PDF Oxu

Siyasət

  • 2 123

Gəncəyə son səfər də məhsuldar qrafiklə yadda qaldı - POLITOLOQ ŞƏRH ETDİ

Gəncəyə son səfər də məhsuldar qrafiklə yadda qaldı - POLITOLOQ ŞƏRH ETDİ

“Prezidentin Gəncəyə mütəmadi səfərləri doğma şəhərimizə olan diqqətin bariz göstəricisidir” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri ilə əlaqədar danışarkən deyib.Politoloq qeyd edib ki, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik olub.“Gəncə Azərbaycanın ikinci şəhəridir və doğma şəhərimizə dövlət başçısının diqqət həmişə yüksək səviyyədə olub. Məhz bu diqqətin nəticəsidir ki, cənab Prezident mütəmadi olaraq Gəncəyə səfərlər edir və bu növbəti səfər Prezidentin Gəncəyə sayca 18-ci səfəri idi.Bu illər ərzində Gəncədə görülən işlərin miqyasına baxsaq görərik nə qədər böyük həcmli layihələr icra edilib və hələ də icra edilməkdə davam edir. Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti artıq öz həllini tapıb. Elektrik enerjisi ilə təchizatla bağlı məsələlər tam həll olunub. Bu məqsədlə Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır ki, bu da şəhərin tələbatını tam olaraq ödəyir. Qazlaşdırma ilə bağlı da işlər tam icra edilib və bu gün Gəncənin elə bir ərzisi yoxdur ki, orada qaz olmasın. Hal-hazırda olduqca böyük maliyyə vəsaiti tələb edən layihə üzərində işlər həyata keçirilir ki, bu da içməli su və kanalizasiya layihəsidir. Təqribən 800 milyon manat dəyərində olan bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.Məlum olduğu kimi, Gəncə həm də Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır və buna görə də ölkəmizin nəqliyyat infrastrukturunda mühüm rol oynayır. Odur ki, bu istiqamətdə də xeyli işlər görülüb. Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb. Bakı-Gəncə dəmir yolu xətti də tam modernləşdirilib. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Bu insanların rahatlığı üçün də çox önəmli bir məsələdir.Gəncənin səhiyyə və təhsil infrastrukturu da yenilənib. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Cənab Prezidentin Gəncəyə son səfəri də məhsuldar qrafiklə yadda qaldı. Dövlət başçısı tərəfindən Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışı, İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olması, regional “ASAN xidmət” Mərkəzinin açılışı, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilməsi, Gəncə Memorial Kompleksinin təməlinin qoyulması bir daha Gəncəyə və gəncəlilərə göstərilən diqqətin bariz nümunəsidir.Cənab Prezidentin səfəri həmçinin müsahibəsi zamanı səsləndirdiyi bəyanatlarla da yadda qalıb. İkinci Qarabağ müharibəsi dövründə Gəncənin dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanmasına diqqət yönəldən Prezident, bu hərbi cinayətin dünya dövlətləri tərəfindən tanınmasının vacibliyini qeyd edib. Doğurdan da müharibə ərazisindən xeyli kənarda yerləşən şəhərdə dinc insanların raketin atəşinə məruz qalması hərbi cinayətdir və erməni faşizminin ən bariz nümunələrindən biridir. Belə ki, Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Heç şübhəsiz ki, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Bu baxımdan cənab Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı terror nəticəsində dağıdılmış ərazidə Gəncə Memorial Kompleksinin təməlini qoyması da böyük mənəvi əhəmiyyət daşıyır. Cənab Prezident Azərbaycan xalqının tarixi məqamlarını, şanlı tarixini, qəhramanlıq tarixinin bir daha xatirələrdə yaşadılması və gənc nəslin yaddaşında bu hadisənin qalması üçün belə bir addım atıb. Bu, əlbəttə ki, Azərbaycan xalqı üçün növbəti müqəddəs məkanlardan biri olacaq.Prezident müsahibəsində həmçinin ermənilərin faşistləri qəhrəmanlaşdırmaq cəhdələrinə də toxunaraq bunun yolverilməz olduğunu bildirib. Prezident haqlı olaraq qeyd edib ki, cəllad Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Məlumdur ki, Prezident bu məsələ ilə bağlı davamlı olaraq ən yüksək tribunalardan bəyanatlar verir, faşistlərin qəhrəmanlaşdırılmasına imkan verilməməsi üçün beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırır. Ümumiyyətlə bu məsələni siyasi müstəviyə gətirən məhz Azərbaycan Prezidenti İlham Əliyev olub. Məhz bu cür davamlı və qətiyyətli mövqenin nəticəsidir ki, Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması ilə bağlı qərar verilib”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər