Siyasət

  • 2 128

Ərzaq təhlükəsizliyi əhalinin sosial təminatının əsasıdır TƏHLİL

image

Prezident İlham Əliyev: “Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq”

“Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq-qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxarıla biləcək məhsullara da diqqət yetirilməlidir”. “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 104-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda iclası zamanı söylədiyi nitqindən götürülüb.
Hökumətə qiymət artımı ilə bağlı tapşırıq: Antiinflyasiya tədbirlər planı hazırlanır
Dünya iqtisadiyyatı pandemiyanın təsiri ilə geriləmələr və artan inflyasiya təzyiqləri ilə üz-üzədir. Azərbaycan ötən ili yüksək iqtisadi nəticələrlə başa vursa da, qlobal tendensiyaların təsiri qaçılmaz olur. Lakin bu təsiri azaltmaq, konkret olaraq inflyasiyanın qarşısını almaq üçün anti-infilyasiya tədbirlərinə start verilir. Yanvarın 18-də Nazirlər Kabineti tərəfindən müvafiq qurumlara bu istiqamətdə tədbirlər planının hazırlanması tapşırılmışdı. Artıq məsələ ilə bağlı yaradılan işçi qrupun ilk iclası keçirilib. İki həftə ərzində antiinflyasiya tədbirlər planının ilkin layihəsinin hökumətə təqdim ediləcəyi gözlənilir.Ərzaq məhsullarının qiymətinin yüksəlməsi ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsini, yəni strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsini zəruri edir. Qlobal səviyyədə müşahidə edilən və yaxın gələcəklə bağlı proqnozlarda daha da yüksəlməsi gözlənilən inflyasiya risklərinin ölkəmizə təsirinin azalması üçün hökumət anti-inflyasiya tədbirlərinə başlayır.
Dövlət ərzaq təhlükəsizliyinin təminatı istiqamətində nə mümkündürsə edir
Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən siyasi, iqtisadi və sosial məsələlər, o cümlədən ərzaq təhlükəsizliyi və aqrar sektordakı vəziyyət, həmçinin perspektivlər haqqında geniş fikirlər söylədi. Və bildirdi ki, bu, ən vacib məsələlərdən biridir: «Bu məsələ ilə bağlı mən uzun illər fəaliyyət göstərirəm və hökumətə dəfələrlə tapşırıqlar vermişəm. Biz imkan daxilində bu məsələnin həlli ilə bağlı hesab edirəm ki, lazımi addımları atırıq. Amma biz reallığı nəzərə almalıyıq. Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, nəzərə alsaq ki, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni bu, reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir".Dövlət başçısı müsahibəsi zamanı sovet dövrü ilə bugünkü vəziyyəti müqayisə edərək bildirdi ki, o vaxt Sovet İttifaqında vahid kənd təsərrüfatı və xalq təsərrüfatı kompleksi var idi, bölgü aparılırdı: “O vaxt biz özümüzü, ümumiyyətlə, bu əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Ona görə bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir. Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Son illər ərzində gətirdiyimiz və Azərbaycanda müəyyən tədbirlərin nəticəsində yetişdirilmiş cins mal-qaradır ki, bir neçə ildən sonra onların, əlbəttə, sayı artacaq. Ona görə məsələn, süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmişik. Həmçinin toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik. Yəni heç vaxt tarixdə - sovet dövründə və müstəqillik dövründə bu rəqəmlərə biz çıxmamışıq”.
“Biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik, mən buna inanıram”
Prezident İlham Əliyev ölkənin taxıla olan tələbatın ödənilməsinə böyük önəm verdiyini bildirərək demişdir: “Ona görə bu real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti görməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik, mən buna inanıram”.Dövlət başçısı bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 ton olduğunu deyib: “Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”. Prezident azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanıldığını da bildidirdi: “Özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada - dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub”.Göründüyü kimi, Azərbaycanda ərzaq məhsullarının bahalaşması prosesinə qlobal iqtisadiyyatda gedən proseslərin məntiqi nəticəsi kimi baxmaq lazımdır. Çünki ərzaq qiymətlərinin artımı problemi ilə dünyanın demək olar ki, bütün ölkələri üzləşib və Azərbaycan da istisna olmayıb. Həmçinin, Azərbaycan ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşmasına xüsusi önəm verən ölkələrdəndir. Bu baxımdan növbəti illərdə də ərzaq təhlükəsizliyinin formalaşması Azərbaycan üçün prioritetliyini qoruyub saxlayacaq və biz daha çox istehlakın, tələbin yerli istehsal hesabına ödənilməsini müşahidə edəcəyik.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər