PDF Oxu

Siyasət

  • 1 754

Azərbaycan-İran münasibətləri VÜSƏT ALIR - TƏHLİL

Azərbaycan-İran münasibətləri VÜSƏT ALIR - TƏHLİL

Rəsmi Bakı və Tehran qarşılıqlı münasibətlərdə bir zamanlar problem kimi görünən məsələlərin öhdəsindən gəldiyi özünü artıq biruzə verməkdədir. İndi çoxlarını düşündürən odur ki, görəsən İran Cənubi Qafqaz regionunda hansı siyasət yürüdəcək? Ələlxüsus, Türkiyə-Azərbaycan tandeminin güclənməsinə İranın necə reaksiya verəcəyi də hər kəs üçün maraqlıdır.

Azərbaycanın müdafiə nazirinin İrana rəsmi səfəri, eyni zamanda İranın yollar və şəhərsalma nazirinin Füzuli hava limanına gəlişi, daha sonra da onun Azərbaycan paytaxtında, Bakıda cənab Prezidentlə görüşü bir çox məqamlara aydınlıq gətirir. Daha dəqiq desək, hadisələrin gedişinə, müşahidə edilənlərə istinad etsək görərik ki, artıq iki ölkə, Azərbaycan və İran arasında münasibətlərdə yeni mərhələnin başlandığı günümüzün reallığıdır.

Diqqətə çatdırmaq yerinə düşərdi ki, Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində iki ölkə prezidentinin görüşündən sonra Azərbaycan-İran münasibətləri yeni vüsət almağa başlayıb. Amma nəzərə almaq lazımdır ki, bu proses heç də təsadüfi deyil, birdən-birə də ortaya çıxmayıb və buna hazırlıq bir neçə həftə əvvəl baş nazirin müavini Şahin Mustafayev İranda rəsmi səfərdə olanda və İranın yollar naziri ilə görüşəndə aparıldığı zənn edilir, harada ki, iqtisadi gündəm müzakirə edilib. Görünür elə məhz bundan sonra ikitərəfli iqtisadi dialoqun intensivləşdirilməsi haqqında qərar qəbul edilib. Aşqabadda keçirilən görüşdə iki ölkənin prezidentləri bu kursu təsdiqlədilər və sonda bu gündəm indi həyata keçirilir, reallaşacağı da şünhə doğurmur. Çünki, heç nə təsadüfi sayılmır və rəsmi şəxslərin bütün səfərləri əldə edilmiş razılaşmaların məntiqi ardıcıllığıdır.

Görünən odur ki, əldə olunan bütün razılaşmaların reallaşmasına yaxın aylarda başlanacağı gözləniləndir. Daha dəqiq desək, İranın işğaldan azad edilmiş ərazilərdə Araz çayı üzərində bərpa işlərində, Culfada, eləcə də digər sahələrdə dəmir yollarının yenidən qurulmasında iştirakını tezliklə müşahidə edəcəyik. Hətta Cəbrayıl rayonunun Xudafərin ərazisində nəzarət-buraxılış məntəqəsinin açılacağı da planlaşdırılır, hansıki bu, Qarabağda yenidənqurma proseslərində İrana daha fəal iştirak etmək imkanı verəcək.

Şübhəsiz ki, yaxına gələcəkdə hər iki ölkənin hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi də gözlənilir. Bu iclasda da bütün məsələlərə əlavə olaraq baxılacağı da gözləniləndir, hətta ola bilsin ki, müəyyən qərarlar da qəbul olunacaq. Artıq İranın yeni rəhbərliyinin Bakı ilə münasibətlərdə yeni prioritetlər və təşəbbüslər irəli sürməyə çalışdığı göz önündədir. Bunun da yaxın zamanda müsbət nəticələr verəcəyi təkzib edilə bilməz.

Azərbaycan müdafiə nazirinin İrana səfərinə diqqət çəkmək kifayət edir ki, münasibətlərdə yeni mərhələnin başlandığı qənaətinə gəlmək olsun. Bu da bəlli məsələdir ki, irəli sürülən 3+3 formatı təhlükəsizlik məsələlərini ön plana çəkir. Ümumiyyətlə, bir çox məsələlərin operativ şəkildə həll olunması üçün müdafiə nazirlikləri arasında təmaslara ehtiyac duyulur. Bu baxımdan gələcək perspektivlərdə hələ çoxlu sayda görüşlər də gözləniləndir. Nəticə etibarı ilə bütün bunlar münasibətlərin daha da yaxşılaşmasına zəmin yaradır. Baxmayaraq ki, bir il öncə Azərbaycan və Ermənistan arasındakı gərginliyə görə Tehranla Bakı arasında müəyyən soyuqluq və anlaşılmazlıq yaranmışdı, indi bəzi məsələlərə artıq aydınlıq gətirilib, hansıki bütün bunlar nikbin proqnozlar vəd edir.

