YAP Quba rayon təşkilatının yaradılmasının 29-cu ildönümü və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə üzvlük haqlarının məbləği və ödənilməsi qaydası ilə əlaqədar tədbir keçirilib. Tədbirdə partiya fəalları, ərazi ilk partiya təşkilatının sədrləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov tədbir iştirakçılarını rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik edib. Yeni Azərbaycan Partiyasının qurucusu, tarixi Şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq, ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünəqayıdışının təmin edilməsi qüdrətli Şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilərdi. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Ümummilli Lider Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə, böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərətəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində böyük nəticələr əldə olundu.Y.Abidov vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyasının üzvləri, Azərbaycan xalqının iradəsinə əsaslanan Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq, Onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri artırır. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir.O, bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi ilə partiyanın Quba rayon təşkilatının yaradılması tarixləri arasında çox az zaman kəsiyi olmuşdur. Yeni Azərbaycan Partiyası Naxçıvan şəhərində təsis edildikdən sonra bu qərarı dəstəkləyən və səs verən ziyalılar sırasında Quba ziyalıları da olmuşdur. 1993-cü ilin yanvar ayının 16-da təsis konfransı keçirilərək, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı yaradılıb. Bu gün artıq fəxr və inamla deyə bilərəm ki, YAP Quba rayon təşkilatı sağlam düşüncəli, partiyanın amalına sədaqətli, möhkəm əqidəli, Cənab Prezidentin daxili və xarici siyasətini dərindən başa düşən, onu ürəkdən bəyənən və dəstəkləyən 9400 nəfərdən artıq partiya üzvünü öz ətrafında birləşdirib. Onlar 91 ilk partiya təşkilatında təmsil olunurlar. Partiya üzvlərinin 3429 nəfərini qadınlar, 1570 nəfərini 18-35 yaşlı gənclər təşkil edir. YAP Quba rayon təşkilatı rayonda həyata keçirilən ictimai-siyasi tədbirlərdə, iqtisadi-sosial problemlərin həllində yaxından iştirak edir.Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan müasirləşir, güclənir, çox zəngin və qüdrətli dövlətə çevrilir. Ulu Öndər Heydər Əliyev strategiyası ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Artıq Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilatdır. Bütün bu nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirdiyinə sübut kimi qiymətləndirilə bilər: Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşaiyət olunacaq.Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının fəalları Nisim Nisimov, Güloğlan Zalov partiyanın 29 ildə keçdiyi zəngin inkişaf yolundan, ölkənin siyasi taleyində həlledici rola malik siyasi qüvvə kimi özünü təsdiq etdiyindən danışıblar.Daha sonra partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri və partiya işindəki səmərəli fəaliyyətinə görə, Fəxri Fərmanlar təqdim olunub.
Nəzakət ƏLƏDDİNQIZI