Cəmiyyətin yeni düşüncəsi, yeni baxışına sahib olan gənclik gələcəyə olan inamdır. Azərbaycan gəncliyi öz fəaliyyəti, öz uğurları, öz imzası ilə gələcəyimizin təminatı əzmindədir və bu heç də təsadüfi deyil. Belə bir əzm sözsüz ki, gəncliyə göstərilən diqqət və qayğının sayəsində, Azərbaycan dövlətinin milli maraqlara, milli dəyərlərə, eləcə də beynəlxalq təcrübəyə əsaslanan gənclər siyasətinin nəticəsi olaraq təzahür edir, mövcuddur və əldə edilən nəticələr də, reallıqlar da bunu təsdiq edir.
Reallıq ondan ibarətdir ki, Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir və artıq gənclərimiz irimiqyaslı layihələrin icrasından tutmuş, idarəetməyə qədər bütün proseslərdə yaxından iştirak edir. Hətta ölkəmizin gəncləri ictimai proseslərdə yaxından iştirak edir və diqqətə çatdıraq ki, bizdə könüllülük hərəkatı da, onun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Bütün bunlar isə ondan xəbər verir ki, gənclərimizin, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu, eləcə də vətəndaşlıq mövqeyi möhkəmlənib və gümü-gündən də möhkəmlənməkdədir.
Azərbaycan gəncliyi bir-birinin ardınca uğurlara imza atır və gənclərimizin səsinin, sədasının beynəlxalq aləmdə belə eşidilməsi təsadüfi deyil, bu uğurun bariz nümunəsidir. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, bu gün ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin davamı olaraq dəyərləndirilir. Xatıradığımız kimi, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, hansıki, ümumilikdə dövlət orqanlarınının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək istiqamətində ən uğurlu, düşünülmüş addım kimi qiymətləndirilir və bu da öz növbəsində dövlətin gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirir. Onu da bilirik ki, Ulu Öndərin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra, ilk dəfə 1996-cı ildə olmaqla hər il ölkəmizdə Azərbaycan gənclərinin forumu keçirilməkdədir.
Birinci Forumdan sonra gənclərlə aparılan işin nəzərə çarpacaq dərəcədə canlandığı nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla məhz həmin tədbirin keçirildiyi gün, yəni 2 fevral tarixi Azərbaycan Gənclər Günü elan edildi. Dövlətimizin gənclər siyasətinə böyük diqqət yetirdiyi, eləcə də önəm verdiyi 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan "Dövlət-Gənclər Siyasəti haqqında" Fərmanla da öz təsdiqini tapıb. Çünki, bu Fərman gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri, ümilikdə çox böyük və geniş bir spektri əhatə edir.
Əlbəttə ki, Ulu Öndərin irəli sürdüyü, formalaşdırdığı gənclər siyasəti uğurla davam etdirilir. Məhz bu siyasət sayəsində ölkəmizdə yüksək intellektual bacarıqlara, ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərmək əzminə sahib olan gənclər formalaşıb. Azərbaycan gənci bütün sahələrdə çalışır, istər siyasət, istər iqtisadiyyat, istər mədəniyyət, istər idman, istərsə də hərhansı sahədə özünü doğrulda bilir, uğurlara imza atır, üzərinə götürdüyü istənilən vəzifənin öhdəsindən layiqincə gəlir. Azərbaycan gənci ölkəmizin bayrağını idman yarışlarında, beynəlxalq miqyaslı tədbirlərdə, platformalarda göyə ucaldır, ölkəmizi layiqincə təmsil edir. Gənclərimiz üzərlərinə düşən öhdəliyi dərindən dərk edir, bunun öhdəsindən də gələ bilir və bunu dəfələrlə təsdiq etdiyi də göz önündədir.
Göründüyü kimi, Azərbaycan gəncləri vətənpərvər ruhdadır və imza atılan bütün uğurlar bu ruhun, məhz vətənpərvərlik ruhunun məntiqi nəticəsidir. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", deyən cənab Prezident İlham Əliyev özü də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu hər zaman qiymətləndirib. Xüsusilə, 4 günlük Vətən müharibəsində gənclərimizin necə vətənpərvər olduğu, hansı milli ruha sahib olduğu özünü göstərdi. Bunu təkcə Azərbaycan cəmiyyəti deyil, bütün dünya da gördü. Gördü ki, Azərbaycan gənci bir qarış torpağını düşmənə güzəştə getməz və bunun üçün canından, qanından keçməyə də hər zaman hazırdır.
Sözsüz ki, 44 gün ərzində əldə etdiyimiz qələbə, Azərbaycanın Zəfəri xalqımızın həmrəyliyi, birliyi, rəşadətli Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, ələlxüsus, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi ilə reallaşdı və bu qələbədə bütün yaş qruplarından olan vətəndaşlarımızın payı var. Bir sözlə, hər kəs bu qələbəmiz üçün, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təminatı üçün, tarixi ədalətin bərpası üçün bütün səy və bacarıqlarını əsirgəmədi, amma onu da qeyd etmək lazımdır ki, döyüşlər zamanı canından, qanından keçən, bu yolda şəhid olmağı hər şeydən üstün tutan gənclərimiz çoxluq təşkil edirdi. Gənclərimizin, Azərbaycan gənclərinin milli maraqlarımız, dövlətçilik maraqları uğrunda ən ali hissləri özünü bir daha təsdiq etdi. Təsdiq etdi ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvər ruhdadır və dövlətçiliyimizin, milli maraqlarımızın, haqq və hüquqlarımızın keşiyindədir. Bu isə həm də ondan xəbər verir ki, bundan sonra da milli maraqlarımızı, dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, ümumilikdə suverenliyimizi qoruyacaq gənclərimiz var. Bir sözlə, gənclərimizin milli ruhu, vətənpərvərlik ruhu onu deməyə əsas verir ki, gənclərimizin bu ruhda olması, əzm və iradəsi gələcəyimizin əmin əllərdə olduğunun təsdiqləyir.
Şəhidlik zirvəsi ən ali zirvədir və bu zirvəni qazanan gənclərimiz bizim qürurumuz, xaqımızın fəxridir və onların xatirəsi əbədi olaraq yaddaşımızda yaşayacaq, ehtiramla yad olunacaq. Gənc olmasına rağmən şəhidlik zirvəsinin fərqində olan, bu zirvənin ali olduğunu qəbul edən, bunun üçün canından, qanından keçən, şəhid olan Mübariz kimi oğulları, gəncləri olan ölkənin, Azərbaycanın gələcəyi barədə nikbin fikirdə olmaqda hər birimizin haqqı var. Öz vətəninin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, xalqımızın haqq işi uğrunda mübarizəsi üçün canından keçməyə hazır olan gənclik, milli ruhda, vətənpərvərlik ruhunda olan Azərbaycan gəncləri öz məsuliyyətini, üzərinə düşən öhdəliyi dərk etdiyi görünür və əminliyimiz artır ki, Azərbaycan gələcəyə doğru inamla addımlayır.