PDF Oxu

Siyasət

  • 1 162

“Həqiqəti təkcə ermənilər deyil, bəzi dünya gücləri də anlamırlar” - Abutalıb Səmədov

“Həqiqəti təkcə ermənilər deyil, bəzi dünya gücləri də anlamırlar” - Abutalıb Səmədov

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda Ermənistanla bağlanacaq sülh sazişinin bəzi məqamlarını və şərtlərini açıqlayıb. Hikmət Hacıyev bildirib ki, artıq hərbi işğal faktı sona çatıb və Azərbaycan güc tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə dair yanlış nümunəyə son verib. Prezidentin köməkçisi bəyan edib ki, Azərbaycan tərəfdaş və qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərir və regionun parçalanmadan inteqrasiyaya, qarşılıqlı faydalı əlaqələrə əsaslanan regional əməkdaşlığa yönəlməsinə çalışır”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Prezidentin köməkçisinin “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır”- bəyanatı mövcud reallıqları əks etdirir və erməni tərəfinin bu şərtləri qəbul etməsi tamamilə mümkündür: “Ancaq bu prinsiplərin qəbulu Azərbaycan üçün mövcud olan təhlükələri azaltmır və ermənilərin öz məkrli niyyətlərindən əl çəkəcəyinə təminat vermir. Çünki, Ermənistan sülh sazişini Qarabağın statusu ilə əlaqələndirir və yalnız bu halda danışıqlarda iştirak edəcəyini və müqaviləyə qol çəkəcəyini bəyan edir. Baş nazir Paşinyanın dəfələrlə səsləndirdiyi növbəti erməni şərti sülh danışıqlarının ATƏT-in Mİnsk Qrupunun vasitəçiliyi ilə aparılması tələbidir. Bu şərt Azərbaycan üçün qətiyyən məqbul deyil və Azərbaycan Prezidenti 12 yanvar 2022-ci il tarixdə, yerli telekanallara verdiyi müsahibədə qəti şəkildə bəyan etmişdi ki, Minsk Qrupunun həmsədrləri “Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub”. Çox təəssüf ki, bu həqiqəti təkcə ermənilər deyil, həm də bəzi dünya gücləri də hələ də anlamaq və qəbul etmək istəmirlər”.

A.Səmədov onu da bildirib ki, bir tərəfdən ermənilər sülh sazişi üzrə danışıqları Qarabağın statusu ilə əlaqələndirir, digər tərəfdən Azərbaycanın israrı ilə Minsk Qrupuna həmsədr təyin olunan ABŞ onlarla eyni mövqedən çıxış edir: “Bu baxımdan ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin bu günlərdə Baş nazirin müavini A.Matevosyanla görüşdə bir daha “Qarabağın statusu məsələsi həll olunmayıb” bəyanatını verməsi təəssüf və etiraz doğurur. Ötən ilin son günlərində prezident Baydenin imzaladığı “Milli müdafiə haqqında” Qanunda Azərbaycana çoxsaylı böhtanlar atıldığını da nəzərə alsaq ABŞ-ın vacib tərəfdaş kimi çıxış etməsi hələlik real görünmür. Çox təəssüf ki, Azərbaycan Cənubi Qafqaz regionunun inşası üçün öz rolunu oynamağa hazır olsa da, nə Ermənistan, nə də onun əsas havadarına çevrilmiş ABŞ buna hazır deyil. Etiraf etməliyik ki, Azərbaycan Güney Qafqazda sülh və əmin-amanlıq yaradılmasında Birləşmiş Ştatları özünün ən yaxın müttəfiqi kimi görməkdə nə qədər maraqlı olsa da, dünyanın super gücü hələ bu missiyadan xeyli uzaq durmaqda davam edir və Ermənistan maraqlarına xidmət etməyi özünün əsas vəzifəsi sayır. Nə qədər qəribə olsa da hələlik Rusiyanın digər güclərə qısqanc yanaşması və ilk növbədə, ABŞ-ı regiona buraxmamaq israrı həm də Azərbaycanın maraqlarına cavab verir. Məhz Ermənistanın və havadarlarının tutduğu qeyri-konstuktiv yanaşma hələlik Azərbaycanın Güney Qafqazı sülh, əməkdaşlıq bölgəsinə çevirmək planlarını reallaşdırmağa mane olur. Lakin bu qətiyyən o demək deyil ki, Azərbaycana məxsus olan, 100 il əvvəl Rusiya və Ermənistanın əngəllədiyi “Qafqaz evi” ideyası bu dəfə də eyni taleyi yaşayacaq. Şübhə yoxdur ki, qurucu babaların böyük ideyasını reallaşdırmaq üçün Prezident İlham Əliyev əlindən gələni edəcək və bu mübarizədə hamımız onun yanında olmalıyıq”.

Digər xəbərlər