Prezident İlham Əliyev: "Şuşa hamımız üçün əziz, doğma şəhərdir"
44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpasına başlanılıb. Yenidənqurma proqramı artıq həyata keçirilir, yeni layihələr reallaşır. İşğaldan azad olunan ərazilərimiz sırasında Qafqazın mirvarisi, Qarabağın döyünən ürəyi olan Şuşada da 28 illik işğal tarixindən sonra böyük quruculuq işlərinə start verilib. Vaxtilə ermənilərin məskən saldığı ərazilər öz sakinlərini ağuşuna alır və böyük "ümidlərlə" yaşayan ermənilərin bütün utopiyaları alt-üst olub. Onsuz da tarix boyu belə olub. Ermənilərin utopiyaları həmişə uğursuzluğa düçar olub.
İşğaldan azad olunan ərazilərimiz sırasında Qafqazın mirvarisi, Qarabağın döyünən ürəyi olan Şuşa 28 illik işğal tarixindən sonra öz sakinlərini qəbul edir. Hətta doğulduğu zamandan bu günə qədər Şuşada olmayan insanlar belə bu əziz torpağa səyahət edir. Fevralın 2-də Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Şuşa hamımız üçün əziz, doğma şəhərdir. Şuşada olmayanlar, əlbəttə ki, mütləq Şuşada olacaqlar. İndi, bilirsiniz, avtobus turları təşkil edilir, hər Azərbaycan vətəndaşı Şuşaya gedə bilər. İndi oraya getmək üçün gözəl imkanlar yaranıb".
"ŞUŞASIZ BİZİM İŞİMİZ NƏİNKİ YARIMÇIQ OLA BİLƏRDİ, NATAMAM OLA BİLƏRDİ"
Ermənilərin özgə torpaqlarına göz tikmək, harınlıqla nəyisə əldə etmək ideyaları alt-üst edildi. Azərbaycanın haqlı mövqeyi, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, uğurlu diplomatiyası və müzəffər ordumuzun gücü ermənilərin kim olduqlarını sübut etdi.
"Şuşanın azad edilməsi, müharibənin ilk günlərindən bizim əsas vəzifələrimizdən biri idi" - deyən Cənab Prezident bildirib ki, çoxsaylı müsahibələrimdə çalışırdım ki, bu sualdan yayınım: "Amma bir neçə dəfə artıq birbaşa sual verildiyi üçün demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olar. Hər halda maksimum nə deyə bilərdim, o idi. Əlbəttə ki, Şuşasız bizim işimiz nəinki yarımçıq ola bilərdi, natamam ola bilərdi. Bizim məqsədimiz bizim mədəniyyət incimizi qaytarmaq idi və Şuşa əməliyyatı elə keçirildi ki, şəhərə ziyan vurulmadı".
Xatırladaq ki, Ermənistan hakimiyyəti Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə tədbirlər planı hazırlamışdır. İrəvan şəhərində "Şuşi" Mədəniyyət Fondu və "Şuşi" nəşriyyat evini yaratmışdılar. Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir, bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsi nəzərdə tutulurdu. Yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası, eyni zamanda bu abidələrin bərpasından sonra içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməsi və s. Hətta O.Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması da plana daxil idi. Yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilirdi. XIX əsrin əvvəllərində inşa edilmiş Şuşa real məktəbi təmir edilərək, onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasını tikmək və s. planlaşdırılırdı. Bütün bunlar ermənlərin yalnız gələcək üçün olan "plan"ları idi. Amma tarixi ədalət bərpa olundu və haqq yerini tutmuş oldu. Cənab Prezidentin vurğuladığı kimi, Şuşa ermənilər üçün yad şəhər idi: "İkinci Qarabağ müharibəsindən sonra Ermənistan rəhbəri də bunu demişdi, mənim sözlərimi təkrarlamışdı. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz? Bütün tarixi abidələri sökmüsünüz? Yaxşı, bu tarixi abidələr Azərbaycan xalqına məxsusdur. Erməni faşist xislətini nəzərə alaraq, bu, bizim üçün sürpriz deyil. Saraylar, məscidlər, erməni vəhşiləri tərəfindən dağıdılıb. Amma bulaqları niyə dağıtmısınız? Yəni, bu, onlar üçün yad şəhərdir".
"ON MİNLƏRLƏ, BƏLKƏ DƏ YÜZ MİNLƏRLƏ AZƏRBAYCANLI HƏYATDAN NARAHAT GEDİB - ŞUŞANI GÖRMƏDƏN, AZADLIĞI GÖRMƏDƏN"
Bu gün artıq Azərbaycan reallıqlarını ortaya qoyub, abadlıq-quruculuq işlərinə başlanılıb. Amma təəssüfedici olsa da bildirək ki, Şuşanın həsrəti ilə neçə-neçə insan dünyadan köçdü. Dövlət başçısı "Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik", -deyə bildirib: "Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər. On minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat gedib - Şuşanı görmədən, azadlığı görmədən."
İşğaldan azad edilən Şuşamızda böyük işlər həyata keçirilir və bu, Şuşa şəhərinin baş planı əsasında reallaşır. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.
Bildiyimiz kimi, Şuşanın təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur və Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd ediləcəkdir. Şuşada tarixi dini-mədəni abidələrimiz bərpa və təmir olunur. Şuşada üç məsciddə təmir-bərpa işləri aparılır. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Şuşada olan 17 bulağın 17-si də qurudulmuşdur. Artıq Natəvan bulağı bərpa edilib, "Xarıbülbül" oteli istifadəyə verilib. Qısa bir zamanda görülən işlər, reallaşan işlər torpağa məhəbbətdən qaynaqlanır. Ermənilər tərəfindən gülləbaran edilmiş Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri artıq öz isti nəfəsli torpağındadır. Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Bülbülün evinin açılışı oldu. Görülən işlərin davamı olaraq yeni yaşayış kompleksinin təməli də qoyulub. Bu kompleks tədbirlər onu göstərir ki, burada işlər sürətlə gedir. Artıq şuşalılar öz doğma şəhərinə gəlib ziyarət edirlər, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Azərbaycanın Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur.
Zümrüd BAYRAMOVA