PDF Oxu

Siyasət

  • 2 102

Prezidentin İrəvana mesajları: vaxt daralır, Bakı gözləmək fikrində deyil! ANALİTİKA+AKTUAL

Prezidentin İrəvana mesajları: vaxt daralır, Bakı gözləmək fikrində deyil! ANALİTİKA+AKTUAL

İlham Əliyev sözlərini əməli fəaliyyətləri ilə sübuta yetirən dövlət başçısıdır və eyni zamanda, bundan sonra hər hansı müddəti də gözləmək fikrində olmadığını açıq şəkildə bəyan etmiş oldu

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra əhəmiyyətli faktorlara, qarşıda dayanan vəzifə və çağırışlara toxunması ilə yanaşı, Zəngəzur dəhlizi ilə bağlı önəmli mesajlarını səsləndirdi. Söz yox ki, Zəngəzur dəhlizinin açılması perspektivləri nəinki regionumuza aid olan ölkələr, eləcə də regionla əməkdaşlıq edəcək digər ölkələr üçün də mühüm aspektləri təqdim etməkdədir.
Dövlət başçımız Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək uzunmüddətli nəqliyyat-infrastruktur kompleksləri barədə vurğulayır
Dəmir və avtomobil yolu ilə bağlı komponentlər isə Zəngəzur dəhlizinin əsasını, özəyini, hətta belə ifadə etsək, nüvəsini təşkil edir. Bunların ardınca elektrik xətlərinin, daha sonra isə qaz kəmərlərinin çəkilişi bütövlükdə qarşıya qoyulmuş məqsədlərin realizəsinin həm də sürətli şəkildə həyata keçiriləcəyi anonsunu verməkdədir.Beləliklə, Prezident İlham Əliyev heç də ikitərəfli hərəkətdə olacaq adi nəqliyyat dəhlizindən bəhs etmir, hansı ki, erməni tərəfi bunu məhz həmin təsəvvürdə görür, dövlət başçımız Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə bilavasitə birləşdirəcək uzunmüddətli nəqliyyat-infrastruktur kompleksləri barədə vurğulayır.
Laçin dəhlizi və Xankəndi Azərbaycanın nəzarətindədir!
Bu xüsusda Prezident İlham Əliyevin Laçın dəhlizi ilə də bağlı irəli sürdüyü fikirləri özündə bir sıra siqnal xarakterli mesajları ehtiva etməkdədir. Daha dəqiq desək, ölkə rəhbərimiz açıq qeyd etdi ki, Azərbaycan Laçın dəhlizindən keçən və geri dönən bütün avtomobillər barədə məlumatlıdır, həmçinin Rusiya sülhməramlı kontingentinin məsul olduqları bu ərazimizdə doğru-dürüst qaydada təhlükəsizlik tədbirləri təmin olunmazsa, Azərbaycan tərəfi oradan keçən istənilən avtomobili saxlaya bilər. Buna isə kifayət qədər əsaslar yaranır – müxtəlif xarici ölkələrdən Ermənistana, oradan isə gizli yollarla Azərbaycan şəhəri Xankəndiyə səfərlər edənlər olarsa, bu dəfə Bakı fərqli davranış göstərəcək və bunu ölkə başçımız açıq şəkildə, dəqiqliklə bəyan etdi. Hər halda, bunu Rusiya sülhməramlıları kontingenti də anlamalı, fəaliyyətlərindəki bəlli boşluqları dərhal aradan qaldırmalıdır. Necə ki, məhz Azərbaycanın tələblərindən sonra sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə separatçı, qondarma rejimin əski parçaları götürülürsə, digər tələblərin də (üçtərəfli bəyanatda əks olunan bəndlərin hər biri!) realizəsi sürətlənməlidir.Azərbaycan üçün isə qısa müddətdə, uzağı bir neçə saatda Laçın dəhlizində öz hərbçilərini, buraxılış məntəqələrini yerləşdirməsi, habelə digər gözlənilən tələbləri həyata keçirməsi heç də çətin proses deyil.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımazsa, onda Azərbaycanın kifayət qədər tarixi faktlara əsaslanan və bugünkü Ermənistanın ərazisinə daxil olan torpaqları ilə bağlı planları işə salına bilər
Lakin hər iki dəhlizlər barədə danışarkən diqqətləri cəlb edən daha bir önəmli fikir bütövlükdə tərəflərin – Azərbaycanın və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüklərini tanımaları ismarıcıdır. Məhz bu incə və əhəmiyyətli məqamda Prezident İlham Əliyev İrəvana xəbərdarlığını göndərdi: əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımazsa, onda Azərbaycanın kifayət qədər tarixi faktlara əsaslanan və bugünkü Ermənistanın ərazisinə daxil olan torpaqları ilə bağlı planları işə salına bilər.Yəni Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə tarixi Zəngəzur, İrəvan torpaqlarının ona məxsus olduğunu haqlı şəkildə və əsas olaraq gətirə bilmək hüququndadır və bu hüququ kimsə bizim əlimizdən ala bilmək iqtidarında deyil!
Əgər bu gün İrəvanın ağıllanmasının elə də mümkün görünmədiyini, yaxud ağıllanmaq istəmədiyini desək...
Beləliklə, top İrəvana tərəf ötürüldü və etiraf edə bilərik ki, Prezident İlham Əliyevin sözügedən mövzu ətrafında dolğun, aydın, dəqiq bəyanatları qarşı tərəfi düşünməyə vadar etməlidir. Çünki vaxt daralır və daraldıqca da Ermənistan özünü daha çox çıxılmaz vəziyyətə doğru sürükləmiş olur. Əgər bu gün İrəvanın ağıllanmasının elə də mümkün görünmədiyini, yaxud ağıllanmaq istəmədiyini desək təbii ki, bundan sonrakı məsuliyyət də məhz erməni rəhbərliyinin üzərinə düşəcək. Prezident İlham Əliyev isə sözlərini əməli fəaliyyətləri ilə sübuta yetirən dövlət başçısıdır və eyni zamanda, bunda sonra hər hansı müddəti də gözləmək fikrində olmadığını açıq şəkildə bəyan etmiş oldu.

Rövşən RƏSULOV

Digər xəbərlər