edilən faktlarla yanaşı, növbəti xəyanətlərini birbaşa milli məcraya yönəldir və biz bütün bunları son zamanlar kifayət qədər müşahidə etməkdəyik, əvvəlki ampluadadırlar.Yadınızdadırsa, həmin bu Əli Kərimli bir neçə ay əvvəl necə deyərlər, “gül vurub” və özünü növbəti dəfə rəzil duruma salmışdı. Öz aləmində guya “sensasiyalı” status paylaşaraq, "Paşinyanın Azərbaycanı şoka salacaq səs yazısı" adlı cızma qarasında Azərbaycan hakimiyyətini xəyanətdə ittiham etməyə cəhd göstərmişdi.Təki qarayaxma olsun, təki onun dediklərinə çəpik çalanlar olsun ki, o da boynunu uzada-uzada özünü “dahi siaysətçi”, yaxud “lider” kimi hiss etsin. Lakin bu fərd unudur ki, onun partiya sədri olaraq digər bütün siyasi müxaifət partiya sədrlərinin imzaladıqları Vətən müharibəsi bəyanatına, Zəfərdən sonra isə Şuşa Bəyannaməsinə dəstək imzasını atmaması artıq məqsədinin nədən ibarət olduğunu açıq-aşkar ifşa edir – Əli Kərimli birbaşa (!!!) düşmən maraqlarına nökərçilik edir bu isə isbatdır!Hətta Əli Kərimlinin Azərbaycan hakimiyyətini “xəyanətdə” ittiham etməsi bəzi radikal müxalifətçiləri də hiddətləndirmişdi, yəni Əli Kərimlinin şərbazlığını qəbul etməmişdilər. Siyasi fəal Elbəyi Həsənlinin yazdığı maraqlıdır. "Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir. Ağıllı siyasətçilər öz rəqiblərinin ən zəif yerini nişan alırlar. Bizim "ağıllı" radikal müxalifətimiz də absurd ittihamları siyasi fəaliyyət hesab edərək tam destruktivizmlə məşğul olur”, deyə Həsənli yazmışdı. Bu gün də həmin status yerindədir...Beləliklə, elə bu ağılda olduqlarına görə 30 ildən çoxdur ki, yerlərində addımlayır, bir addım irəli atarkən iki addım, hətta daha çox geriyə sürüşürlər. Qoy sürüşsünlər, görək haraya qədər süşüşəcəklər. Çünki sürüşdükcə milli maraqlarımız bu kimi siyasi dələduzlardan xilas olur.
Rövşən RƏSULOV