“Ermənistanın istefa vermiş prezidenti Armen Sarkisyan bu vəzifəyə Serj Sarkisyanın təklifi və təşəbbüsü ilə gətirilmişdi. Buna görə də əvvəlki iqtidarla, bugünkü parlament müxalifəti ilə bağlı şəxs idi. Onun Konstitusiya ilə təsbit olunmuş geniş səlahiyyətləri olmasa da, Paşinyan və onu dəstəkləyən qlobal maliyyə mərkəzi, əlbəttə, Armen Sarkisyanın hakimiyyətdən kənarlaşdırılması məsələsində maraqlı idilər”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.Onun sözlərinə görə, Ermənistanda siyasi böhranın dərinləşəcəyi halda Armen Sarkisyanın hansı qütbdə dayanacağı bəlli idi: “Əslində, prezident istər Azərbaycanla müharibə dövründə, istərsə də post müharibə dönəmində KİV və mətbuata verdiyi açıqlamalarda ölkənin daxili və xarici siyasəti ilə bağlı məsələlərdə Paşinyandan fərqli baxış və mövqelərə malik olduğunu heç gizlətmirdi də. Məsələn, Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı Paşinyanın qərarını o prezident olaraq təsdiq etməmişdir. Özünün istefa ərizəsində də qeyd etdiyi kimi, ölkənin daxili və xarici siyasət problemlərinə kardinal təsir imkanlarının olmamasına baxmayaraq, o, Paşinyan üçün arzuolunmaz fiqur idi”.E.Manafov onu da bildirdi ki, Armen Sarkisyan ölkəsinin Azərbaycanla savaşda məğlubiyyətinə görə məsuliyyətin Paşinyan və komandasına aid olması ilə bağlı fikirlərini ictimaiyyətlə bölüşməkdən çəkinməmişdi: “Buna görə məsuliyyəti Paşinyanla bölüşmək istəməmişdir. Bu mənada prezident vəzifəsində Paşinyana yaxın olan və ciddi siyasi ambisiyalar olmayan şəxsin oturması Ermənistanın indiki iqtidarının xeyrinə işləyəcək. Əgər Paşinyan Zəngəzur dəhlizinin açılması, Azərbaycan və Türkiyə ilə yeni format və fərqli münasibətlərə gedə biləcəyi ilə bağlı açıqlamalarında səmimidirsə, onda bu perspektivdə regionda nəhayət ki, təhlükəsizliyin bərqərar olmasına şübhəsiz ki, öz töhfəsini verəcək, lakin unutmaq lazım deyil, bu kimi məsələlər ətrafında son qərarın verilməsi hüququ Paşinyana deyil, onu hakimiyyətə gətirən bəlli, qlobal maliyyə mərkəzinə məxsusdur”.
Müəllif: Gülyana