"Biz 44 günlük müharibədə qələbə əldə etdikdən sonra bizim bu qələbəmizə bir sıra müdaxilələr olundu və faktiki olaraq qərbdə Fransa başda olmaqla bir sıra dövlətlər, eləcə də şimal qonşumuz qələbəmizin sevinc hissini sona qədər yaşamağımıza imkan vermək istəmirlər”. Bu sözləri SİA-ya açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın regionda güclənməsindən qorxan güclər ermənilərə xüsusi havadarlıq ediblər və bu qondarma dövlətlərin arxasında dayanaraq Azərbaycana qarşı bu cür siyasət yürüdüblər: “Çox təssüflər olsun ki, 10 noyabr bəyannaməsindən sonra bizim verdiyimiz bəzi proqnozlar özünü doğrultmaqda davam edir. Sülhməramlı adlandırılan rus hərbiçiləri bölgəyə daxil olduqdan sonra ermənilərə daha yaxın təmasda havadarlıq etməyə başlayıblar. Onlar bölgədə gərginliyin qalmasında maraqlıdırlar. Rusiya tərəfləri də, qərb dövlətləri də maraqlıdırlar. Gələrgirnlik olduğu müddətdə onların bölgəyə təsir imkanları da artır. Hələ də problem sona qədər həll edilməmiş qalır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı sədridir. Ermənilərin rəhbərlik etdiyi dövrdə, elə yeni ilin ilk başlanğıcında rus ordusu KTMT adı altında Qazaxstana daxil oldu. Ermənistan da 70 nəfər erməni əsgəri göndərmişdi. Ötən ilin sonlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində, xüsusilə də Kəlbəcər istiqamətində ermənilərin fəallaşması göz önündədir. Təəssüf ki, hər dəfə bu cür hadisələr baş verdikdə şəhid veririk. Bir şəhid vermək ölkə üçün böyük faciədir. Hesab edirəm ki, burada ən böyük məsuliyyəti Rusiya tərəfi daşımalıdır. Məsələni kökündən həll etməliyik ki, belə üzücü hadisələr baş verməsin. Qeyd etmək istərdim ki, Ermənistan tərəfi gərginlik yaratmaq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək, vaxtı uzatmaq üçün bu yollara əl atır. Problemi yenidən Azərbaycanın üzəriyə yükləyərək bu məsələdən qalib çıxmaq istəyir. Torpaqlarımızda yerləşən ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərsə burada sülh şəraitində yaşaya bilərlər. Amma biz görürük ki, onlan bu fikirdə deyillər. Ona görə də “Ermənisiz Qarabağ” tezisini irəli sürmək lazımdır. Ermənilər orda olduğu müddətdə bizim başımıza problemlər açacaqlar və rus sülhməranlıları da ərazidən çıxmaq istəməyəcəklər”.