"ABŞ və İngiltərə anqlo-sakson ölkələri olsalar da, son dövrlərdə onların arasında çox dərin ziddiyyətlər var. Bu, bəlkə də son 240 ildə ABŞ-ın İngiltərədən müstəqillik əldə etməsi savaşından sonrakı ikinci böyük ziddiyyətidir. Məsələnin kökündə iki fövqəldövlət arasında geosiyasi və neft uğrunda mübarizə durur. Britaniya-ABŞ rəqabəti həm də "Aramco" ABŞ-Səudiyyə müştərək neft şirkətinin səhmləri uğrunda mübarizədə davam edir. Bu mübarizəyə Çin də qoşulub. Belə ki, həm Çin, həm Britaniya "Aramco"da mümkün qədər çox pay sahibi olmaq üçün bu şirkətdə səhmləri olan Səud şahzadələri ilə danışıqlara başlamışdı. Hətta onlardan bir neçəsi öz səhmlərini bu iki ölkəyə satmağa hazırlaşırdı. Hətta hesablamalara görə, bir neçə il əvvəl özəlləşdirilməsi barədə təşəbbüsləri olan şirkətin dəyəri 10 trilyon dollardır. Belə bir şəraitdə "Aramco"nu almaq uğrunda ABŞ, İngiltərə və Çin mübarizə aparır". Bunu SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Britaniyanın xarici siyasətini lord Palmerstonun bir fikri düzgün ifadə edib: “İngiltərənin əbədi dostları və əbədi düşmənləri yoxdur, əbədi maraqları var”. İngiltərə tarix boyu zərurət yaranmadığı təqdirdə heç bir dövlətlə və ya dövlətlər birliyi ilə ittifaqa can atmayıb, əksinə mümkün qədər müttəfiqlik öhdəlikləri ilə öz əl-qolunu bağlamaqdan çəkinib. İngiltərə özünün “Dumanlı Albion”da yerləşməsindən istifadə edərək daima qitə Avropasına nəzarət edib, kontinentdəki koalisiyalara o zaman müdaxilə edib ki, orada sabitlik pozulur, dövlətlərdən birinin koalisiyası digərini üstələyir və müharibə ehtimalı yaranıb.
İngiltərənin coğrafi mövqeyi, qüdrətli donanması onun geosiyasi taleyini də xeyli dərəcədə müəyyən edib və Britaniya imperiyasının qüdrətinin pik dövründə onun müstəmləkələri özündən 24 dəfə böyük idi.
Nəzakət Məmmədova fikirlərini belə izah edib: "Donanma həm də İngiltərə imperiyasının dəniz quldurluğunu himayə etməsini şərtləndirib, imperiyanın dünyanın su yollarını nəzarətdə saxlamasına, beləliklə, hər tərəfdən gələn qiymətli əşyalar, ədviyyat, eləcə də kəşfiyyat mənbələri əldə etməsini asanlaşdırıb. ”Parçala və hökm sür!” qədim Romadan gəlsə də, onu klassik formada ingilis imperiyası həyata keçirmişdir. İngilislər eyni zamanda böyük maliyyəsi, kəşfiyyat və digər qiymətli mənbələrə çıxışı olmuş insanlara ərazisində sığınacaq verməklə onlardan istifadə edib, habelə ofşor hesablar yaradaraq böyük maliyyəni öz nəzarətlərinə ala biliblər. Napoleon hakimiyyətindən qaçmış kral tərəfdarı-royalistlər, Putindən qaçmış Litvinenko, Berezovski, mühacir çeçen hökuməti və başqaları Britaniyada sığınacaq almışlar. London dünyanın maliyyə mərkəzlərindən biridir, habelə nüfuzlu Rotşild, Rokfeller, Stüartların da İngiltərə ilə sıx əlaqələri vardır.
ABŞ-ın Avropa Birliyindəki “Troya atı” adlandırılan İngiltərə lazım gəldikdə Brexitə də gedə bilir. Britaniya 100 il əvvəl olduğu kimi bir sıra ölkələri öz maraq dairəsində görür. İlk sənaye inqilabının baş verdiyi ölkə olaraq neftin əhəmiyyətini anlayan İngiltərə Kərkük və Mosulu da öz nüfuz dairəsində görür, Yaxın Şərq siyasətini məhz bu amil üzərində qurur. İngiltərə xüsusən İraqda ABŞ, Rusiya, İsrail ilə neft uğrunda mübarizə aparır, kürd əşirətləri ilə əlaqələr qurur, ingilis kəşfiyyatının yüzlərlə ərəb Lourensləri Yaxın Şərqi hörümçək toru kimi sarıb.
Digər tərəfdən, İran kimi strateji müttəfiq, Qacar türk tayfasının fars pəhləvilərlə əvəz olunması, şah rejiminin devrilməsindən sonra İran teokratik rejimi ilə də yaxınlaşma ingilislərin siyasətində önəmli yer ayırıb. Azərbaycan İngiltərəni Çinlə birləşdirən Böyük İpək yolu üzərindədir. Lakin görünür, İngiltərə postsovet məkanında öz müttəfiqlərinin sayını artırmaq istəyir və bu baxımdan Ukraynaya əhəmiyyət verir. Bu, həm də ona tarixi rəqibi Rusiya ilə bilavasitə qonşu olmaq, Qara və Azov dənizlərinə çıxmaq, Şərqi Avropada plasdarm əldə etmək imkanı verəcək. Ukrayna hazırda yırtıcılar arasında parçalanmağa hazır qurban kimidir və hər kəs oradan pay götürməyə çalışır, o cümlədən İngiltərə".