Azərbaycanın bugünkü yüksəlişə və inkişafa nail olması Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Dəyişən qlobal və regional reallıqlar şəraitində bütün sahələr üzrə sistemli genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirdi. Böyük uğurlar qazanan Azərbaycan iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru addımlayır. 44 günlük Vətən müharibəsində Zəfər çalan Azərbaycan 30 ilə yaxın işğal altında qalmış ərazilərinə sahib oldu. Bu Zəfər əməkdaşlığa, sülhə, əmin-amanlığa, bölgədə dayanıqlı inkişafa yeni yollar açdı.
Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi və artıq ərazilərimizdə intensiv şəkildə bərpa, yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd etdiyi kimi "Keçən il çox böyük proqram icra edilməyə başlanmışdır. Bu işləri sadalamaq üçün çox vaxt lazımdır. Amma əsas məsələləri mən bir daha qeyd etməliyəm, Azərbaycan vətəndaşları görsün ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır". Dövlət başçısı bu proqramın özəlliyinin Azərbaycanın heç kimdən yardım istəmədən və almadan öz vəsaiti hesabına həyata keçirdiyini diqqətə çatdırıb. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-dini abidələrimizə böyük ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Müharibədən sonra sürətlə quruculuq-bərpa işlərinin aparılması asan məsələ deyil. Heç şübhəsiz ki, erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Azərbaycan bunu uğurla reallaşdırır. Əlbəttə ki, burada əsas məsələ keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qayıtması, rahat və firavan həyat sürmələridir. Bu gün abadlıq və quruculuq işlərinin daha da sürətlənməsində işğaldan azad olunan ərazilərin minalardan, partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi əsas məsələlər sırasındadır. Əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Təhlükəsiz hərəkət üçün yollar minalardan təmizlənir. Cənab Prezident müsahibəsində görülən işlərin ardıcıl olmasında ilk növbədə, minalardan təmizləmə işlərinin aparılmasını diqqətə çəkib. Dövlət başçısı bildirib ki, bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi: "Əfsuslar olsun ki, bu günə qədər biz insanları itiririk. Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı - mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış proqramına başlaya bilmərik".
Baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesinin sürətlə getdiyini qeyd edən Cənab Prezident xüsusilə Şuşa və Ağdam şəhərlərində bu proses sürətli olduğunu bildirib. Görülən işlərə nəzər salan Prezident qısa bir zamanda Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın yolun çəkildiyini söyləyib. Müharibədən sonrakı dövrdə elektrik təsərrüfatının yaradılmasına başlanılıb və dövlət başçısı müsahibəsində bildirdiyi kimi, bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa olunub və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşulub. "Bir ildə 7 yarımstansiya, özü də o yerlərdə ki yaşayış yoxdur, minalardır, heç bir infrastruktur yoxdur. Bu, böyük fədakarlıqdır. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni, onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyilik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışıq, hər şeyi özümüz etmişik". Bu Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Azərbaycan Prezidentinin siyasi iradəsinin məntiqidir. Yola saldığımız ötən ildə Azərbaycan Prezidenti 32 dəfə azad edilmiş torpaqlara olan səfər etmişdir. Hər səfər tarixi hadisələrlə yadda qalıb. Bu, o deməkdir ki, azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa işləri uğurla reallaşır. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunelin çəkilməsi, Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunelin inşası böyük potensiala söykənir. "Artıq həm strateji nöqteyi-nəzərdən, həm də vətəndaşların ora qayıtması nöqteyi-nəzərindən bütün məsələləri həll edə bilərik", - deyən Cənab Prezident Bərdə-Ağdam avtomobil yolunun inşa edildiyini də bildirməklə cəmiyyətimizə böyük mesaj vermiş oldu. "Şuşa şəhərində, görün, nə qədər böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib", - deyə Cənab Prezidentin bildirməsi bu ərazilərə, əzəli torpaqlara, buranın əzəli sakinlərini yaxın bir zamanda qayıdışından xəbər verir.
Cənab Prezidentin yerli və xarici KİV nümayəndələrinə verdiyi müsahibələrdə Azərbaycan reallıqlarını beynəlxalq aləmin diqqətinə çatdırmış olur. Əlbəttə ki, Cənab Prezidentin hər bir cümləsi cəmiyyətimizə, dünyaya bir mesajdır. Hər kəs görür və bilir ki, Azərbaycan öz gücünə işğaldan azad olunan ərazilərdə miqyası baxımından əhatəli və geniş işləri, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin icrasını uğurla həyata keçirir.
Cənab Prezident yerli televiziya kanallarına müsahibəsində bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı, işğalçı ölkəyə də açıq mesajlar verdi. Cənab Prezident Ermənistanda revanşizm meyillərinə toxunaraq "Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir", - deyə bildirib. Qeyd edib ki, müharibədən sonrakı dövr ərzində Ermənistan tərəfindən hərbi təxribatlara cəhd edilib. Amma Azərbaycan sülh tərəfdarıdır. Güclü iqtisadiyyata, hərbi gücə malik olan Azərbaycan Ermənistana elə bir dərs verib ki, çətin ki, bir daha yenidən baş qaldıra. Dəmir yumruq Azərbaycan reallıqları ilə onları hesablaşmağa vadar edib. Cənab Prezidentin vurğuladığı kimi, "Ermənistan bizim qabağımızda heç vaxt dayana bilməz. Yenə də deyirəm, bizi heç nə dayandıra bilməz. Bizi dayandıran yeganə amil odur ki, biz müharibə istəmirik".
Dövlət başçısı müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatları, müharibənin başa çatmasından sonrakı dövrdə beynəlxalq birliyin ölkəmizə münasibəti, işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərinin təşkili, ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti, Zəngəzur dəhlizi, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, görünməz bir düşmənlə koronavirusla apardığı mübarizə və digər məsələlərə aydınlıq gətirərək Azərbaycanın ictimai-siyasi, sosial həyatı ilə bağlı ictimaiyyəti bir daha məlumatlandırıb. "Artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq", - deyən Azərbaycan Prezidenti müsahibə zamanı bütün sahələr üzrə görülən və görüləcək işləri geniş və əhatəli, əsaslandırılmış şəkildə ifadə etməklə ölkəmizin reallıqların bir daha ortaya qoymuş oldu.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri