Siyasət

  • 538

Yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq - Prezident İlham Əliyev

image

Artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"İndi bir çox təmaslar əsnasında, görüşlər əsnasında görürəm və görürdüm ki, ənənəvi davranış qaydaları artıq tükənir. Baxmayaraq ki, onlar hələ sözdə tələffüz edilir, amma real həyatda bəyan edilmiş açıqlamalar real həyatla uzlaşmır. Əgər yadınızdadırsa, artıq son illərdə, hətta pandemiyaya qədər mən öz çıxışlarımda dəfələrlə deyirdim ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Deyirdim ki, bu, bizim seçimimiz deyil. Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu, yoxdur, bu, işləmir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm dediyimiz bir toplum bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Yəqin ki, siz də bunu izləyirsiniz. Ona görə mənim üçün artıq son illər ərzində tam aydın idi ki, ənənəvi yollarla, yəni, Minsk qrupunun xətti ilə, yaxud da vasitəçilik xətti ilə biz öz torpaqlarımızı geri ala bilməyəcəyik. Yəni, bu, bugünkü fikrim deyil. Mən artıq bunu görürdüm və Ermənistanın daha da azğınlaşması, Ermənistanın cəzasız qalması bu fikri gücləndirirdi. Ona görə, hər zaman deyirdim ki, biz öz gücümüzə güvənməliyik, daha güclü olmalıyıq, gücümüzü artırmalıyıq, daha güclü ordu yaratmalıyıq. İqtisadiyyatı gücləndirməliyik ki, heç kimdən asılı olmayaq. Çünki təsəvvür edin, əgər biz indi iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, nə gündə olacaqdıq. Bizə heç kim imkan verməzdi öz torpaqlarımızı güc tətbiq etməklə azad edək. Ona görə biz bütün bu istiqamətlərdə ardıcıl iş aparırdıq, əlbəttə ki, beynəlxalq davranış qaydalarını gözləmək şərti ilə. Əlbəttə ki, bizə vaxt lazım idi və əminlik lazım idi. Çünki torpaqlarımızın azad edilməsində biz ancaq uğur qazanmalı idik. Bütövlükdə baxdıqda, əgər Azərbaycan kontekstindən çıxsaq, görərik ki, bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Yəni, bu, mən buna siyasi sinizm deyirəm, artıq ifrat dərəcəyə çatıb. Əgər belədirsə, əgər bu qaydaları işləyən, bu qaydaları İkinci Dünya müharibəsindən sonra təsdiqləyən ölkələr özlərini belə aparırlarsa, onda başqa ölkələr nə etsin? Onda başqa ölkələr də onlar da özünə, necə deyərlər, öz başına çarə qılmalıdırlar. Biz bunu çoxdan edirik. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək, onlar, indi, hesab edirəm ki, peşmançılıq çəkirlər. Bizim üçün də bu müddət olub və mən gizlətmirəm. Prezident vəzifəsinə seçiləndən sonra mənim də ümidlərim var idi. İlkin mərhələdə mən də hesab edirdim ki, bu məsələni, Qarabağ məsələsini sülh yolu ilə həll etmək olar. Bizə elə gəlirdi ki, təklif etdiyimiz variantlar məntiqlidir, ədalətlidir və beynəlxalq hüquqa tam uyğundur. Hətta təəccüb edirdim ki, nə üçün bunu qarşı tərəf, yaxud da vasitəçilər başa düşmürlər. Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil. Bilirsiniz, bir şeyi də deməliyəm, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir. Bunu mən tamamilə açıq deyə bilərəm.

Amma buna baxmayaraq, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq".

Digər xəbərlər