“Postmüharibə dövründə yeni geosiyasi reallıqların düzgün qiymətləndirilməli olduğu mesajını Azərbaycan tərəfi Ermənistana ən yüksək səviyyədə və olduqca aydın şəkildə çatdırır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Politoloq Şəbnəm Həsənova qeyd edib ki, bununla yanaşı, otuz illik işğala son qoyan Azərbaycan vaxt itirmədən Ermənistanın illər ərzində dağıtdığı, talan etdiyi torpaqlarımızı dirçətmək istiqamətində bərpa-quruculuq işlərinə başladı: “Qarabağda reallaşdırılan bütün işlərə cənab Prezident İlham Əliyev şəxsən nəzarət edir və müharibə dövründə olduğu kimi bərpa-quruculuq işlərində də Azərbaycan xalqı dövlət başçısının ətrafında sıx birləşmişdir. Ermənistanda isə mövcud nizamsızlıq, ictimai-siyasi həyatda qeyri-stabillik gündən-günə dərinləşir. Birincisi, bu amil müharibədə uduzmağın vermiş olduğu mənəvi-psixoloji zərbə və gərginliklə bağlıdırsa, digər tərəfdən də mövcud hakimiyyətə tabe olmama, daxildən və xaricdən ona edilən tənqidlər və təzyiqlərlə əlaqədardır. Bu reallıqları ölkənin birinci şəxsindən tutmuş, hökumət üzvlərinin digər nümayəndələri, icimai xadimlər, sadə xalq da görür və etiraf edir. Ən son belə açıqlama Ermənistanın “Alternativ layihələr qrupu”nun üzvü, erməni ictimai xadim Vahe Hovhannisyan gəldi. Belə ki, onun sözlərinə görə bu gün Ermənistanın kəskin problemi ölkənin müharibədən sonrakı mərhələyə daxil olmamasıdır. Bu isə heç şübhəsiz ki, özündə olduqca ciddi riskləri və nəticələri ehtiva edən çox kritik bir vəziyyətdir”.Politoloq vurğulayıb ki, Azərbaycan, müharibədə sadəcə Ermənistan dövlətini, onun hərbi və siyasi rəhbərliyini məğlub etmədi, eyni zamanda Azərbaycan regionda mövcud olan erməni faşizmini və erməni diasporasının böyük maliyyə vəsaiti hesabına dünyada təbliğ edilən, bazisi əsassız olan erməniçilik ideologiyasını yerlə-bir etdi: “Elə məhz bu səbəbdəndir ki, son günlərdə Paşinyan administrasiyası tərəfindən Azərbaycan və Türkiyə ilə əlaqədar olaraq verilən müsbət siqnallara ayrı-ayrı tərəflərdən kəskin tənqidlər gəlir. Belə ki, burada biz bir trionun şahidi oluruq. Birincisi, Köçəryan-Sarkisyan cütlüyünün qismində erməni müxalifətidir ki, əlləri zamanında azərbaycanlı, türk qanına bulaşmış və hələ də yaranmış mövcud durumu geriyə çəkmək üçün revanşist ideyalarla çıxış edirlər. İkinci tərəf, erməni diasporasıdır ki, dünyada qondarma “erməni soyqırımını” güclü maliyyə xərcləməklə təbliğ edirlər. Bununla belə hal-hazırda diasporanın özünün də daxilində destabilizasiya hökm sürür. Daha dəqiq desək diaspora gücünü əvvəlki kimi toplayıb bir yerə vura bilmir. Hətta bununla əlaqədar olaraq katalikos I Aramın da şikayətləri var və bildirir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması Ermənistanda ilk növbədə erməniçiliyin 100 ildən çox hökm sürən ideoloji əsaslarını sarsıdacaq. Bu əsasların sarsıdılmasında isə Azərbaycan tərəfinin apardığı informasiya savaşının rolu danılmazdır ki, müharibənin bitməsinə baxmayaraq hələ də informasiya savaşı davam edir və bu əsasslara böyük zərbə vurulur. Belə ki, müharibə dövründə bir tərəfdən döyüş meydanında savaş gedirdisə, digər tərəfdən də Azərbaycan dövləti sistemli və koordinasiyalı iş görərək onların yalan üyüdən dəyirmanını susuz qoyurdu. Üçüncüsü isə ASALA terror təşkilatıdır ki, onlar da Azərbaycan və Türkiyə ilə bağlı son zamanlar Paşinyan administrasiyası tərəfindən verilən pozitiv siqnallara qarşı çıxırlar”.Politoloq bir daha qeyd edib ki, hal-hazırda Ermənistanın müharibədən keçən bu qədər müddətdə hələ də ictimai-siyasi sabitliyə yiyələnə bilməməsinin daxili, mənəvi-psixoloji səbəbləri olduğu qədər, göründüyü kimi xarici səbəbləri və təzyiqləri də mövcuddur: “Bu məsələ isə Ermənistanda müxtəlif illərdə mövcud olan hakimiyyətə erməni diasporası tərəfindən edilən təzyiqlər fonunda hər zaman bu cür tənzimlənib. Nəticə etibarilə, indiki dönəmdə həm Köçəryan-Sərkisyan, həm diaspora, həm də terror təşkilatını Paşinyana qarşı bir araya gətirən səbəblər sözügedən qüvvələrin uzun illər ərzində erməniləri əsirə çevirən əsassız erməniçilik, dənizdən-dənizə “Böyük Ermənistan”, qondarma “erməni soyqırımı” kimi ideoloji dayaqların zəifləyib yox olmasından qorxmalarıdır”.
Müəllif: Rüqəyya Orucova