İki ölkə arasında, Azərbaycan və İran arasında münasibətlərin fonunda Zəngəzur dəhlizi layihəsi də maraq doğurur. Təbii ki, insanları maraqlandıran suallar da ortaya çıxır. Görəsən, İran Zəngəzur dəhlizi layihəsində maraqlıdırmı? Yaxud, Türkiyə və Azərbaycanın öz mövqelərini gücləndirmələrini rəsmi Tehran özü üçün risk hesab edə bilərmi? Əlbəttə ki, əvvəla, Zəngəzur dəhlizi heç bir ölkə üçün maraq kəsb etməyə bilməz. Bu dəhliz əlaqələrin yaradılmasında mühüm əhəmiyyət kəsb edir və bu baxımdan da maraqlı olmayacağı ağıla belə gəlmir. Əksnə, münasibətlərin daha da yaxşılaşdırıla biləcəyini vəd edir. Digər tərəfdən, Türkiyə və Azərbaycanın öz mövqelərini gücləndirmələri bölgədə sabitliyin bundan sonra da qorunması anıamına gəlir, hansıki bu fakt özü-özlüyündə risk amilini aradan götürür, imkanları daha da genişləndirir. Bir sözlə, heç bir mənada münasibətlərə əngəl olacaq fakt ortada yoxdur. Göründüyü kimi, İranın Zəngəzur dəhlizində maraqlı olması ortaya çıxır. Bu fonda məhz yaxın vaxtlarda Culfadan keçən dəmir yolunun yenidən qurulması məsələsi də gündəmdə ola bilər. Beləliklə, İran Cənubi Qafqaz ölkələri ilə dəmir yolu əlaqəsini bərpa etməkdə yalnız maraqlı ola bilər. Çünki, Zəngəzur dəhlizinə qoşulmaqla İran öz yüklərini bu dəhliz vasitəsilə həm Rusiyaya, həm də Türkiyəyə göndərmək imkanı verə bilər.

Nəzərə alsaq ki, İran regional siyasi proseslərə qoşulmağa, bu proseslərdə fəal iştirakçı olmağa maraqlıdır, deməli, İranın “3+3” formatı çərçivəsində əməkdaşlıqda qoşulması da başadüşüləndir. Çünki, bu qonşu ölkə proseslərdə yalnız müşahidəçi qismində iştirak etmək istəməz, halbuki bu zamana qədər Ermənistanın işğalçılıq siyasəti sayəsində məhz belə olub və İran regionda gedən proseslərdə sadəcə müşahidə edən tərəf rolunda görünüb. Təsəvvür edəndə ki, indi artıq İranın bu proseslərə fəal təsir göstərmək, öz təklifləri ilə çıxış etmək imkanı yaranır, deməli, bu qonşu ölkənin bütün bunlardan imtina edəcəyi heç ağlasığan görünmür.

Təcrübə təsdiq edir ki, bir qədər öncə, bir neçə ay bundan əvvəl İranın məsələləri birtərəfli qaydada həll etmək cəhdləri faydasız oldu. Daha dəqiq desək, İran tərəfinin öz gündəmini Azərbaycan və Türkiyənin danışıqlar xəttindən ayrı irəli sürmək cəhdləri baş tutmadı, yaxud da uğursuzluqla nəticələndi. Bir az da yumşaq desək, İranın belə bir cəhdi alınmadı və İran Rusiya ilə daha çox əlaqə saxlamağa çalışsa da bu çalışqanlıq heç bir bəhrə vermədi. Bu baxımdan indi “3+3” formatında İranın öz gündəmini irəli sürmək imkanını əldən verəcəyinə çətin ki, kimsə inana.

Türkiyə ilə qarşıdurma rəsmi Tehran üçün sərfəli deyil. İranın nə Ankaraya, nə Moskvaya, nə də Bakıya alternativ variantı da yoxdur axı. İran üçün, eləcə də bu ölkənin siyasətində hər bir ölkənin özünəməxsus əhəmiyyəti var. Heç bir ölkə ilə münasibətlərin pozulmasında İran maraqlı ola bilməz, xüsusən də Türkiyə, Azərbaycan və Rusiya ilə. Ukrayna münaqişəsində Türkiyənin NATO tərəfində mümkün iştirakı fonunda belə Moskva ilə Ankara arasında İranın seçim edəcəyi ağlabatan deyil. Çünki belə bir seçimlə İran, Avropa ölkələrinə Türkiyə vasitəsilə qaz nəqlini itirə bilər. Müzakirə mövzusu təkcə qaz deyil, söhbət digər məhsullardan da gedir. Türkiyə İranın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır və qarşı tərəf nüvə sazişi üzrə dialoq gündəliyinin təşviqinə belə fəal töhfə verir. Ümumiyyətlə, nəzərə alsaq ki, NATO-nun Yaxın Şərqdə üzvü kimi Türkiyə region dövlətləri ilə vasitəçi rolunu oynayır, deməli, İran üçün belə bir siyasət sərfəlidir və ona görə də bu ölkənin Ankara ilə münasibətləri korlamayacağı təkzib edilə bilməz.

Bütün bunların fonunda cəsarətlə deyə bilərik ki, Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşmasına mane ola biləcək heç nə yoxdur. Əksinə, regionda yaranan, daha dəqiq desək, Azərbaycanın yaratdığı reallıqlar ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşmasına əsaslı zəmin yaradır. Bu yaradılan zəmin sayəsində isə Azərbaycan-İran münasibətləri yeni vüsət alır, hansıki bunu görməmək də mümkün deyil.

Digər xəbərlər