"Ölkə başçısının da qeyd etdiyi kimi, sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün biz daha geniş prizmadan yanaşmalıyıq. Təbii ki, iş olan yerdə müəyyən nöqsanlar, çatışmazlıqlar da ola bilər, bu, təbiidir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə ekspert Nəzakət Məmmədova deyib."Bildiyimiz kimi, Prezident qeyd edib ki, "onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram". Göründüyü kimi ölkə başçısı ilk olaraq müsbət qiymətləndirmə ortaya qoyub və sülhməramlıların fəaliyyətini Azərbaycan - Rusiya münasibətlərində yeni element kimi səciyyələndirib. Ölkə başçısının da qeyd etdiyi kimi bu, bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Mən deyə bilərəm, artıq keçən ili, bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Təbii ki, Azərbaycan və Rusiya arasında münasibətlər çoxşaxəlidir və sülhməramlıların fəaliyyəti onun yeni, amma çox əhəmiyyətli hissəsini təşkil edir. Rusiya dünyada supergüc olma potensialı olan ölkədir və təbii ki onun regionda təhlükəsizliyi təmin etmək üçün güclü imkanları var. Ötən bir ildən çox zaman müddətində biz əsasən Qarabağ münaqişəsi zonasında sabitliyin xeyli dərəcədə həllinə nail olunduğunu müşahidə etdik. Doğrudur, erməni separatçıları öz əməllərindən əl çəkmək fikrində olmadıqlarını, məğlubiyyətlə barışmaq istəmədiklərini dəfələrlə dilə gətiriblər. Lakin Rusiya Ermənistanın qarşısında aciz qalacaq qədər zəif deyil və sülhməramlıların bölgədə olması vəziyyəti xeyli dərəcədə sabitləşdirməyə kömək etdi. Ədalət naminə qeyd etmək lazımdır ki, Minsk qrupunun bölgədəki fəaliyyəti bizim üçün ötən 30 ildə olduğu kimi, bundan sonra müsbət heç nə vəd etmirdi və amorf, uğursuz Minsk missiyasındansa, konkret 5 il müddətinə bölgədə əmin-amanlığı təmin etmə öhdəliyi götürmüş sülhməramlıların olması daha doğru bir seçim idi və ölkə başçısı da bu qərarı verərkən imkanlarla reallıq arasında doğru qərar verib. Prezident nöqsanları da açıq şəkildə bildirib və bu da təbiidir. İş olan yerdə çatışmazlıqlar da olur, əsas odur ki, bütün bunlardan nəticə çıxarılıb daha ümidverici gələcəyə doğru irəliləmək imkanları tükənməsin. Fransa siyasətçilərinin bölgəyə Azərbaycanın icazəsi olmadan səfər etməsi ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir. Görünür, Fransa Minsk qrupunun həmsədri kimi proseslərdən kənarda qalmasını bu yolla demarş və reavanş etməyə çalışır. Lakin onların diplomatik nəzakət qaydalarına və beynəlxalq hüquqa aşkar hörmətsizliyinin nümayişi olan bu davranışları bölgədə bundan sonra nəyisə onların xeyrinə dəyişməyəcək və dəyişə bilməz. Torpağın sahibi Azərbaycan, orada 5 illik sabitliyi və təhlükəsizliyi təmin edəcək güc Rusiyadır və qalan bütün məsələlər revanş və demarş xarakterli təfərrüatlardır. Lakin bununla belə müasir beynəlxalq münasibətlər sisteminin yaradıcılarından biri olan, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Minsk qrupunun həmsədri olan ölkənin bu davranışları ilk növbədə onların öz imzalarına olan hörmətsizliyidir. Artıq Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiya məsələləri müzakirə olunur. Bu o deməkdir ki, artıq status məsələsi müzakirə predmeti olmaqdan çoxdan çıxıb və Qarabağ Azərbaycanın ərazisində ən yaxşı halda digər inzibati vahidlərdən biri olaraq mövcud olmaqda davam edəcəkdir".
Müəllif: Rüqəyya Orucova