"Atəşgah" Dövlət Tarix-Memarlıq Qoruğunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə Suraxanı rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkil etdiyi tədbir keçirilib. Gənclər gününə həsr olunmuş tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə tər güllər düzülüb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək, gəncləri 2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə təbrik etmiş və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycanda uğurla həyata keçirilən mütərəqqi gənclər siyasətinin gənc nəslin inkişafında, eləcə də onların vətənpərvər ruhda formalaşmasında önəmli rol oynadığını bildirib. Həmçinin, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncinin cəsarətini, hünərini, əzmini bütün dünyaya nümayiş etdirdiyini bir daha vurğulayan Əziz Əzizov bütün Şəhidlərimizə Allahdan rəhmət diləyib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gəncləri təbrik edərək bildirib ki, ən çətin vaxtlarda, 90-cı illərin əvvəllərində gənclərin yada düşmədiyi, ölkədə adi sosial qayğıların baş alıb getdiyi zamanlarda Ulu Öndər Heydər Əliyev gənclərin ölkəmizin gələcəyi olduğunu bilərək, mühüm addımlar atmışdır. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər yetişməkdə olan gənc nəsilə qayğını hər zaman ön plana çəkmişdir. Məqsədi ölkənin gələcəyini etibarlı əllərə əmanət etmək idi və o, öz məqsədinə çatmışdır. Vüqar Seyidov xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir. Yerli təşkilatın sədri onu da qeyd edib ki, bu gün Azərbaycan gəncləri öz inkişaflarının qızıl dövrlərini yaşamaqdadırlar. Son 18 ildə yetişmiş gənclər böyük qayğı və imkanlarla əhatə olunmuşlar. Ölkə Prezidenti, YAP-ın Sədri Cənab İlham Əliyev gənclərə etimad göstərir, gənclər də öz növbəsində Prezidenti dəstəkləyirlər. Qalib xalqın qalib nümayəndələri olan Azərbaycan gəncləri şanlı Zəfərin əldə olunmasında da tarixi rola malikdirlər.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva öz çıxışında bildirib ki, bu gün Azərbaycanda Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində gənclər siyasətinin hüquqi bazası kifayət qədər gücləndirilib. Ötən illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)", “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı" və digər qəbul olunmuş qərarlar və qanunlar, atılmış addımlar gəncliyimizin inkişafını təmin etməkdədir.
Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov öz çıxışında gəncləri təbrik edərək, dövlət gənclər siyasətinin həyata keçirilməsində Suraxanı rayon gənclərinin rolunu xüsusi vurğulayıb. O öz əminliyini bildirib ki, Suraxanı rayon gəncləri bundan sonra da həyata keçirilən tədbir və layihələrdə fəal iştirak edəcəklər.
Suraxanı rayon gəncləri adından çıxış edən YAP Suraxanı rayon təşkilatının fəal gənci Aysel Ələkbərzadə 2 Fevral – Azərbaycan Gənclər Gününü gənclərə bəxş edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında baş əyərək, bildirib ki, bütün Azərbaycan gəncliyi kimi Suraxanı gəncləri də ən layiqli davamçı Cənab Prezident İlham Əliyevin hər addımında, hər qərarında onun yanında olacaqlar.
2021-ci ildə Suraxanı rayonunda həyata keçirilmiş tədbir və layihələrdə fəal iştirak etmiş gənclər 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Suraxanı rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar. Daha sonra tədbir rayon gənclərinin ifasında musiqi nömrələri və rəqslər ilə davam edib.
Zümrüd BAYRAMOVA